PDF Oxu

Siyasət

  • 606

27 Sentyabr – Milli qürur və ehtiram günü

image

27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixlərdən biridir. Bu gün xalqımızın milli iradəsini, Vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən tarixi hadisələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsi dərin ehtiramla yad olunur.

Azərbaycanın ərazi bütövlüyünün pozulması Ermənistanın uzun illər həyata keçirdiyi işğal siyasətinin nəticəsi idi. Bu siyasətin ideoloji istiqamətlərindən birini ifrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti təşkil edirdi. İşğal nəticəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bir hissəsi nəzarətdən çıxarılmış, yaşayış məntəqələri dağıdılmış, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmışdı

Azərbaycan dövləti uzun illər ərzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh və danışıqlar yolu ilə həllinə çalışdı. Ölkəmiz daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və problemin siyasi-diplomatik yollarla həlli üçün ardıcıl səylər göstərdi. Lakin danışıqlar prosesinin nəticəsiz qalması və işğalın davam etməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasını zəruri etdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və mövqelərini atəşə tutması ilə başlayan Vətən müharibəsi xalqımızın tarixində yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıq və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, eləcə də çoxsaylı kənd və yaşayış məntəqələri azad olunaraq həmin torpaqlarda Azərbaycan bayrağı yenidən ucaldıldı. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici hadisələrindən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciəti Qələbənin mühüm məqamlarından biri kimi tarixə düşdü.

Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin mühüm səhifələrindən birinə çevrildi. Bu Zəfərin əldə olunmasında Azərbaycan Ordusunun hərbi qulluqçularının misilsiz qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti xüsusi yer tutur. Şəhidlərimiz Vətən naminə ən uca fədakarlıq nümunəsi göstərərək öz həyatlarını qurban verdilər. Qazilərimiz isə döyüş meydanlarında göstərdikləri igidliklə xalqımızın qürur mənbəyinə çevrildilər.

Vətən müharibəsində əldə olunan Qələbə dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da Vətən müharibəsində göstərilən qəhrəmanlığın və xidmətlərin dövlət səviyyəsində təltiflərlə əbədiləşdirilməsi məqsədilə yeni orden və medallar təsis edildi. “Zəfər” ordeni, “Qarabağ” ordeni, “Vətən Müharibəsi Qəhrəmanı” adı və medalı, həmçinin digər orden və medallar Vətən müharibəsinin iştirakçılarına göstərilən ehtiramın ifadəsinə çevrildi.

İşğaldan azad olunmuş ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu quruculuq prosesi Azərbaycanın əldə etdiyi tarixi Zəfərin davamı kimi ölkənin qarşısında yeni inkişaf perspektivləri açır.

27 Sentyabr - Anım Günü bütün bu tarixi hadisələrin fonunda şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir. Bu tarix bizə Vətənin ərazi bütövlüyünün və dövlət suverenliyinin hansı böyük fədakarlıqlar hesabına təmin edildiyini xatırladır. Şəhidlərimizin qəhrəmanlığı xalqımızın milli yaddaşında əbədi yaşayacaq, onların adı gələcək nəsillər üçün Vətənə sədaqət və vətənpərvərlik nümunəsi olaraq qalacaq.

Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Şəhidlərimizin bizə əmanət etdiyi Vətəni qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək və onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər