Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıq göstərərək ərazi bütövlüyümüzün bərpasını təmin etdi. Bu şanlı yolun mühüm mərhələlərindən biri də Cəbrayıl rayonunun işğaldan azad olunması oldu.
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatların ilk günlərindən Cəbrayıl istiqamətində də uğurlu döyüşlər aparıldı. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri düşməndən azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri azadlığa qovuşdu. Ümumilikdə, Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində bir şəhər və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl uğrunda döyüşlər Azərbaycan Ordusunun yüksək peşəkarlığını, şəxsi heyətin misilsiz şücaətini və Vətən sevgisini nümayiş etdirdi. Düşmənin rayon ərazisində bir neçə müdafiə xəttindən ibarət möhkəm istehkamlar qurmasına baxmayaraq, Azərbaycan əsgəri bu sədləri yararaq qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdi. Cəbrayılın azad edilməsi yalnız rayonun ərazi bütövlüyünün bərpası baxımından deyil, sonrakı hərbi əməliyyatların uğurlu inkişafı üçün də mühüm strateji əhəmiyyət daşıdı. Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndlərinin və strateji əhəmiyyətli Hadrut qəsəbəsinin azad edilməsi, daha sonra Zəngilan, Qubadlı və Laçın rayonlarında əldə olunan uğurlar Azərbaycanın Zəfər yolunu daha da genişləndirdi.
Cəbrayıl torpağında qazanılan qələbənin tarixi əhəmiyyətini artıran mühüm hadisələrdən biri də qədim Xudafərin körpüsünün azad edilməsi və burada Azərbaycan bayrağının dalğalandırılması oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaldaraq tarixi torpaqlarımızda dövlət rəmzimizi nümayiş etdirməsi xalqımız üçün böyük qürur və mənəvi yüksəliş mənbəyinə çevrildi.
Cəbrayılın azad olunması uğrunda döyüşlərdə göstərilən igidlik dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 797 hərbi qulluqçusu bu medalla təltif edildi. Bu təltiflər Cəbrayılın azadlığı uğrunda canından keçən, sağlamlığını itirən və böyük qəhrəmanlıq göstərən hərbçilərimizin xidmətlərinə verilən dövlət qiymətinin ifadəsidir.
Qazanılan tarixi qələbələrin gələcək nəsillərə çatdırılması və Zəfər salnaməsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl şəhəri Günü kimi qeyd olunur. Bu tarix Cəbrayılın 27 illik işğaldan sonra azadlığa qovuşduğu gün olmaqla yanaşı, Azərbaycan xalqının birlik, iradə və qəhrəmanlığının rəmzlərindən biridir.
Bu gün Cəbrayıl rayonu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin mühüm ünvanlarından biridir. Dövlətimizin başçısının rəhbərliyi ilə burada şəhərsalma, infrastrukturun yenilənməsi, sosial obyektlərin yaradılması və iqtisadi inkişaf istiqamətində mühüm layihələr həyata keçirilir. Məqsəd Cəbrayılı müasir, dayanıqlı və yüksək həyat standartlarına malik yaşayış məkanına çevirmək, doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışını təmin etməkdir.
Bu baxımdan Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən yaradılan sənaye parkı Cəbrayılın, eləcə də bütövlükdə regionun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm layihədir. 200 hektar ərazini əhatə edən parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, satış obyektləri, TIR parkı, gömrük və digər xidmət sahələrinin yaradılması nəzərdə tutulur. Hazırda sənaye parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.
Cəbrayılın tarixində yeni mərhələ başlayıb. Dünən qəhrəmanlıq və Zəfər salnaməsi ilə tarix yazan Cəbrayıl bu gün bərpa, quruculuq və inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Cəbrayıl şəhəri Günü xalqımızın yaddaşında yalnız bir tarixi hadisənin ildönümü kimi deyil, milli iradənin, dövlət qüdrətinin və Böyük Qayıdışın təntənəsi kimi yaşayacaq.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı