PDF Oxu

Siyasət

  • 845

Tariximizin yaddaşında əbədi izlər - ŞƏRH

image

27 Sentyabr Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. Bu tarix xalqımızın yaddaşında böyük qürur, dərin ehtiram və sonsuz minnətdarlıq hissələri ilə yaşayır. Prezident cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixində imzaladığı Sərəncamla 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunmağa başlayıb. Anım Gününün məhz 27 sentyabrda qeyd edilməsi təsadüfi deyil. Çünki 27 sentyabr Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi günün başlanğıcı idi. Həmin gün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq düşmənə qarşı mübarizəyə qalxdı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz döyüş meydanında mühüm uğurlar əldə etdi. Lakin bu mübarizə yalnız döyüş meydanı ilə məhdudlaşmırdı.

Həmin günlərdə Azərbaycanın hərbi uğurlarından narahat olan müxtəlif xarici siyasi qüvvələr ölkəmizə təzyiq göstərməyə çalışırdı. Prezident İlham Əliyev isə bu təzyiqlər qarşısında Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edir, ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırırdı. 44 gün davam edən müharibə dövründə cənab Prezident 11 ölkənin 26 media qurumuna müsahibə verdi. Bu müsahibələr Azərbaycanın mövqeyinin, müharibə ilə bağlı reallıqların və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Prezidentin hər bir müsahibədə faktlara əsaslanan, aydın və prinsipial mövqeyi dünya gündəminə düşürdü.

Düşmən isə döyüş meydanında və siyasi müstəvidə uğursuzluğa düçar olduqca mülki əhalini hədəfə almağa başladı. Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində çoxsaylı dinc sakin həyatını itirdi. Lakin bu hücumlar Azərbaycan xalqının iradəsini sarsıda bilmədi. Əksinə, xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdi və bütün ölkə bir yumruq kimi həmrəy oldu.

Bu gün Azərbaycanda şəhidlərə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və birbaşa cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların şərəfli həyat yolunu və qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs mənəvi borcudur. AMEA-nın Gəncə Bölməsi akademik Fuad Əliyevin rəhbərliyi ilə ölkə prezidentinin həyata keçirdiyi dövlət siyasətinə sədaqətini hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirib. Bu müqəddəs missiyaya dəyərli töhfə olaraq akademik Fuad Əliyevin rəhbərliyi ilə ərsəyə gətirilən “Ata vəsiyyəti” və “Gəncə şəhidləri” kitabları tariximizin, xalqımızın qəhrəmanlıq salnaməsinin və şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına xidmət edir. Bu mühüm nəşrlər AMEA-nın Gəncə Bölməsinin cənab Prezidentin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onların irsinin gələcək nəsillərə çatdırılması siyasətinə bağlılığının əyani göstəricisidir. Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsini daim uca tutsun.

Vüsal Eminbəyli
AMEA-nın Gəncə Bölməsinin əməkdaşı,
YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər