PDF Oxu

Siyasət

  • 752

3 oktyabr müstəqil dövlətçilik yolunun möhkəm təməlləri atıldı - ŞƏRH

image

Azərbaycanın tarixində, xalqımızın taleyində elə günlər var ki, onların önəmi illər keçdikcə daha dərindən dərk olunur, ən əsası, o tarixlərdə gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyulur. Həm ölkəmizin, həm də xalqımızın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərdən biri də məhz 1993-cü ilin 3 oktyabr tarixidir.

Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası kimi dəyərləndirilən tarixi seçimini etdi. Həmin tarixdə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev oktyabrın 10-da keçirilən andiçmə mərasimində bildirmişdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Ulu Öndər Heydər Əliyev andına daim sadiq qalaraq Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.
Milli ideologiyanın yaradılması Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biri idi. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində deyil, dünyada yaşayan azərbaycanlıları əhatə edən, onları vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Ümummilli Lider Heydər Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli və azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalı və inkişaf etdirməlidir.
Ulu Öndərin təşəbbüsü və Sərəncamı əsasında 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid mərkəzdən idarə edilməsinə, müstəqil Azərbaycanın gələcəyi ilə bağlı mühüm addımların atılmasına geniş imkanlar yaratdı. Biz bunun uğurlu nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində gördük. Tarixi Zəfərimizdə bu birliyin rolu inkaredilməzdir. Qürurla qeyd edirik ki, 30 ildən sonra Qarabağın tacı Şuşa ötən il bu unikal şəhərimizdə keçirilən Zəfər qurultayı ilə dünya azərbaycanlılarını bir araya gətirərək bu məkandan birliyimizin, həmrəyliyimizin təqdimatında öz sözünü dedi.
3 oktyabr 1993-cü ildən başlanan yolun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu uğurlar davamlılığı ilə diqqətdədir. Çünki dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə uğurların davamlılığını təmin etdi. 2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin uğurlu davamı, xalqın yüksək etimadının qazanan cənab İlham Əliyevin 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində Ümummilli Liderin qarşısında verdiyi vədlərin hər birinin reallıqda təsdiqidir. Bu gün Azərbaycan tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi.
Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktına cavab olaraq Azərbaycan Ordusunun bir sutka ərzində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunmasını böyük qürur hissi ilə qeyd edirik. Artıq xeyli vaxtdır Qarabağ və Şərqi Zəngəzura davam edən Böyük Qayıdışın növbəti ünvanının məhz Xankəndi olacağı hər birimizin səbirsizliklə gözlədiyimiz məqamdır.

Teymurşah İşıqov

YAP Xaçmaz rayon təşkilatının əməkdaşı

Digər xəbərlər