PDF Oxu

Siyasət

  • 941

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

image

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında səsləndirilən fikirlərdən irəli gələn çağırışlar, təhsil, vətənpərvərlik, milli-mənəvi dəyərlər və müasir dövrdə incəsənətin ictimai missiyası ilə bağlı fikirlərini bölüşüb.

Turanə Orucova bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın qarşısında dayanan müasir çağırışlar, ideoloji təhlükəsizlik, təhsil və vətənpərvərlik məsələləri ilə bağlı mühüm məqamları diqqətə çatdırıb: "Xüsusilə dəyişən informasiya mühitində yeni yanaşmaların tətbiqi, formal və şablon üsullardan uzaqlaşaraq müasir vasitələrdən istifadə edilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu fikirləri mədəniyyət və incəsənət sahəsi baxımından da aktual hesab edirəm. Çünki sürətlə dəyişən dünyada milli kimliyin və mənəvi dəyərlərin qorunması yalnız ənənələrin yaşadılması ilə məhdudlaşmır. Bu dəyərlərin yeni nəslə hansı formada çatdırılması da mühüm məsələdir. İncəsənət bu prosesdə mühüm ictimai-mədəni vasitə kimi çıxış edir. Musiqi, muğam, aşıq sənəti, milli rəqs, teatr və digər yaradıcılıq sahələri xalqımızın tarixi yaddaşını, dünyagörüşünü və mənəvi irsini özündə yaşadır. Bu sənət nümunələrinin gələcək nəsillərə ötürülməsi həm mədəni varisliyin, həm də milli yaddaşın davamlılığının təmin olunması deməkdir".

Turanə Orucova açıqlamasında qeyd edib ki, bu gün isə qarşımızda yeni reallıq dayanır: "Gənclər informasiya və mədəni məhsullarla əsasən rəqəmsal platformalar vasitəsilə tanış olurlar. Buna görə də milli mədəniyyətimizin təbliğində müasir texnologiyaların, sosial medianın və yeni yaradıcılıq formatlarının imkanlarından daha geniş istifadə edilməlidir.Burada məqsəd ənənə ilə müasirliyi qarşı-qarşıya qoymaq deyil. Əksinə, milli irsimizi müasir dünyanın kommunikasiya imkanları ilə daha geniş auditoriyaya çatdırmaqdır. Azərbaycan muğamının, aşıq sənətinin, milli musiqi və rəqs nümunələrinin yeni təqdimat formaları ilə gənclərə və beynəlxalq auditoriyaya təqdim edilməsi mədəni irsimizin yaşadılması baxımından mühüm imkanlar yaradır.Təhsil və incəsənətin əlaqəsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır".

İctimai Birliyin sədrinin sözlərinə görə, uşaqların və gənclərin sənətlə erkən yaşlardan təması onların yalnız yaradıcılıq bacarıqlarını inkişaf etdirmir, eyni zamanda tarix və mədəniyyət haqqında təsəvvürlərini zənginləşdiri: " Sənət vasitəsilə öyrənilən dəyər daha çox hiss olunur, mənimsənilir və şəxsi dünyagörüşünün bir hissəsinə çevrilir.Bu prosesin mühüm istiqamətlərindən biri də gənclərin öz yaradıcılıq potensialını nümayiş etdirməsinə imkan yaratmaqdır. Gənc yalnız milli sənət nümunəsini öyrənən deyil, onu yaşadan, inkişaf etdirən və yeni auditoriyalara təqdim edən fəal iştirakçı olmalıdır".

Turanə Orucova onu da bildirib ki, “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi olaraq fəaliyyətimizdə məhz bu yanaşmanı əsas götürürük: "Gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsi, milli sənət nümunələrinin təbliği, mədəni layihələrin həyata keçirilməsi və Azərbaycan mədəniyyətinin müxtəlif platformalarda təqdim olunması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Digər mühüm istiqamət Azərbaycan mədəniyyətinin beynəlxalq mədəni dialoqda daha fəal təqdim edilməsidir. Mədəniyyət diplomatiyası xalqlar arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi üçün mühüm imkan yaradır. Azərbaycan incəsənətinin beynəlxalq tədbirlərdə və müxtəlif mədəni platformalarda təqdim olunması ölkəmizin zəngin irsinin tanıdılmasına xidmət edir. Mən hesab edirəm ki, müasir dövrdə mədəniyyət sahəsində əsas vəzifələrdən biri milli irsi qorumaq, gənc nəslin bu irslə bağını möhkəmləndirmək və Azərbaycan mədəniyyətini müasir dünyanın mədəni dialoquna fəal şəkildə daxil etməkdir.

Turanə Orucovanın sözlərinə görə, bu istiqamətdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, ictimai birliklərin, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşlığı da mühüm əhəmiyyət daşıyır: "İncəsənətin tərəqqisinə dəstək vermək bizim üçün yalnız yaradıcılığın inkişafına töhfə deyil. Bu, milli yaddaşın qorunmasına, mədəni varisliyin təmin edilməsinə və Azərbaycanın zəngin mədəni irsinin gələcəyə ötürülməsinə xidmət edən ictimai məsuliyyətdir".

Digər xəbərlər