Azərbaycan sülh ölkəsidir. Sülhə, birgəyaşayışa və mehriban qonşuluq dəyərlərinə sadiqlik xalqımızın həyat tərzidir. Bu humanizm prinsipləri tarix boyu milli düşüncəmizin və dövlətçilik ənənələrimizin əsasını təşkil edib. Lakin bu sülhsevər mövqeyə baxmayaraq ermənilər tarixi torpaqlarımızda dövlət qurduqdan sonra Azərbaycanın suveren ərazilərinə qarşı işğal siyasəti həyata keçirdi. Xalqımız qətllərə, qəsdlərə, istilalara və ağır faciələrə məruz qaldı. Bütün bu vəhşiliklər qarşısında Azərbaycan uzun illər problemin sülh yolu ilə həllinə çalışdı. Lakin qarşı tərəfin qeyri-konstruktiv mövqeyi, danışıqları nəticəsiz qoyması və cəbhə boyunca yeni hərbi eskalasiyalara yol verməsi bölgədə müharibəni qaçılmaz etdi.
27 sentyabr 2020-ci il Azərbaycan tarixində müqəddəs tarix kimi yadda qaldı. Həmin gün Azərbaycan əsgəri Vətən qarşısında dayanan məsuliyyətini silahı ilə ifadə etdi. Əks-həmlə ilə başlayan Vətən müharibəsi xalqın iradəsini, dövlətin gücünü və ordunun döyüş ruhunu vahid məqsəd ətrafında birləşdirdi. Qırx dörd gün davam edən savaş Azərbaycan xalqının öz torpağına bağlılığını, azadlıq iradəsini və Vətən uğrunda mübarizə əzmini bütün dünyaya göstərdi. Keçilməz hesab edilən sədlər dağıldı, işğal altındakı torpaqlarımız azad edildi. İllərlə həsrət çəkən yurd yerlərimiz yenidən Vətən nəfəsinə qovuşdu. Zaman sürətlə keçir, tarix yeni səhifələr açır. Lakin 27 sentyabrın yaddaşımızdakı yeri şəhidlərimizin müqəddəs xatirəsi ilə hər keçən il daha da ucalır. Onlar Vətən torpağına ömürlərini əmanət etməklə adlarını əbədiyyətə yazdılar. 27 sentyabr Azərbaycan xalqının tarix qarşısında haqsızlığa verdiyi böyük cavabın ilk səhifəsidir. O səhifə şəhid qanı ilə yazıldı, Qələbə ilə tamamlandı və xalqımızın yaddaşında əbədi yer aldı.
Müharibənin ilk günlərində Ermənistan silahlı qüvvələrində fərarilik hallarının kütləvi xarakter aldığı bir vaxtda Azərbaycanda insanlar silaha sarılaraq torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəyə atılırdı. Bu mənzərə ölkəmizin savaşa hansı ruh və məqsədlə başladığını aydın göstərirdi. Minlərlə gənc Vətənin müdafiəsi üçün cəbhəyə yollanır, ailələr övladlarını müqəddəs torpaq uğrunda döyüşə göndərirdi. 27 sentyabr dünyaya bu həqiqəti çatdırdı ki, Qarabağ uğrunda savaşın kökündə doğma torpağa bağlılıq, Vətən qarşısında məsuliyyət və tarixi ədaləti bərpa etmək əzmi dayanırdı.
Tarixdə ölkələrin müharibə qələbələri çox olub, savaşların əksəriyyəti istilalarla zəngindir. Mənfur düşmənlərimiz də torpaqlarımızı işğal edərkən yurdumuzu istila etmişdilər. Lakin silinməz iz buraxan İkinci Qarabağ savaşı nadir hadisə kimi tarixə həkk olundu. 44 günlük Vətən müharibəsində və bir gün davam edən antiterror tədbirlərində Azərbaycan öz haqqı uğrunda döyüşdü, heç bir mülki şəxsə zərər yetirilmədi. Böyük Qələbədən sonra düşmən rüsvayçı təslimçilik aktına imza ataraq məğlubiyyətini qəbul etdi. Bu Zəfər Azərbaycan tarixində yeni səhifə açdı, dünya hərb salnaməsinə isə haqq uğrunda mübarizənin nümunəsini yazdı. Bu tarixi nəticənin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörən liderliyi dayandı. Humanizm, böyüklük və insana sevgi prinsiplərini dövlət siyasətinin mənəvi dayaqlarına çevirən İlham Əliyev göstərdi ki, qələbənin həqiqi dəyəri qalibin ədaləti qorumasında, gücünü insanlığa hörmətlə birləşdirməsində və tarix qarşısında mənəvi məsuliyyət daşımasındadır.
Bu Zəfər tarixdə qazanılmış hərbi uğur çərçivəsinə sığmayan bir hadisə idi. Qarabağın azadlığı ilə uzun illər davam edən işğal sona çatdı, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimiz tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması planının qarşısını aldı. Ölkəmizin ərazisində illərlə hökm sürən separatizmə son qoyuldu və dövlət suverenliyinin bərqərar olması üçün tarixi şərait yarandı. Bu nəticə hərbi gücün siyasi iradə ilə birləşdiyi zaman qarşıya qoyulan milli məqsədlərin necə həyata keçirilə bildiyini göstərdi. Qarabağın azadlığı ilə tariximizin uzun illər açıq qalan səhifəsi bağlandı, dövlətimizin ərazi bütövlüyü üzərində tam nəzarəti bərpa edildi. 27 sentyabrda başlayan yol dövlətimizin iradəsi, ordumuzun gücü və Vətən uğrunda göstərilən qəhrəmanlıqla Zəfərə çatdı.
Xoşbəxtlik duyğusu ilə yaddaşımıza həkk olunan böyük Qələbəni Böyük Sərkərdə İlham Əliyevin inamlı və prinsipial qərarları, ordumuzun qüdrəti və Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığı ilə qazandıq. Bu qəhrəmanlıq və liderlik nümunəsini öz xalqına yaşatmaq Prezident İlham Əliyevin tarixi missiyasına çevrildi. Onun siyasi iradəsi və uzaqgörən qərarları Zəfərin yolunu müəyyənləşdirdi.
Bizə Zəfər yaşadan Böyük Sərkərdəyə ehtiramımızı bildirir, Vətən uğrunda canından keçən şəhid qardaşlarımızın müqəddəs xatirəsini sonsuz sayğı ilə yad edir, qəhrəman qazilərimizə dərin minnətdarlığımızı ifadə edirik. Anım günü kimi tariximizə yazılan 27 sentyabr Vətən Günü kimi də yaddaşımızda yer aldı, milli birliyimizin, dövlət qüdrətimizin və sarsılmaz iradəmizin rəmzinə çevrildi.
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı