4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını özündə əks etdirən əlamətdar günlərdən biridir. Bu tarix 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlığın, hərbi şücaətin və xalqımızın Zəfər əzminin parlaq təcəssümüdür. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə 27 illik həsrətə son qoyulmuş, Azərbaycanın dövlət bayrağı doğma torpaqlarda yenidən dalğalanmışdır.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu uzun illər ərzində ağır dağıntılara və talanlara məruz qalmışdır. Lakin Azərbaycan xalqı heç zaman doğma torpaqlarının işğalı ilə barışmamış, dövlətimiz bütün imkanlarını səfərbər edərək ərazi bütövlüyünün bərpasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu məqsədin həyata keçirilməsi istiqamətində tarixi mərhələyə çevrildi.
Cəbrayılın azadlığı uğrunda döyüşlər Azərbaycan Ordusunun yüksək hazırlığını, peşəkarlığını və döyüş ruhunu bir daha nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunması ilə başlayan Cəbrayılın azad edilməsi prosesi oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin düşməndən təmizlənməsi ilə davam etdi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Ümumilikdə Cəbrayıl rayonu ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd düşmən işğalından qurtarıldı.
Cəbrayıl istiqamətində aparılan əməliyyatlar mürəkkəbliyi və strateji əhəmiyyəti ilə seçilirdi. Düşmən burada bir neçə müdafiə xəttindən ibarət güclü istehkamlar qurmuşdu. Bu istehkamların yarılması Azərbaycan əsgər və zabitlərindən böyük cəsarət, peşəkarlıq və fədakarlıq tələb edirdi. Cəbrayılın azad olunması ilə Azərbaycan Ordusunun sonrakı əks-hücum əməliyyatları üçün mühüm imkanlar yarandı. Bu qələbədən sonra Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində əməliyyatların keçirilməsi, eləcə də Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissəsinin işğaldan azad edilməsi üçün əlverişli şərait formalaşdı.
Cəbrayılın azadlığı həm də tarixi və milli yaddaşımız baxımından xüsusi əhəmiyyət daşıyır. Rayon ərazisində yerləşən qədim Xudafərin körpüsünün işğaldan azad edilməsi və 2020-ci il oktyabrın 18-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada Azərbaycan bayrağını ucaldaraq xalqımıza bu tarixi anı yaşatması milli qürur rəmzinə çevrildi. Xudafərin üzərində üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın tarixi torpaqlarında dövlət suverenliyinin və milli iradənin təntənəsini nümayiş etdirdi.
Cəbrayılın azadlığı uğrunda döyüşlərdə Azərbaycan hərbçiləri misilsiz qəhrəmanlıq və fədakarlıq göstərdilər. Onların xidmətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi olaraq 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərmiş 22 797 hərbi qulluqçu bu medalla təltif edildi.
Cəbrayıl şəhərinin azad edilməsi ilə bağlı tarixi günün əbədiləşdirilməsi də Zəfər salnaməsinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi Azərbaycanın şanlı Zəfər tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addım oldu. Həmin Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən edildi.
Bu gün Cəbrayıl yalnız hərbi Zəfərin deyil, həm də Böyük Qayıdışın rəmzlərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Cəbrayılın da yeni simasını formalaşdırır. Beləliklə, 4 Oktyabr – Cəbrayıl şəhəri günü xalqımızın ədalətə, doğma torpaqlara və tarixi yaddaşa bağlılığını ifadə edən, Azərbaycan Ordusunun qəhrəmanlığını və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfəri yaşadan əlamətdar tarix kimi böyük məna daşıyır.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı