”Ermənistan Konstitusiyasının yenilənməsi yalnız bu ölkənin daxili siyasi-hüquqi məsələsi deyil, həm də Cənubi Qafqazda sülhün gələcəyinə birbaşa təsir edən mühüm prosesdir. Azərbaycanla Ermənistan arasında sülhün siyasi müstəvidə razılaşdırılması qədər onun hüquqi əsaslarının yaradılması da vacibdir. Çünki dayanıqlı sülh siyasi bəyanatlarla deyil, hüquqi təminatlarla möhkəmləndirilir”.Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması Ermənistan cəmiyyətinin gələcək dövlətçilik fəlsəfəsi baxımından da əhəmiyyətlidir:”Burada əsas məsələ təkcə Konstitusiyanın mətninin deyil, qonşu dövlətlərlə münasibətlərə yanaşmanın dəyişməsidir.Azərbaycanın mövqeyi aydındır: Ermənistanın konstitusion-hüquqi bazasında ölkəmizə qarşı ərazi iddialarına əsas yaradan müddəalar aradan qaldırılmalıdır. Bu, Ermənistanın daxili işlərinə müdaxilə deyil, gələcəkdə mümkün hüquqi və siyasi ziddiyyətlərin qarşısının alınmasına yönəlmiş prinsipial mövqedir.Nikol Paşinyan hakimiyyəti qarşısında mühüm siyasi vəzifə dayanır. Ermənistan cəmiyyətinə izah edilməlidir ki, qonşuların ərazi bütövlüyünə hörmət ölkənin özünün təhlükəsizliyi, iqtisadi inkişafı və regional inteqrasiyası üçün də mühüm şərtdir.Konstitusiya islahatının real nəticəsi layihənin məzmunundan və onun hüquqi qüvvəyə minməsindən asılı olacaq. Azərbaycan üçün əsas olan niyyətlərin bəyan edilməsi deyil, konkret hüquqi nəticələrin əldə olunmasıdır.Biz elə bir sülh arzulayırıq ki, onun taleyi Ermənistanda hakimiyyətlərin dəyişməsindən və siyasi konyunkturadan asılı olmasın. Sülh ayrı-ayrı liderlərin siyasi iradəsindən dövlətlərin hüquqi öhdəliyinə çevrilməlidir. Məhz bu halda Cənubi Qafqaz münaqişələr coğrafiyasından əməkdaşlıq və inkişaf məkanına çevrilə bilər”.
Müəllif: Günay Hacıyeva