PDF Oxu

Siyasət

  • 439

Dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi - ŞƏRH

image

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı tədbirdə geniş çıxış edərək bu strateji sahənin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini, mövcud vəziyyəti və gələcək perspektivləri ətraflı şəkildə izah edib.

Prezident İlham Əliyev çıxışının əvvəlində qeyd etdi ki, bu Dövlət Proqramının hazırlanması üçün aprelin əvvəlində müvafiq Sərəncam imzalanmış və bu müddət ərzində hazırlıq işləri aparılmışdır. Dövlət başçısı bu sahənin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini belə vurğuladı:

"Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur."

Prezident xüsusilə qeyd etdi ki, təbii resursların işlənməsi və onlardan səmərəli istifadə olunması, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcəkdir. Proqram 2027-2030-cu illəri əhatə edir və cəmi 4 il ərzində tam icra edilməlidir.

Dövlət başçısı çıxışında Ermənistanın işğalçılıq siyasətinin təbii resurslarımıza vurduğu zərəri də ətraflı şəkildə açıqladı:

"Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi."

Prezident xüsusilə vurğuladı ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib və satılıb:

"Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb... O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi."

Prezident İlham Əliyev bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması əsas vəzifələrdəndir:

"Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək."

Dövlət başçısı həmçinin Naxçıvan Muxtar Respublikasının da perspektivli bölgə olduğunu qeyd etdi:

"Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Orada da sovet dövründə və son illərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir."

Prezident çıxışında Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağına xüsusi diqqət yetirdi:

"Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağıdır. Bu yataq çox perspektivlidir və artıq bir neçə ildir ki, "AzerGold" şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür."

Dövlət başçısı Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalandığını da xatırladaraq bildirdi ki, bu parkın əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır.

Prezident İlham Əliyev ekologiya məsələsinə xüsusi toxunaraq bildirdi:

"Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik."

Dövlət başçısı metallurgiya sənayesinin inkişafına da toxunaraq alüminium istehsalının 100 min tona çatdırılmasının nəzərdə tutulduğunu bildirdi:

"Hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır."

Prezident çıxışında ölkə iqtisadiyyatının ümumi mənzərəsini də təhlil etdi və qeyri-neft sektorunun inkişafını xüsusilə vurğuladı:

"Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur."

Proqramın yekun nəticələri barədə danışan Prezident bildirdi:

"Yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. Gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır."

Prezident qeyd etdi ki, bu sahə özəl sektor üçün də açıqdır və yerli və xarici investorlara qapılar açıqdır:

"Bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür."

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun inkişafında yeni mərhələnin əsasını qoyur. Proqram ölkə iqtisadiyyatını gücləndirəcək, regionlarda məşğulluğu artıracaq, ixrac potensialını genişləndirəcək və işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına töhfə verəcəkdir. Dövlət başçısının uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadiyyatı davamlı inkişaf yolunda əmin addımlarla irəliləyir və yeni sənaye istiqamətləri ilə zənginləşir.

Güləhməd İmanov

Filologiya üzrə elmlər doktoru, BDU-nun baş müəllimi

Digər xəbərlər