PDF Oxu

Siyasət

  • 601

Cəbrayılın azadlıq və dirçəliş dastanı - ŞƏRH

image

Azərbaycanın hər bir qarış torpağı tarixi, mədəniyyəti və qəhrəmanlıq salnaməsi ilə zəngindir. Lakin elə müqəddəs məkanlar var ki, onların adları xalqımızın yaddaşında həm də qürur, ləyaqət və haqqın bərpası simvolu kimi əbədiləşib. Həmin mübarizə və zəfər məkanlarından biri də 4 Oktyabrda azad olunmuş qədim və əzəmətli Cəbrayıl şəhəridir. Uzun illər düşmən tapdağı altında qalmış, viran qoyulmuş, lakin ruhu heç vaxt sındırılmamış bu torpaq Azərbaycan əsgərinin dəmir iradəsi və qəhrəmanlığı sayəsində öz əsl sahiblərinə qovuşdu.

Cəbrayılın azad edilməsi tariximizə yalnız bir hərbi uğur kimi deyil, həm də xalqımızın otuz illik həsrətinə son qoyan parlaq bir səhifə kimi yazıldı. İllər boyu yurdsuz qalan, xatirələrini qəlblərində yaşadan cəbrayıllılara uzun illərin ardından Zəfər sevinci bəxş olundu. 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü hər il bu qürurun, ədalətin bərpasının və torpağa bağlılığın təntənəsi kimi qeyd olunur. Bu gün yalnız bir ərazinin işğaldan azad edilməsi deyil, həm də milli birliyin, dövlət gücünün və sərkərdə qətiyyətinin təntənəsidir. Cəbrayılın işğaldan azad olunması Vətən müharibəsinin gedişatında həm strateji, həm də mənvi baxımdan həlledici dönüş nöqtələrindən biri oldu. Azərbaycan Ordusunun cənub cəbhəsində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar düşmənin müdafiə xəttini yarıb keçdi, Azərbaycan bayrağını doğma torpaqlarda yenidən dalğalandırdı. Bu qələbənin əldə olunmasında hərbçilərimizin göstərdiyi şücaət, qəhrəmanlıq və canlarından keçməyə hazır olmaları xalqımızın yaddaşında əbədi yaşayacaq.
Bugünkü Cəbrayıl tamamilə yeni bir mərhələni yaşayır. Dağıdılmış küçələrin, viran qoyulmuş evlərin yerində bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Müasir infrastrukturun yaradılması, yeni yolların çəkilməsi, sosial obyektlərin istifadəyə verilməsi və əhalinin doğma yurdlarına qayıdışı - Böyük Qayıdış proqramı Cəbrayıl torpağına həyatın yenidən qayıtdığını göstərir. İşğal dövründə qarət olunan və daş üstə daş qalmayan bu torpaqlarda indi həqiqi mənada yeni bir dövr başlayır. Cəbrayıl sakinləri ata-baba yurdlarına qayıdaraq orada azad, firavan və təhlükəsiz həyat qururlar.
Cəbrayıl rayonunun azad olunması Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi hərbi strategiyanın və şücaətin şah əsərlərindən biridir. Cənub-qərb istiqamətində yerləşən bu strateji rayonun relyefi kifayət qədər mürəkkəb olsa da, müzəffər Silahlı Qüvvələrimiz düşmənin illər ərzində qurub yaratdığı möhkəmləndirilmiş istehkamları qısa müddət ərzində darmadağın etdi. Oktyabrın 4-də Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsi cəbhənin digər istiqamətlərində də əməliyyat şəraitini kökündən dəyişdi və düşmənin müqavimət gücünü qırdı. Bu qələbə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi kursun qətiyyətini və Azərbaycan əsgərinin peşəkarlığını bütün dünyaya bir daha nümayiş etdirdi.
Tarixən qədim ticarət yollarının kəsişməsində yerləşən, zəngin maddi-mədən irsinə, ecazkar təbiətə və qədim abidələrə sahib olan Cəbrayıl işğal illərində misli görünməmiş vandalizmə məruz qalmışdı. Erməni işğalçıları rayonun şəhər və kəndlərini yerlə-yeksan etmiş, tarixi abidələrimizi, məscidlərimizi dağıtmış, təbiətə və ekologiyaya sağalmaz yaralar vurmuşdular. Lakin bu qəddar siyasət cəbrayıllılıq ruhunu, torpaq sevgisini silə bilmədi. Otuz il boyunca hər bir cəbrayıllı doğma yurda qayıdacağına, həmin torpaqlarda yenidən azad səsinin ucalacağına inamla yaşadı.Bu gün isə həmin inam gerçəkliyə çevrilib. Azad olunan Cəbrayıl torpağında dövlət başçısının xüsusi diqqət və qayğısı ilə misilsiz bərpa və quruculuq layihələri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində Cəbrayıl şəhərində və ətraf yaşayış məntəqələrində müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir, mühüm infrastruktur layihələri icra olunur. Eyni zamanda, rayonda yaradılan Cəbrayıl Substansiyası, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı və digər strateji obyektlər bölgənin təkcə yaşayış məntəqəsi deyil, həm də regionun mühüm iqtisadi və logistik mərkəzinə çevriləcəyini göstərir. Doğma yurdlarına qayıdan sakinlərin həyatı üçün bütün zəruri şəraitin yaradılması bu torpaqlara əsl həyatın, əbədi baharın qayıtdığının əyani sübutudur.
Xalqımızın qəhrəmanlıq salnaməsində və milli yaddaşında əbədi yaşayacaq 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü təkcə bir yaşayış məntəqəsinin azad edilməsinin ildönümü deyil, həm də ədalətin, milli ləyaqətin və iradənin təntənəsidir. Otuz illik həsrətə son qoyan bu tarixi Zəfər Azərbaycan xalqının birliyinin, dövlətinin gücünün və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan sarsılmaz qələbənin əyani sübutudur. Cəbrayılın hər qarışında qan tökən, canından keçən igid Vətən övladlarının xatirəsi hər zaman ehtiramla yad olunacaq, onların qəhrəmanlığı gələcək nəsillərə unudulmaz bir dürüstlük və vətənpərvərlik dərsi olaraq qalacaqdır.
Bu gün viran qoyulmuş torpaqlarda ucalan yeni binalar, çəkilən yollar, həyata keçirilən genişmiqyaslı quruculuq işləri və doğma ocaqlarına qayıdan sakinlərin sevinc dolu baxışları onu göstərir ki, Cəbrayıl daha güclü, daha gözəl və əzəmətli şəkildə dirçəlir. "Böyük Qayıdış" ideyasının təntənəsini yaşadan bu müqəddəs torpaq artıq əbədi olaraq sahiblərinə qucaq açıb və orada həyat bütün gözəlliyi ilə yenidən başlayıb. Cəbrayılın azad, firavan və işıqlı sabahı müzəffər xalqımızın qürurla addımladığı əbədi gələcəyin garantıdır.

Kərimova Türkanə
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər