Azərbaycan Respublikasının müasir dövlətçilik salnaməsində 44 günlük Vətən müharibəsi milli həmrəyliyin, hərbi qüdrətin və ərazi bütövlüyünün tam təmin olunmasının parlaq rəmzidir. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi böyük hərbi Zəfərin əbədiləşdirilməsi və azad olunmuş torpaqların dirçəliş prosesinin geniş ictimaiyyətə çatdırılması məqsədini daşıyır. Bu mühüm qərarın tərkib hissəsi olaraq hər il 4 oktyabr tarixi dövlət səviyyəsində Cəbrayıl Şəhəri Günü kimi rəsmi və təntənəli şəkildə qeyd edilir.
1993-cü ilin avqust ayında Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Cəbrayıl rayonu işğala məruz qalmışdır. Otuz ilə yaxın davam edən işğal müddətində rayonun mərkəzi olan Cəbrayıl şəhəri, eləcə də ətraf kəndlər ağır vandalizm aktlarına hədəf olmuşdur. Mülki infrastruktur obyektləri, təhsil və səhiyyə müəssisələri tamamilə yerlə-yeksan edilmişdir. Eyni zamanda, regionun zəngin mədəni-tarixi irsi, o cümlədən strateji və mənəvi dəyərə malik olan Xudafərin körpüsü daxil olmaqla, bir çox dini və tarixi abidə ağır zərərə uğradılmış, on minlərlə sakin doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkünlük həyatı yaşamağa məcbur qalmışdır.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları çərçivəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri cənub istiqamətində uğurlu hərbi manevrlər həyata keçirərək oktyabrın 4-də Cəbrayıl şəhərini düşmən tapdağından azad etmişdir. İkinci Qarabağ müharibəsinin gedişatında Cəbrayıl şəhərinin azad olunması həlledici dönüş nöqtəsi olmuşdur. Bu qələbə müharibə dövründə azad edilən ilk rayon mərkəzi olaraq ordumuzun döyüş ruhunu yüksəltmiş və düşmənin müdafiə xəttinin yarılmasında müstəsna rol oynamışdır. Şəhərin azad edilməsi Silahlı Qüvvələrimizə Hadrut, Zəngilan, Qubadlı istiqamətlərində növbəti hücum əməliyyatlarını uğurla inkişaf etdirməyə imkan yaratmış, Azərbaycan-İran dövlət sərhədinin cənub bölməsi tam nəzarətə götürülərək Xudafərin körpüsündə dövlət bayrağımız ucaldılmışdır. Müzəffər hərbçilərimizin göstərdiyi rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək "Cəbrayılın azad olunmasına görə" medalı təsis olunmuş və minlərlə hərbi qulluqçu bu medalla təltif edilmişdir.
Müstəqil Azərbaycan Dövlətinin prioritet istiqamətlərindən biri olan "Böyük Qayıdış" Proqramı çərçivəsində Cəbrayıl rayonunda genişmiqyaslı bərpa-quruculuq layihələri icra olunur. Cəbrayıl şəhərinin müasir şəhərsalma prinsiplərinə uyğun hazırlanan Baş Planı əsasında dayanıqlı infrastruktur, "yaşıl enerjiyə" əsaslanan enerji şəbəkəsi və müasir nəqliyyat qovşaqları inşa edilir. Regionda yaradılan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Cəbrayılın yenidən regional logistika və sənaye mərkəzinə çevrilməsini, habelə yeni iş yerlərinin açılmasını təmin edir. Eyni zamanda, çoxmənzilli yaşayış komplekslərinin və sosial obyektlərin istifadəyə verilməsi keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına təhlükəsiz, ləyaqətli və daimi qayıdışına zəmin yaradır.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü təkcə bir ərazinin azad edilməsi tarixi deyil, eyni zamanda Azərbaycanın bərpa olunan suverenliyinin, sarsılmaz milli birliyinin və Böyük Qayıdışla başlayan yeni inkişaf erasının təntənəsidir. Bu əlamətdar gün torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın və müasir Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərqərar etdiyi dirçəliş reallığının təcəssümüdür.
Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı