PDF Oxu

Siyasət

  • 623

4 Oktyabr – Cəbrayılın azadlıq və Böyük Qayıdış salnaməsi - ŞƏRH

image

Azərbaycanın çoxəsrlik tarixində xalqımızın milli iradəsini, vətənpərvərliyini və doğma torpaqlara bağlılığını əks etdirən əlamətdar günlər xüsusi yer tutur. 4 oktyabr – Cəbrayıl Şəhəri Günü də bu baxımdan mühüm tarixi əhəmiyyət daşıyır. Bu tarix yalnız şəhərin işğaldan azad edildiyi gün deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidlərinin gerçəkləşməsinin, milli birliyin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzidir.
Qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus ənənələrə malik Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi dağıntılara məruz qaldı, minlərlə sakin doğma torpaqlarını tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Şəhərin və kəndlərin infrastrukturu dağıdıldı, xalqımızın əsrlər boyu yaratdığı tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Cəbrayıllılar uzun illər doğma yurdlarından uzaqda yaşasalar da, torpaqlarına qayıtmaq ümidini və milli-mənəvi dəyərlərini qoruyub saxladılar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində işğal altında olan ərazilərimizin azad edilməsinə başlanıldı. Cəbrayıl rayonu uğrunda gedən döyüşlər müharibənin mühüm istiqamətlərindən biri oldu. Böyük Mərcanlı və Rüzgar kəndlərinin müharibənin ilk günü azad edilməsi, sonrakı günlərdə isə digər yaşayış məntəqələrinin mərhələlərlə düşmən işğalından qurtarılması Cəbrayılın azadlığına doğru mühüm addımlar idi.
2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində mühüm tarixi hadisəyə çevrildi. Şəhərin azad olunması Azərbaycan Ordusunun hərbi uğurlarının davamı olmaqla yanaşı, uzun illər yurd həsrəti çəkən cəbrayıllıların doğma torpaqlarına qayıdışına real zəmin yaratdı. Bu hadisə Zəfər tariximizə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olundu və sonrakı hərbi əməliyyatların gedişində də mühüm rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edildi. Bununla da şəhərin azadlıq tarixi dövlət səviyyəsində əbədiləşdirildi. Hər il qeyd olunan bu əlamətdar gün Vətən müharibəsində qazanılmış Zəfərin, Azərbaycan Ordusunun qəhrəmanlığının və doğma yurda qayıdışın rəmzi kimi xüsusi məna daşıyır.
Cəbrayılın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Vətən torpaqlarının bütövlüyü uğrunda göstərilən fədakarlıq, əsgər və zabitlərimizin qəhrəmanlığı, qazilərimizin mübarizəsi bu tarixi Zəfərin mənəvi əsasını təşkil edir. Bu gün doğma torpaqlarda dalğalanan üçrəngli bayrağımız həmin qəhrəmanlığın və milli iradənin təcəssümüdür. Cəbrayıl Şəhəri Günü həm də şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və Vətən qarşısında borcumuzu bir daha dərk etmək üçün əlamətdar tarixdir.
Tarixi Zəfərdən sonra Cəbrayılın qarşısında yeni inkişaf mərhələsi açıldı. Dağıdılmış yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun yaradılması, sosial obyektlərin inşası və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Cəbrayılın bərpası ilə bağlı layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı, görülən işlərlə tanış olması bu prosesə göstərilən diqqətin nümunəsidir. Dövlət başçısının Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması isə şəhərin azadlığının və dövlət suverenliyinin rəmzi hadisələrindəndir.
Bu gün Cəbrayılda müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış məhəllələri, yollar, kommunikasiya xətləri, parklar, istirahət guşələri, uşaq oyun və idman meydançaları yaradılır. Dördmərtəbəli və beşmərtəbəli yaşayış binalarının inşası, sosial-məişət obyektlərinin istifadəyə hazırlanması sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin olunmasına xidmət edir. Görülən işlərin əsas məqsədi yalnız dağıdılmış şəhəri yenidən qurmaq deyil, həm də əhalinin bütün zəruri xidmətlərə çıxışını təmin edən, müasir tələblərə cavab verən yaşayış mühiti formalaşdırmaqdır.
Böyük Qayıdış proqramı çərçivəsində cəbrayıllıların doğma torpaqlarına mərhələli şəkildə köçürülməsi şəhərin həyatında yeni dövrün başlanğıcıdır. Uzun illər müxtəlif bölgələrdə məskunlaşmış ailələrin öz ata-baba yurdlarına qayıtması illərlə davam edən həsrətin sona çatması deməkdir. Cəbrayıl şəhərində 117 ailədən ibarət 364 nəfərin daimi məskunlaşması bu istiqamətdə atılan mühüm addımlardandır. Doğma şəhərlərində yeni həyata başlayan sakinlər üçün yaradılan şərait Böyük Qayıdışın təkcə fiziki köç deyil, həm də sosial həyatın bərpası olduğunu göstərir.
Qayıdış prosesinin davamlılığının təmin olunmasında iqtisadi inkişaf və məşğulluq məsələləri xüsusi əhəmiyyət daşıyır. Cəbrayılın coğrafi mövqeyi, nəqliyyat bağlantıları və sərhədyanı ərazidə yerləşməsi yeni iqtisadi imkanlar yaradır. Araz Vadisi İqtisadi Zonası rayonun sənaye və sahibkarlıq potensialının inkişaf etdirilməsi baxımından mühüm layihələrdən biridir. Burada istehsal və xidmət sahələrinin genişləndirilməsi yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın artmasına və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yarada bilər. Nəqliyyat infrastrukturunun inkişafı da Cəbrayılın regional iqtisadi əlaqələrdə rolunun genişlənməsi üçün yeni imkanlar formalaşdırır.
Rayonun gələcək inkişafında tarixi-mədəni irsin qorunması və turizm potensialının reallaşdırılması da mühüm yer tutur. Xudafərin körpüləri və digər qədim abidələr xalqımızın zəngin keçmişinin mühüm nümunələridir. Bu abidələrin bərpası, mühafizəsi və turizm marşrutlarına inteqrasiyası həm milli irsin gələcək nəsillərə çatdırılmasına, həm də bölgənin iqtisadi imkanlarının genişlənməsinə töhfə verə bilər. Eyni zamanda, Cəbrayılın strateji mövqeyi nəzərə alınaraq sərhəd təhlükəsizliyinin təmin edilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin yaradılması bu sahədə görülən işlərin mühüm tərkib hissəsidir.
Bu gün Cəbrayılın dirçəlişi təkcə yeni binaların, yolların və sosial obyektlərin inşası ilə ölçülmür. Şəhərin əsl dirçəlişi insanların doğma torpaqlarına qayıtması, ailələrin öz evlərində məskunlaşması, uşaqların bu torpaqda böyüməsi və ictimai həyatın yenidən canlanması ilə bağlıdır. Uzun illər boş qalmış ərazilərdə həyatın bərpası, sakinlərin öz yurdlarında gələcək planlarını gerçəkləşdirməsi Cəbrayılın yeni inkişaf mərhələsinin əsas məzmununu təşkil edir.
4 oktyabr – Cəbrayıl Şəhəri Günü azadlığın, tarixi yaddaşın və doğma yurda bağlılığın təcəssümüdür. Bu tarix Vətən müharibəsində qazanılmış Zəfəri, şəhidlərimizin fədakarlığını, qazilərimizin qəhrəmanlığını və cəbrayıllıların illərlə yaşatdıqları qayıdış arzusunu özündə birləşdirir. Bu gün doğma torpaqlarında yeni həyata başlayan sakinlər üçün Cəbrayıl yalnız yaşadıqları şəhər deyil, həm də nəsillərdən miras qalan tarixi yaddaşın, milli kimliyin və mənəvi bağlılığın ünvanıdır.
Cəbrayılın azad edilməsi ilə başlanan tarixi mərhələ bu gün genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesi ilə davam edir. Şəhərin sosial-iqtisadi potensialının inkişaf etdirilməsi, tarixi irsinin qorunması və sakinlərin təhlükəsiz, firavan yaşayışının təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. 4 oktyabr tarixi isə hər il xalqımıza azadlığın dəyərini, Vətən uğrunda göstərilən fədakarlığı və doğma torpaqlarda həyatın yenidən qurulmasının əhəmiyyətini xatırladır. Cəbrayılın dirçəlişi Azərbaycanın Zəfərdən sonra başladığı yeni inkişaf yolunun, tarixi yaddaşın qorunmasının və gələcəyə inamın parlaq ifadəsidir.

Pərviz Hüseynzadə
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər