PDF Oxu

Siyasət

  • 712

Qiymətli metallar, duz yataqları, sonsuz günəş enerjisi: Naxçıvan öz sözünü deyir!

image

Naxçıvan Muxtar Respublikası strateji coğrafi mövqeyi ilə yanaşı, həm də zəngin təbii sərvətləri, filiz və qeyri-filiz yataqları, mineral suları və böyük bərpaolunan enerji potensialı ilə Azərbaycanın ən mühüm iqtisadi rayonlarından biridir.

Naxçıvanın təbii resursları və yaşıl enerji potensialı, sadəcə bir bölgənin deyil, bütöv bir ölkənin strateji gələcəyini müəyyən edən amillərdir. Torpağın bətnində uyuyan qiymətli metallar və duz yataqları, eyni zamanda sonsuz günəş enerjisi ilə birləşərək Naxçıvanı müasir iqtisadiyyatın mərkəzinə çevirir.

Bölgənin faydalı qazıntı potensialı olduqca zəngindir. Xüsusilə, gümüş, mis və qurğuşun yataqları sənaye üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Şahtaxtı travertini və Naxçıvanın məşhur duz ehtiyatları dünya miqyasında öz sözünü deyib. Mineral sular isə həm müalicəvi, həm də kommersiya baxımından bölgənin təbii sərvət tacıdır.

Torpağının altı da, üstü də xəzinədir

Naxçıvan ərazisi əlvan və qiymətli metallar, eləcə də tikinti materialları yataqları ilə zəngindir. Bölgədə iri həcmli gümüş, mis, qurğuşun və sink ehtiyatları mövcuddur. Xüsusilə Gümüşlü və Paradaş yataqları mühüm sənaye əhəmiyyətinə malikdir.

Pəzməri və Piyazbaşı yataqları muxtar respublikanın qiymətli metal potensialını formalaşdıran əsas mənbələrdəndir. Şahtaxtı travertini (mərmərləşmiş əhəngdaşı) özünəməxsus naxışları və keyfiyyəti ilə nəinki Azərbaycanda, ölkə xaricində də məşhurdur.

Naxçıvanın dillər əzbəri olan və əsrlər boyu istismar olunan Duzdağ yatağı həm sənaye, həm də müalicəvi (speleoterapiya) baxımından strateji aktivdir. Tərkibindəki zəngin minerallara görə Naxçıvan duzu əl-əl axtarılır. Duzdağ Müalicə Mərkəzi (Fizioterapiya Mərkəzi) bronxial astma və digər yuxarı tənəffüs yolları xəstəliklərinin təbii üsullarla müalicəsi üzrə dünyada tanınmış unikal bir şəfa ocağıdır. Bu şəfa ocağına dünyanın müxtəlif ölkələrindən hər il yüzlərlə insan gəlir və şəfa taparaq öz evinə qayıdır.

Muxtar respublika ərazisində 200-dən çox mineral su bulağı çıxır. Bunların arasında Badamlı, Sırab, Vayxır və Darıdağ (termal və müalicəvi) xüsusi yer tutur.

İlin 2600-2800 saat günəşli vaxtı bu torpağın nəsibidir

Naxçıvan Azərbaycanın günəş radiasiyasının intensivliyinə görə ən öndə gedən bölgəsidir. İldə orta hesabla 2600-2800 saat günəşli vaxtın olması burada günəş elektrik stansiyalarının (GES) qurulması üçün ideal təbii şərait yaradır.

Muxtar respublikada həyata keçirilən enerji keçidi strategiyasına əsasən Babək, Culfa və Kəngərli rayonlarında böyük gücə malik günəş elektrik stansiyalarının tikintisi layihələndirilib və genişləndirilir. Araz çayı üzərindəki hidroqovşaqlar və Ordubad SES regional elektrik təchizatında mühüm rol oynayır. Naxçıvanın yaşıl enerji istehsalçısına çevrilərək istehsal olunan elektrik enerjisinin Türkiyə vasitəsilə Avropa bazarlarına ixrac edilməsi nəzərdə tutulur.

Enerji sektorunda yaşanan canlanma, xüsusilə günəş enerjisi sahəsində reallaşdırılan layihələr, Naxçıvanı birbaşa yaşıl enerji mərkəzinə çevirir. Dövlət rəhbərinin qeyd etdiyi kimi, bu nəhəng potensial həm regionun enerji təhlükəsizliyini təmin edir, həm də gələcəkdə böyük həcmdə elektrik enerjisinin ixrac olunmasına şərait yaradır.

Orta dəhlizin əsas mərkəzi-Naxçıvan

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu sahənin mövcud vəziyyətinə, qarşıda duran vəzifələrə və inkişaf perspektivlərinə geniş nəzər saldı. Dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından böyük perspektivə malik olduğu diqqətə çatdırıldı. Naxçıvanda torpağın altındakı xəzinələr, bol günəşin olması qeyri-neft sektorunun inkişafına öz töhfsini verə bilər.

Dövlət başçısı Naxçıvana ötən ay səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə muxtar respublikanın bərpaolunan enerji potensialı və onun gələcək perspektivləri barədə strateji baxışını ifadə edərək demişdir: "Naxçıvanın böyük yaşıl enerji potensialı var – həm günəş, həm külək, həm də su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Naxçıvanda ən azı 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisi planlaşdırılır və bu enerjinin böyük hissəsi Türkiyəyə ixrac ediləcəkdir".

Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması Naxçıvanı regionun əsas iqtisadi zonalarından birinə-coğrafi mövqeyi və reallaşdırılan nəqliyyat-logistika layihələri sayəsində Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən mühüm kəsişmə nöqtəsinə və körpüyə çevirəcək. Naxçıvan üzərindən İrana, Türkiyəyə (Qars vasitəsilə) və Avropaya, eləcə də Mərkəzi Asiyaya yönələn yük axınları üçün səmərəli logistik zəncirlər yaradılır. Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrutlardan biri olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi Orta Dəhlizin imkanlarını daha da artırır.

Beləliklə, Orta dəhlizdə əsas mərkəz Naxçıvan hesab oluna bilər.

Mətanət Məmmədova

Digər xəbərlər