PDF Oxu

Siyasət

  • 526

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin şanlı səhifəsi - ŞƏRH

image

4 Oktyabr Azərbaycan xalqının yaddaşında ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasını təcəssüm etdirən əlamətdar günlərdən biridir. Bu tarix 2020-ci ildə Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə xalqımızın şanlı Zəfər salnaməsinə qızıl hərflərlə yazılıb. Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, şəhərin və rayonun sakinləri doğma yurdlarından məcburi şəkildə didərgin salınmışdı. İşğal illərində Cəbrayılın yaşayış məntəqələri, sosial infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalmışdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun bir sıra kəndləri azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri işğaldan azad olundu. Bununla da Azərbaycan Ordusu Vətən müharibəsində ilk şəhər mərkəzini düşməndən azad edərək mühüm hərbi və strateji uğura imza atdı. Cəbrayıl şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri kimi tarixə düşdü. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin yüksək peşəkarlığını, qəhrəmanlığını və Vətənə bağlılığını bir daha nümayiş etdirdi. Cəbrayıl uğrunda döyüşlərdə hərbçilərimiz böyük şücaət və fədakarlıq göstərərək qarşıya qoyulan mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirdilər. Cəbrayılın azad olunması həm də xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması yolunda mühüm addım idi. 4 Oktyabr tarixində Cəbrayıl şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması bütün ölkə üçün böyük mənəvi əhəmiyyət daşıyan hadisəyə çevrildi. Bu tarixi an Azərbaycan xalqının doğma torpaqlarına qayıdışının rəmzlərindən biri oldu. Cəbrayılın azad olunması yalnız hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin qarşısında yeni quruculuq mərhələsi açan mühüm tarixi hadisə idi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirilməyə başlandı. Cəbrayıl şəhərində də müasir şəhərsalma prinsiplərinə əsaslanan quruculuq işləri aparılır. 2024-cü il oktyabrın 4-də Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışı keçirilib və şəhər sakinlərinin bir qismi doğma yurda qayıdaraq yeni mənzillərinə köçüblər. Kompleksdə 33 yaşayış binasında 712 mənzil yaradılıb, ərazidə sosial-məişət obyektləri, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları da salınıb. Cəbrayılın yenidən qurulması Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir. Burada məqsəd yalnız dağıdılmış şəhərin bərpası deyil, həm də insanların öz doğma yurdlarında təhlükəsiz, rahat və firavan həyatının təmin edilməsidir. Yeni yolların, yaşayış məhəllələrinin, sosial obyektlərin və digər infrastrukturun yaradılması Cəbrayılın gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırır. 4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması da bu tarixi hadisənin əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 Oktyabr hər il Cəbrayıl şəhəri günü kimi təsis edilib. Sərəncamın məqsədi Vətən müharibəsində əldə edilmiş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin tarixdəki xüsusi yerini yaşatmaqdır.Cəbrayıl şəhəri günü həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Bu Zəfərin əldə olunmasında canından keçən qəhrəman oğullarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Onların Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıq Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi gələcək nəsillərə çatdırılacaq. Bu gün Cəbrayılın timsalında biz həm qəhrəmanlıq tariximizi, həm də Böyük Qayıdışın real nəticələrini görürük. Vaxtilə işğal nəticəsində xarabalığa çevrilmiş şəhərin yenidən qurulması Azərbaycan dövlətinin iqtisadi gücünü, quruculuq imkanlarını və azad edilmiş ərazilərin dirçəldilməsinə verdiyi önəmi nümayiş etdirir. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının Zəfər tarixinin ayrılmaz hissəsidir. Bu gün doğma torpaqların azadlığı uğrunda mübarizə aparmış qəhrəmanların xatirəsini yaşatmaqla yanaşı, Cəbrayılın bu gününü və gələcəyini birləşdirən mühüm tarixi simvoldur. Cəbrayıl artıq yalnız keçmişin ağrılı xatirələrini deyil, Azərbaycanın Zəfərini, quruculuğunu və Böyük Qayıdışını təcəssüm etdirən şəhərdir. 4 Oktyabr isə hər il xalqımızı bu şanlı tarixi xatırlamağa, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etməyə və azad edilmiş torpaqlarımızda qurulan yeni həyatın əhəmiyyətini dərk etməyə çağıran əlamətdar tarix kimi qeyd olunur.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər