PDF Oxu

Siyasət

  • 1 602

Tarixi Zəfərimiz milli qürurumuz və kimliyimizin ən parlaq təcəssümüdür

image

“44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gündə yazdığı tarix bu günün və sabahın güclü, qüdrətli Azərbaycanı üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Müharibənin birinci günü Prezident İlham Əliyev xalqa müraciət etdi, Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısının bu çağırışı hər bir azərbaycanlıda Qələbəyə böyük inam yaratdı. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” gücümüzün, eyni zamanda, birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa etdiyi müraciətlər, Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlar barədə verdiyi müjdə xəbərləri həm xalqın döyüş ruhunun yüksəldilməsində, həm də informasiya cəbhəsində həlledici rol oynadı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və nəhayət 8 noyabrda Şuşanın azad olunması müjdəsi bu xronologiyanın zirvə nöqtəsi idi”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi. Ağır məğlubiyyət Ermənistanı kapitulyasiyaya imza atmağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi”.
Malik Həsənov vurğulayıb ki, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü qorudu: “Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında tarixi Zəfərimizdən bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki, Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.
Cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı müddətdə xarici mediaya verdiyi çoxsaylı müsahibələr Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də informasiya müharibəsindəki tam qələbəmizin əsasını qoydu. İllərlə dünya mediasında formalaşmış birtərəfli və qərəzli rəylər dövlətimizin başçısının faktlara əsaslanan çıxışları sayəsində alt-üst edildi. Cənab İlham Əliyev bütün müsahibələrində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək Azərbaycanın öz torpaqlarında ədalətli döyüş apardığını dünyaya sübut etdi. Dünya ictimaiyyəti müharibənin reallıqları ilə məlumatlandırıldı. İnformasiya savaşının əsas konturlarını təşkil edən həmin müsahibələr ölkə mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Azərbaycan mediası 44 günlük İkinci Qarabağ müharibəsinin gedişini peşəkarcasına işıqlandıraraq cəbhə xəbərlərini xalqımıza və dünya ictimaiyyətinə operativ çatdırdı”.
Millət vəkili bildirib ki, şəhidlərimizin qisasını döyüş meydanında aldıq: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilmişdir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak etmişdilər. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə, Vətən oğullarımızın göstərdikləri qəhrəmanlığın, şücaətin indiki və gələcək nəsillərə çatdırılmasına xidmət edən addımlar davamlılığı ilə diqqətdədir”.
Malik Həsənov qeyd edib ki, Azərbaycan zəfərdən-zəfərə inamla addımlayır: “Azad Qarabağımız və azad Şərqi Zəngəzuruuz cənnət məkana çevrilir. Bərpa-quruculuq işləri soydaşlarımızın bu torpaqlara mərhələ-mərhələ qayıdışı ilə müşaiyət olunur. Hazırda 47 yaşayış məntəqəsinə-10 şəhərə, 3 qəsəbəyə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərimizdə 93 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı dövrə- cari ilin sonunadək 140 min keçmiş məcburi köçkünün bu torpaqlara qayıdışını təmin etməkdir”.

Digər xəbərlər