PDF Oxu

Siyasət

  • 746

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ yaradır

image

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, qarşıdakı illərdə bu sahənin inkişafı dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olacaq. Dövlət Proqramının təsdiqlənməsi Azərbaycanın zəngin mineral-xammal ehtiyatlarından daha səmərəli istifadə olunması, yeni istehsal sahələrinin yaradılması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkənin iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan verəcək.Mövcud mineral-xammal bazasının iqtisadi dövriyyəyə cəlb edilməsi, yeni yataqların işlənməsi və hasil olunan filizin ölkə daxilində emal olunaraq yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi əsas hədəflər sırasındadır.

Uzun illər Azərbaycanın mineral resurslarından tam istifadə edilməsinə Ermənistanın işğalçılıq siyasəti ciddi maneələr yaradıb. İşğal altında olan ərazilərdəki bir sıra təbii sərvətlərdən qanunsuz istifadə edilməsi də ölkəmizin mineral-xammal potensialına zərər vurub. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra isə bu sahədə yeni imkanlar yaranıb. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi və mövcud yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi qarşıdakı dövrün mühüm istiqamətlərindəndir.

Cənab Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən Dövlət Proqramı bu sahədə görüləcək işlərin əsas istiqamətlərini müəyyənləşdirir. Sənəddə 2030-cu ilədək dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsi, mineral-xammal bazasının genişləndirilməsi, geoloji kəşfiyyatın gücləndirilməsi və mövcud yataqlardan səmərəli istifadənin təmin edilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.Proqramın mühüm istiqamətlərindən biri filizin hasilatından son məhsula qədər inteqrasiya olunmuş istehsal və emal zəncirinin yaradılmasıdır. “Dəmirli”, “Söyüdlü”, “Filizçay”, “Daşkəsən” və digər yataqların imkanlarından daha geniş istifadə olunması, dəmir, mis, qızıl, sink, qurğuşun və digər faydalı qazıntıların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, metallurgiya, o cümlədən alüminium sənayesində istehsal güclərinin artırılması planlaşdırılır.

Dövlət Proqramının həyata keçirilməsi yeni investisiyaların cəlb olunmasına, müasir istehsal müəssisələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Yeni layihələr regionlarda məşğulluğun artırılmasına, infrastrukturun inkişafına və yerli sahibkarlığın fəallaşmasına da müsbət təsir göstərə bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması baxımından bu layihələr mühüm əhəmiyyət daşıyır.

Dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, ekoloji tələblərin qorunması da əsas şərtlərdən biridir. Yeni müəssisələrdə müasir texnologiyaların tətbiqi, təbiətin qorunması və ətraf mühitə təsirin minimuma endirilməsi dayanıqlı inkişafın mühüm tərkib hissəsidir.

Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsinin əsasını qoyur. Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi ölkənin zəngin təbii ehtiyatlarının daha səmərəli istifadəsinə, yüksək əlavə dəyər yaradan məhsulların istehsalına, ixrac potensialının artırılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə xidmət edəcək. Bu istiqamətdə atılan addımlar Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər