PDF Oxu

Siyasət

  • 491

Cəbrayılın tarixi Zəfərdən quruculuğa uzanan yolu - ŞƏRH

image

4 oktyabr Azərbaycan tarixində Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə əlamətdar olan mühüm günlərdən biridir. Bu tarix xalqımızın tarixi yaddaşında xüsusi yer tutur və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdən birini əks etdirir. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, işğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalmışdır.
İşğaldan əvvəl Cəbrayıl rayonu zəngin iqtisadi, sosial və mədəni potensiala malik ərazilərdən biri olmuşdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olmuş, rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələri fəaliyyət göstərmişdir. Rayonun zəngin təbii ehtiyatları, münbit torpaqları və əlverişli coğrafi mövqeyi onun iqtisadi inkişafı üçün geniş imkanlar yaratmışdır. Cəbrayıl həm də qədim tarixi, milli-mənəvi dəyərləri və zəngin mədəni irsi ilə seçilən bölgələrimizdən biridir.
İşğal dövründə Cəbrayılın tarixi və mədəni irsinə ciddi ziyan vurulmuşdur. Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndindəki Dairəvi Türbə, Diri dağındakı tarixi abidələr və digər mədəni irs nümunələri dağıntılara məruz qalmışdır. Yaşayış evləri, məktəblər, mədəniyyət və səhiyyə müəssisələri yararsız vəziyyətə salınmışdır. Cəbrayıllı əhali isə uzun illər doğma yurdlarından uzaqda, ağır məcburi köçkün həyatı yaşamağa məcbur olmuş, doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni mərhələ açdı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad edildi. Sonrakı hərbi əməliyyatlar nəticəsində rayonun ümumilikdə 90 kəndi də azad olundu. Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi strategiyasını və xalqımızın qələbə əzmini nümayiş etdirən mühüm hadisələrdən biri oldu. Bu qələbə sonrakı hərbi əməliyyatlar üçün də əlverişli imkanlar yaratdı.
Cəbrayılın azad olunması ilə bağlı mühüm tarixi hadisələrdən biri də Xudafərin körpüsünün işğaldan azad edilməsi və burada Azərbaycan bayrağının ucaldılması oldu. Əsrlər boyu Azərbaycan xalqının tarixi və mədəni irsinin rəmzlərindən biri olan Xudafərin körpüsündə üçrəngli bayrağımızın dalğalanması tarixi yaddaşımızda xüsusi yer tutdu. Bu hadisə Azərbaycanın tarixi torpaqlarında suverenliyinin bərpasının rəmzi kimi böyük əhəmiyyət daşıdı. 2023-cü il 31 iyul tarixli Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyənləşdirildi.
Hazırda Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Rayonun iqtisadi potensialının yenidən formalaşdırılması, müasir infrastrukturun yaradılması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi əsas prioritetlərdəndir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, enerji və yol infrastrukturunun qurulması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin tikintisi Cəbrayılın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini təşkil edir. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan isə şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını, yaşayış və ictimai məkanların kompleks şəkildə inkişafını nəzərdə tutur.
Cəbrayılın bərpası ilə yanaşı, əhalinin doğma torpaqlarına qayıdışı da ardıcıl şəkildə davam etdirilir. İlk köç karvanı 2024-cü il sentyabrın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınmışdır. 2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndləri üzrə ümumilikdə 1 600 ailə, 7 022 nəfər məskunlaşmışdır. Doğma yurda qayıdan sakinlərin müasir yaşayış evləri ilə təmin edilməsi, sosial xidmətlərə əlçatanlığının yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi bölgədə dayanıqlı həyat şəraitinin formalaşdırılmasına xidmət edir.
Cəbrayıl Şəhəri Günü yalnız şəhərin işğaldan azad edilməsini deyil, həm də onun tarixi irsinin qorunmasını, iqtisadi və sosial həyatının yenidən qurulmasını, sakinlərinin doğma torpaqlarına qayıdışını ifadə edən əlamətdar tarixdir. Bu gün Cəbrayılın keçdiyi mürəkkəb tarixi yolu xatırlamaqla yanaşı, şəhərin qarşıdakı illərdə inkişaf perspektivlərini də diqqət mərkəzinə gətirir. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri Cəbrayılın yenidən dirçəlməsinə, iqtisadi potensialının reallaşdırılmasına və sakinlərin doğma yurdda təhlükəsiz, firavan həyatının təmin edilməsinə yönəlib.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər