Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”elan olunması ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Düyərli kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, icra hakimiyyətinin, 42 № -li Yol İstismarı MMC-nin, Tərtər Su Meliorasiya sistemlərinin istismarı idarəsinin əməkdaşları, Vətən Müharibəsi qaziləri, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri və Yeni Azərbaycan Partiyasının könüllülüləri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə 150 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyada çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin böyük tarixi və sosial-iqtisadi əhəmiyyət kəsb etdiyini vurğulayıb. İcra başçısı 27 Sentyabr – Anım Günü ərəfəsində keçirilən bu tədbirin xüsusi mənəvi dəyər daşıdığını bildirərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin, ekoloji tarazlığın bərpası və şəhidlərimizin xatirəsinə yaşıllıq zolaqlarının genişləndirilməsinin bu təşəbbüsün əsas tərkib hissəsi olduğunu diqqətə çatdırıb. İcra başçısı ətraf mühitin mühafizəsinə xidmət edən bu cür ağacəkmə aksiyalarının Tərtər rayonunda bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyini vurğulayıb.