PDF Oxu

Siyasət

  • 606

Yeni Azərbaycan Partiyası yeni tarixi mərhələnin siyasi dayağıdır - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklərin, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin aydın mənzərəsini ortaya qoyur. Dövlət başçısının qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının qurultayı yalnız partiyanın deyil, bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. Bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti və həyata keçirdiyi siyasi xətt Azərbaycanın hüdudlarını aşaraq Cənubi Qafqazın siyasi reallıqlarına təsir göstərən mühüm amilə çevrilib.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 30 ildən artıq müddətdə böyük və şərəfli inkişaf yolu keçib. Vaxtilə müxalifət partiyası kimi siyasi meydana çıxan YAP bu gün Azərbaycanın ən böyük siyasi qüvvəsi olmaqla yanaşı, ölkənin ictimai-siyasi sabitliyinin, milli həmrəyliyinin və davamlı inkişafının əsas dayaqlarından birinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiyanın fəallarının da böyük payı və mühüm töhfəsi vardır.
VIII Qurultayın xüsusi əhəmiyyəti isə ondan ibarətdir ki, bu mötəbər tədbir ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə işğala son qoydu, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində isə suverenliyini bütün ərazisində tam təmin etdi. Beləliklə, ölkəmiz yeni ictimai-siyasi və geosiyasi reallıqların formalaşdığı mərhələyə qədəm qoydu. Azərbaycan öz gücünə, iradəsinə və xalq-iqtidar birliyinə arxalanaraq həm işğala son qoydu, həm də regionda yeni siyasi reallıqlar yaratdı.
Bu tarixi nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Məhz Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ başlandı. 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə ölkə beynəlxalq təcriddən çıxaraq dünya birliyində layiqli mövqe qazandı, dövlətçiliyin əsasları möhkəmləndirildi, iqtisadi inkişafın fundamental istiqamətləri müəyyənləşdirildi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi gələcəyinə böyük investisiya imkanları açdı, ölkənin enerji siyasətinin və iqtisadi müstəqilliyinin möhkəm təməlini formalaşdırdı.
Bu gün də Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, güclü hərbi potensialın yaradılması və milli imkanlardan səmərəli istifadə müasir Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilərək Azərbaycanın qarşısına qoyduğu mühüm hədəflərə çatmasını təmin edib.
Ölkəmizin beynəlxalq nüfuzu da həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük hörmətə layiq olan, müstəqil siyasət yürüdən və öz taleyini özü müəyyən edən dövlət kimi qəbul olunur. İqtisadi müstəqilliyin təmin edilməsi, güclü ordu quruculuğu, uğurlu diplomatiya və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın mövqelərini daha da möhkəmləndirib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə dövlətimizin qarşısında duran ən mühüm tarixi vəzifənin uğurla yerinə yetirildiyini nümayiş etdirdi. Ardınca Ermənistanla sülh prosesində əldə olunan mühüm nəticələr regionda dayanıqlı və uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açdı.
VIII Qurultayda qarşıda duran vəzifələrə toxunan Prezident İlham Əliyev hərbi gücün artırılmasının əsas prioritetlərdən biri olduğunu xüsusi vurğuladı. Çünki dəyişən dünyada dövlətin təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatı güclü ordu və müdafiə qabiliyyəti ilə birbaşa bağlıdır. Azərbaycan bundan sonra da hərbi potensialını gücləndirəcək, müasir silah və texnologiyalara əsaslanan ordu quruculuğunu davam etdirəcəkdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi yadda qalır. Qurultayda müəyyənləşdirilən istiqamətlər göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə milli dövlətçilik ideyalarının möhkəmləndirilməsinə, ölkənin davamlı inkişafına, milli həmrəyliyin və siyasi sabitliyin qorunmasına öz töhfəsini verəcək. Azərbaycanın əldə etdiyi tarixi Zəfərlər və qarşıya qoyulan yeni strateji hədəflər isə dövlətimizin gələcək inkişaf yolunun daha qüdrətli və parlaq olacağına möhkəm inam yaradır.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər