PDF Oxu

Siyasət

  • 329

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı

image

Azərbaycan xammal potensialından daha çox iqtisadi fayda əldə etməklə yanaşı, sənaye istehsalında yeni imkanlar formalaşdırmaq niyyətindədir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 22 sentyabr 2026-cı il tarixində “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin iqtisadi inkişaf gündəliyində mühüm hadisələrdən biri kimi diqqət çəkir.

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramının təqdim edilməsi də məhz bu strateji yanaşmanın növbəti mühüm addımlarından biridir. Cənab Prezident çıxışında dağ-mədən və metallurgiya sənayesini “ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə” kimi xarakterizə edib.

Yeni Dövlət Proqramı Azərbaycanın zəngin mineral resurslarından daha səmərəli istifadəni, xammalın emalını genişləndirməyi və daha yüksək əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılmasını qarşıya məqsəd qoyur. Bu yanaşma yalnız ayrı-ayrı müəssisələrin inkişafı deyil, bütövlükdə yeni sənaye dəyər zəncirinin yaradılması baxımından əhəmiyyətlidir. Proqram çərçivəsində 2027–2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat investisiyanın yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəflənir.

Dövlət Proqramının icrası regionların sosial-iqtisadi inkişafı, investisiyaların cəlb edilməsi və yeni məşğulluq imkanlarının yaranması baxımından da mühüm nəticələr vəd edir. Cənab Prezidentin müşavirədə vurğuladığı kimi, bu proqram digər dövlət proqramları ilə birlikdə ölkə iqtisadiyyatının gücləndirilməsinə və regionların inkişafına xidmət etməlidir.

Azərbaycanın inkişaf siyasətində Dövlət Proqramları mühüm idarəetmə mexanizmlərindən biridir. Son illərdə müxtəlif sahələr üzrə qəbul edilmiş proqramlar konkret müddətlər və icra mexanizmləri ilə müəyyənləşdirilir.

Beləliklə, dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının dəstəklənməsi və yeni məşğulluq imkanlarının yaradılması ilə əlaqəli kompleks istiqamət kimi qarşıya çıxır.

Elməddin Abbasov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər