Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Bu tədbir ölkəmizin qeyri-neft sektorunun inkişafı istiqamətində atılan növbəti mühüm addım kimi dəyərləndirilə bilər. Proqramın hazırlanması təsadüfi deyil – Prezident İlham Əliyev bu istiqamətdə hələ aprel ayının əvvəlində müvafiq Sərəncam imzalamış və bir neçə ay ərzində müvafiq qurumlar sənədin hazırlanması üzərində sistemli iş aparmışlar.
Dövlətimizin başçısı müşavirədəki çıxışında vurğulayıb ki, dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyan, olduqca perspektivli bir sahədir. Doğrudur, bu sahə maliyyətutumludur, lakin eyni zamanda ölkəmizdə tamamilə yeni, müasir sənaye istiqamətinin formalaşmasına şərait yaradacaq. Proqram çərçivəsində beş mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur ki, bu da həm məşğulluğun artırılması, həm də ixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm nəticə olacaq.
Prezident İlham Əliyev çıxışında bu Proqramı son illərdə qəbul edilmiş digər dövlət proqramları ilə – kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı sahələrində qəbul olunmuş sənədlərlə – müqayisə edərək bildirib ki, bütün bu proqramlar konkret, qısamüddətli xarakter daşıyır və icra, maliyyə təminatı, nəzarət mexanizmləri əvvəlcədən tam hazırlanır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da bu prinsip əsasında qurulub və cəmi dörd il – 2027–2030-cu illər ərzində tam icra olunmalıdır.
Proqramın təqdimatını edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənədin əsas fəlsəfəsi sadədir: məqsəd sadəcə daha çox xammal hasil etmək deyil, həmin xammalı ölkə daxilində daha çox emal etmək və bununla da daha yüksək əlavə dəyər yaratmaqdır. Bu yanaşma Proqramın bütün istiqamətlərində – kəşfiyyatdan tutmuş son məhsulun istehsalına qədər – özünü göstərir.
Rəqəmlər Proqramın miqyasını aydın göstərir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu hədəflərə nail olmaq üçün 2027–2030-cu illər ərzində ümumilikdə 5,3 milyard manat həcmində investisiya tələb olunur. Maraqlıdır ki, bu vəsaitin yalnız 1,1 milyard manatı birbaşa dövlət büdcəsindən ayrılacaq, 2,2 milyard manatı dövlət müəssisələrinin, o cümlədən kredit vəsaitlərinin, 2 milyard manatı isə özəl sektorun, yenə də borc kapitalı daxil olmaqla, hesabına formalaşacaq. Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb olunacaq ki, bu da dövlət büdcəsi üzərindəki yükü xeyli azaldır və eyni zamanda özəl sektorun bu sahəyə inamının artdığını göstərir.
Proqramın əsas istiqamətləri dəmir filizi, alüminium, mis və qızıl olaraq müəyyənləşdirilib. Bununla yanaşı, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi də nəzərdə tutulur, belə ki, aparılan ilkin geoloji araşdırmalar göstərir ki, bu siyahı gələcəkdə daha da genişlənə bilər. Proqramda həm dövlətin tənzimləyici və dəstəkləyici rolu, həm də dövlət müəssisələri və özəl sektorun investisiya imkanlarından səmərəli istifadə əsas prinsip kimi qəbul edilib.
Xüsusi diqqət institusional islahatlara yönəlib. "Yerin təki haqqında" yeni qanun layihəsinin hazırlanması, beynəlxalq hesabatlılıq standartlarının tətbiqi və vahid elektron geoloji informasiya bazasının yaradılması nəzərdə tutulur. Bu addımlar sahəni daha şəffaf və investorlar üçün cəlbedici edəcək. Eyni zamanda uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi, o cümlədən 10 il və daha uzun müddətə kredit imkanlarının yaradılması təklif olunub, çünki bu sahədə layihələr adətən qərar qəbulundan istehsala qədər beş il və daha çox vaxt tələb edir.
Prezident İlham Əliyev vurğulayıb ki, gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan çox olmalıdır və bu, milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir. Proqram təkcə 2030-cu ilədək olan dövrü deyil, sonrakı mərhələ üçün də böyük inkişaf imkanlarını nəzərdə tutur – "Filizçay" yatağının tam potensialının dəyərləndirilməsi, yeni alüminium müəssisəsinin yaradılması imkanının araşdırılması və Qarabağ-Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi bunun sübutudur.
Nəticə etibarilə, bu Dövlət Proqramı Azərbaycanın mineral resurslardan daha səmərəli istifadə etməsinə, qeyri-neft ixracının şaxələndirilməsinə və regionların, xüsusilə işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək strateji sənəd kimi qiymətləndirilə bilər.
Əziz Zeynalov,
Nəsimi rayonu Nəsimi bələdiyyəsinin sədri