YAP Gədəbəy rayon təşkilatının Gədəbəy Peşə Liseyi, Gədəbəy Mədəniyyət Mərkəzi, Arıqdam kənd, Kiçik Qaramurad kənd, Çobankənd kənd və Çanaqçı kənd ərazi partiya təşkilatlarında “ 27 sentyabr – Anım günü” ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə vətənimizin azadlığı uğrunda öz canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra tədbir Gədəbəy rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş “ Şəhidlər unudulmayacaq” rəsm sərgisi ilə tanış oldular.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev öz çıxışında qeyd etdi ki, “Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması üçün Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
İllər ötüb , əsrlər keçsə də hər bir azərbaycanlı bu tarixi günü qürur hissi ilə anacaq, onların əziz xatirələri daima qəlblərdə yaşayacaqdır! ”
Sonda tədbir Gədəbəy rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş “27 sentyabr -Anım günü”nə həsr olunmuş film nümayişi ilə başa çatdırıldı.