PDF Oxu

Siyasət

  • 629

Azərbaycan dövlətçiliyinin taleyində tarixi dönüş - ŞƏRH

image

1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin müasir tarixində mühüm hadisə və dövlətçilik tariximizin taleyüklü mərhələsi oldu. Həmin dövrdə Azərbaycan mürəkkəb siyasi, iqtisadi və hərbi vəziyyətlə üzləşmiş, dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi və idarəetmə sisteminin möhkəmləndirilməsi əsas vəzifələrə çevrilmişdi. Belə bir şəraitdə Heydər Əliyevin xalqın etimadı ilə dövlət rəhbərliyinə gəlməsi ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynadı.

1991–1993-cü illər ölkəmizin müasir tarixində siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və idarəetmədə ciddi problemlərlə səciyyələnirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı, daxili siyasi qarşıdurmalar və sosial-iqtisadi böhran dövlət müstəqilliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Məhz belə bir mürəkkəb dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması, milli birliyin möhkəmləndirilməsi və ölkədə sabitliyin bərqərar edilməsi istiqamətində yeni mərhələnin başlanğıcı oldu.

Ulu Öndərin zəngin siyasi təcrübəsi və peşəkar idarəçilik bacarığı ölkənin qarşısında duran çətin vəzifələrin həllində mühüm əhəmiyyət daşıyırdı. Onun rəhbərliyi ilə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Heydər Əliyev müstəqil Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafını əsas strateji məqsəd müəyyən edərək dövlət quruculuğunun fundamental prinsiplərini formalaşdırdı.

Ulu Öndərin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsi idi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin enerji strategiyasının əsasını qoydu, xarici investisiyaların cəlb edilməsinə və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə şərait yaratdı. Bununla yanaşı, sahibkarlığın inkişafı, bazar iqtisadiyyatına keçid və iqtisadi islahatların həyata keçirilməsi ölkənin uzunmüddətli inkişafının təməlini formalaşdırdı.

Dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təmin olunması üçün hüquqi baza yaratdı. Heydər Əliyevin siyasi irsində qanunun aliliyi, vətəndaşların hüquq bərabərliyi və dövlət qarşısında məsuliyyət prinsipləri xüsusi yer tuturdu.

Ulu Öndərin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Onun rəhbərliyi ilə ölkəmizin xarici siyasət əlaqələri genişləndirildi, beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirildi və Azərbaycanın milli maraqları beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə olundu. Eyni zamanda, azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi milli həmrəyliyin və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsinə xidmət etdi.

Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu Azərbaycanın sonrakı inkişaf mərhələlərində də davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin iqtisadi və siyasi potensialı daha da gücləndirildi, ərazi bütövlüyünün və suverenliyinin bərpası təmin olundu. Bu gün Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində tutduğu mövqe Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xəttinin davamlılığını əks etdirir.

3 oktyabr 1993-cü il Azərbaycan tarixində yalnız prezident seçkisi deyil, həm də dövlətçilik tariximizin mühüm dönüş mərhələsi kimi yadda qalıb. Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, müstəqil dövlət quruculuğu sahəsində müəyyən etdiyi prinsiplər və milli maraqlara əsaslanan siyasəti müasir Azərbaycanın inkişaf tarixində xüsusi əhəmiyyət daşıyır. Onun dövlətçilik ideyaları, azərbaycançılıq məfkurəsi və müstəqilliyin qorunmasına dair çağırışları bu gün də ölkəmizin gələcək inkişafının mühüm mənəvi və siyasi əsaslarından biridir.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatı

Digər xəbərlər