4 Oktyabr Azərbaycan xalqının yaddaşında böyük qürur və Zəfər hissi ilə yaşayan əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlıdır. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl şəhəri işğaldan azad edildi. Bununla da Vətən müharibəsinin ilk həftəsində rayon mərkəzi olan şəhərin azad olunması Azərbaycan Ordusunun gücünü, döyüş əzmini və qarşıya qoyulmuş məqsədə doğru inamla irəlilədiyini nümayiş etdirdi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin azad edildiyini bildirdi və bu tarixi hadisəni Azərbaycan xalqı üçün mühüm Qələbə kimi qiymətləndirdi.
Cəbrayılın azadlığına gedən yol heç də asan olmayıb. 1993-cü il avqustun 23-də işğal edilən rayonun sakinləri uzun illər doğma yurdlarından ayrı düşüb, şəhər və kəndlər dağıntılara məruz qalıb. Lakin Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb, doğma torpaqlara qayıdış inamını qoruyub saxlayıb.
Cəbrayıl uğrunda gedən döyüşlər Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığını ortaya qoydu. Prezident İlham Əliyev sonrakı çıxışlarında Cəbrayılın azad edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, həmin ərazi düşmənin bir neçə xəttdən ibarət istehkamları ilə möhkəmləndirilmişdi və bu müdafiə xətlərinin yarılması böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bu Qələbə şəhidlərimizin canı və qanı bahasına əldə edildi. Buna görə də 4 Oktyabr yalnız bir şəhərin azad edildiyi tarix deyil, həm də Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edildiyi gündür.
Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunun digər istiqamətlərdəki uğurları üçün də mühüm mənəvi amilə çevrildi. Dövlət başçısının qeyd etdiyi kimi, müharibənin birinci həftəsində rayon mərkəzi olan şəhərin azad edilməsi Ordumuza əlavə güc və inam verdi. Sonrakı günlərdə Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla davam etdirdi və Vətən müharibəsinin Zəfərlə başa çatması Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi. Cəbrayıl isə bu böyük Zəfər salnaməsində özünəməxsus yer qazandı.
Cəbrayılın azad olunmasından sonra şəhərin qarşısında yeni bir mərhələ – bərpa və quruculuq dövrü başladı. 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşərək Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoydu. Bu hadisə Cəbrayılın tarixində yeni səhifənin başlanğıcı oldu. Dağıdılmış şəhərin yerində müasir, rahat və insanların yaşayışı üçün bütün imkanlara malik yeni Cəbrayılın qurulması istiqamətində genişmiqyaslı işlərə start verildi.
Bu gün Cəbrayılın simasında Zəfərdən sonra Azərbaycanın qarşısında duran böyük quruculuq missiyasının nəticələrini görmək mümkündür. 2024-cü il oktyabrın 4-də şəhərdə ilk yaşayış kompleksinin açılışı oldu və keçmiş məcburi köçkünlər yeni mənzillərə köçürüldü. Ümumilikdə 33 yaşayış binasından ibarət kompleksdə 712 mənzil yaradılıb. Yaşayış binaları ilə yanaşı, sosial-məişət obyektləri, istirahət guşələri, uşaq və idman meydançaları da istifadəyə verilib.
Böyük Qayıdış prosesinin Cəbrayıl üçün xüsusi əhəmiyyəti var. 2024-cü il sentyabrın 26-dan keçmiş məcburi köçkünlərin Cəbrayıla qayıdışı başlanıb və proses davam edir. Beləliklə, illər boyu doğma yurd həsrəti ilə yaşayan insanların öz ata-baba torpaqlarına qayıdışı artıq real mənzərəyə çevrilib. Cəbrayılın küçələrində yenidən həyat canlanır, ailələr öz doğma şəhərlərində yeni həyata başlayırlar.
4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu qərar Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhərlərin tarixində mühüm günlərin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri