PDF Oxu

Siyasət

  • 498

Cəbrayıl zəfər səlnaməsinin şanlı səhifələrindən biridir - ŞƏRH

image

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının yaddaşında Vətən müharibəsinin ən parlaq səhifələrindən birinin yazıldığı tarixi gün kimi xüsusi yer tutur. Bu tarix yalnız bir şəhərin işğaldan azad edilməsini ifadə etmir. 4 Oktyabr həm də Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin, Müzəffər Ordumuzun qəhrəmanlığının və torpaqlarımızın ərazi bütövlüyünün bərpasına aparan Zəfər yolunun mühüm mərhələlərindən birini təcəssüm etdirir. Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 Oktyabr Cəbrayıl Şəhəri Günü kimi təsis edilib.

Cəbrayıl Azərbaycan tarixinin qədim və zəngin bölgələrindən biridir. Bu torpaq əsrlər boyu xalqımızın həyatında mühüm rol oynayıb, burada Azərbaycan xalqının tarixi-mədəni irsinin mühüm nümunələri formalaşıb. Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal edildi. İşğal illəri Azərbaycan xalqının yaddaşında eyni zamanda doğma torpaqlara qayıdış inamının qorunduğu bir mərhələ kimi qaldı. Azərbaycan dövləti bütün bu illər ərzində öz prinsipial mövqeyindən geri çəkilmədi, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Güclü dövlət, güclü iqtisadiyyat, müasir ordu və milli həmrəylik Azərbaycanın Zəfər yolunun əsas dayaqlarına çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin dönüş nöqtələrindən biri oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərin azad edilməsinə başladı. Cəbrayıl istiqamətində də ardıcıl və uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Sentyabrın 27-də oktyabrın 3-də bir sıra kəndlərin azad edilməsi azad edilməsi Cəbrayıl şəhərinin azad olunması istiqamətində mühüm mərhələlər oldu. Nəhayət, 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri işğaldan azad edildi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin azad olunmasını elan etdi. Dövlət başçısı bu tarixi hadisəni Azərbaycan xalqı üçün böyük qələbə kimi qiymətləndirdi və Cəbrayılın azad edilməsində iştirak edən hərbçilərin qəhrəmanlığını xüsusi vurğuladı.

Cəbrayılın azad olunması hərbi-strateji baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, yüksək peşəkarlığını və qarşıya qoyulmuş məqsədlərə çatmaq əzmini nümayiş etdirdi. Cəbrayıl şəhərinin azad edilməsi ilə xalqımızın illərlə gözlədiyi qayıdışın real əsasları daha da möhkəmləndi. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və əsgər-zabitlərimizin misilsiz şücaəti bahasına əldə edildi.

Cəbrayılın adı Vətən müharibəsində göstərilən qəhrəmanlıq salnaməsi ilə yanaşı, Azərbaycanın milli birliyinin və həmrəyliyinin də rəmzinə çevrildi. 44 gün davam edən Vətən müharibəsində xalq və dövlət, ordu və cəmiyyət vahid məqsəd ətrafında birləşdi. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək tarixi missiyanın həyata keçirilməsinə böyük mənəvi dəstək verdi. Bu birlik Zəfəri şərtləndirən mühüm amillərdən biri oldu.

Cəbrayılın azadlığı ilə tarixdə yeni mərhələ başladı. Artıq söhbət yalnız torpaqların azad edilməsindən deyil, həmin ərazilərin yenidən qurulmasından, doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmasından, şəhər və kəndlərin müasir standartlar əsasında bərpasından gedir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq layihələrini həyata keçirir. Cəbrayıl da bu prosesin mühüm istiqamətlərindən biridir.

Cəbrayıl və işğaldan azad edilmiş digər ərazilərin bərpası Azərbaycan dövlətinin həyata keçirdiyi Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir. Bu genişmiqyaslı quruculuq prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və Fondun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondu uzun illər ərzində təhsil, səhiyyə, sosial və mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə insanların rifahına və milli-mədəni irsin qorunmasına mühüm töhfələr verib. İşğaldan azad edilmiş ərazilərdə də Fondun fəaliyyəti tarixi-mədəni irsin bərpası, sosial mühitin formalaşdırılması və humanitar təşəbbüslərin həyata keçirilməsi istiqamətlərini əhatə edir. Cəbrayılın yenidən qurulması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun digər şəhər və rayonlarında aparılan bərpa işləri də vahid dövlət siyasətinin tərkib hissəsidir. Dağıdılmış tarixi və dini abidələrin bərpasına göstərilən diqqət xalqımızın milli-mənəvi dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti işğal nəticəsində zərər görmüş mədəni irsin yenidən dirçəldilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Böyük Qayıdış insanların doğma yurdlarına köçürülməsilə yanaşı həmin ərazilərdə müasir sosial, təhsil, səhiyyə və mədəni mühitin yaradılması prosesidir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti ilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti bir-birini tamamlayır. Cəbrayılın dirçəlişi bu böyük quruculuq missiyasının parlaq nümunəsi olmaqla yanaşı, Zəfərin real nəticələrini və Böyük Qayıdışın uğurla davam etdiyini nümayiş etdirir.

4 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri bu baxımdan xüsusi tarixi əhəmiyyət daşıyır. Həmin gün Cəbrayıl şəhərinin bərpasının təməl daşı qoyuldu. Bu hadisə Cəbrayılın işğaldan azad edilməsindən sonra onun yeni həyatının başlanmasının mühüm rəmzinə çevrildi. Bu gün Cəbrayılın siması tədricən dəyişir. Müasir yaşayış məhəllələri, sosial obyektlər, təhsil və səhiyyə infrastrukturu, nəqliyyat və enerji layihələri şəhərin gələcək inkişafının əsasını formalaşdırır. Təhsil infrastrukturunun yaradılması da Böyük Qayıdışın mühüm istiqamətlərindəndir. Cəbrayılın bərpası Azərbaycanın Böyük Qayıdış strategiyasının mahiyyətini aydın şəkildə nümayiş etdirir. Məqsəd işğaldan azad edilmiş əraziləri müasir, dayanıqlı, rahat və inkişaf edən yaşayış məkanlarına çevirməkdir. Bu baxımdan Cəbrayılın dirçəlişi keçmişlə gələcək arasında möhkəm bir körpüdür: burada tarixi yaddaş qorunur, eyni zamanda müasir şəhərsalma prinsipləri əsasında yeni həyat qurulur.

Cəbrayıl həm də şəhidlərimizin müqəddəs xatirəsinin yaşadığı torpaqdır. Bu şəhərin hər qarışında Vətən uğrunda canından keçən qəhrəmanlarımızın izi var. Ona görə də Cəbrayılın yenidən qurulması həm də şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Burada salınan hər yeni küçə, tikilən hər məktəb, xəstəxana və yaşayış binası Zəfərin nəticələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Cəbrayılın azadlığı Azərbaycan dövlətinin gücünü və xalqımızın iradəsini nümayiş etdirən tarixi hadisədir. Bu Zəfər bir daha göstərdi ki, dövlətçilik ənənələri, milli birlik və güclü siyasi iradə böyük tarixi məqsədlərin reallaşdırılmasında həlledici əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəldi və ərazi bütövlüyümüzün bərpası ilə tariximizin ən mühüm səhifələrindən biri yazıldı.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü qeyd edilərkən biz həm də Azərbaycanın yenilməz iradəsini, Müzəffər Ordumuzun qəhrəmanlığını, şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və doğma torpaqlarına qayıdan insanların sevincini ehtiramla yad edirik. Cəbrayılın azadlığı Zəfərin, onun yenidən qurulması isə Böyük Qayıdışın parlaq ifadəsidir. Vaxtilə həsrət və nisgilin ünvanı olan bu qədim şəhər indi quruculuğun, dirçəlişin və yeni həyatın məkanına çevrilir. Bu baxımdan 4 Oktyabr Azərbaycanın Zəfər tarixində özünəməxsus yer tutur. Cəbrayıl şəhərinin hər yeni günü xalqımızın tarixi torpaqlarına qayıdışının və qalib Azərbaycanın yeni inkişaf mərhələsinin daha bir göstəricisidir.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər