Tarixi Zəfərə yol açan 44 günlük Vətən müharibəsinin başlanmasından artıq 6 il ötür. 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin edən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.
Azərbaycan dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə Vətən müharibəsi başladı. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixində mühüm hadisələrdən biri oldu. Azərbaycan əsgər və zabitləri böyük igidlik, cəsarət və dözüm nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardılar. Müharibə zamanı minlərlə hərbi qulluqçumuz Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirdi.
Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin və birlik ruhunun parlaq nümunəsi oldu. Müharibə günlərində xalqımız Azərbaycan Ordusunun ətrafında sıx birləşərək əsgər və zabitlərimizə mənəvi dəstək göstərdi. Xalq–Ordu birliyi qələbənin əldə olunmasında mühüm amillərdən biri kimi tarixə düşdü.
Döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük şücaət və fədakarlıq göstərdilər. Əsgər və zabitlərimiz Vətənin müdafiəsi, dövlətimizin ərazi bütövlüyünün təmin olunması naminə öz həyatlarını təhlükəyə ataraq qarşıya qoyulan döyüş tapşırıqlarını şərəflə yerinə yetirdilər. Bu mübarizədə həyatını itirən hər bir hərbi qulluqçunun xatirəsi Azərbaycan xalqı üçün əziz və müqəddəsdir.
Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan tarixinin şərəfli səhifələrindən birini təşkil edir. Onların Vətən qarşısındakı fədakarlığı gələcək nəsillər üçün mühüm vətənpərvərlik nümunəsidir. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.Anım Günü, eyni zamanda, Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizin göstərdiyi şücaəti ehtiramla xatırlamaq üçün mühüm tarixdir. Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə göstərdiyi hərtərəfli diqqət və qayğı onların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
27 Sentyabr – Anım Günü ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Şəhidlərin xatirəsi yad edilir, onların keçdiyi döyüş yolu haqqında məlumat verilir, şəhid ailələri ziyarət olunur. Bu tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlılığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq. Bu gün ölkəmizin təhlükəsizliyinin və dövlət müstəqilliyinin qorunmasında Azərbaycan Ordusunun üzərinə düşən vəzifələr böyük məsuliyyət tələb edir. Ordumuzun şəxsi heyətinin Vətənə sədaqəti və peşəkarlığı dövlətimizin müdafiə qüdrətinin əsas dayaqlarındandır.
27 Sentyabr – Anım Günü bizə şəhidlərimizin müqəddəs xatirəsini qorumağı, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmağı və Vətənə layiqli vətəndaş olmağın vacibliyini xatırladır.Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün də hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rahim Muradov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı