PDF Oxu

Siyasət

  • 854

Zəfərin zirvəsindən gələcəyə: suveren Azərbaycanın yeni tarixi qurultay mərhələsi - ŞƏRH

image

Tarix elə anlar yazır ki, həmin anlarda yalnız bir tədbir, bir yığıncaq deyil, bütöv bir xalqın əsrlik arzuları, qanı və canı bahasına qazanılmış taleyi, dəyişməz əzmi və qələbəsi bütövlükdə təcəssüm olunur. Bu gün Azərbaycan ictimai-siyasi həyatında məhz belə unikal, təkrarolunmaz bir mərhələni yaşayırıq. İlk dəfədir ki, ölkəmizin əsas müzakirə, birlik, strateji hərəkət və taleyüklü qərar platformalarından biri olan qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam, qəti və geri dönməz şəkildə bərpa etməsindən sonra keçirilir. Bu, sadəcə təqvim dəyişikliyi, növbəti təşkilati tədbir və ya adi iclas deyil; bu, milli şüurda, strateji hədəflərdə, sosial psixologiyada və dövlətçilik fəlsəfəsində yeni, şanlı bir dövrün başlanğıcıdır.
İllər boyu hər bir qurultay, hər bir genişmiqyaslı müzakirə kürsüsü ağrılı, lakin sarsılmaz bir həqiqətin – doğma torpaqlarımızın işğal altında qalmasının ağır kölgəsi altında keçirilirdi. Hər bir nitqdə, qəbul edilən hər bir sənəddə və qərarda səngər həyəcanı, haqsızlığa qarşı barışmaz mövqe, dözülməz həsrət və mütləq qayıdış inamı əsas xətt idi. O dövrün reallıqları bizi haqq səsimizi dünyaya çatdırmağa, ədalətsizliyi diqqətə çatdırmağa məcbur edirdi. İndi isə mənzərə tamamilə başqadır. Xankəndidən Laçına, Şuşadan Zəngilana, Xocalıdan Hadruta qədər üçrəngli müqəddəs bayrağımızın qürurla dalğalandığı bir dövrdə keçirilən bu qurultay artıq müdafiə, haqq səsinin ucaldılması və haqsızlığa etiraz mərhələsindən çıxaraq quruculuq, inkişaf və tərəqqi mərhələsinə keçidin ifadəsidir. Azərbaycan dövləti öz Konstitusiya quruluşunu bütün ölkə ərazisində bərqərar etməklə Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq yaradıb. Bu reallıq qurultay iştirakçılarının, ictimai-siyasi xadimlərin və bütün xalqımızın üzərinə daha məsuliyyətli, genişmiqyaslı və gələcəyə hesablanmış vəzifələr qoyur.
Ərazi bütövlüyünün və suverenliyin bərpası yalnız hərbi-siyasi zəfər deyil, həm də sosial-iqtisadi, mədəni və ideoloji inkişaf üçün yeni imkanlar yaradıb. Bu gün geniş şəkildə müzakirə olunan “Böyük Qayıdış” proqramı, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri bu yeni mərhələnin mühüm istiqamətlərindəndir. Qurultay nümayəndələri və ictimaiyyət artıq itirilmişi qaytarmaq uğrunda mübarizəni deyil, qazanılmış tarixi nailiyyətləri qorumaq və möhkəmləndirmək, Qarabağı və Şərqi Zəngəzuru müasir və abad bölgələrə çevirmək, gələcək nəsillərə daha qüdrətli və təhlükəsiz Azərbaycan ötürmək kimi mühüm vəzifələri müzakirə edirlər. İqtisadi müstəqilliyin siyasi suverenliklə vəhdəti, rəqəmsal transformasiya, təhsilin və səhiyyənin müasir standartlara uyğunlaşdırılması, gənclərin milli dəyərlərə və müasir biliklərə əsaslanan hazırlığı bu tarixi mərhələdə diqqət mərkəzində olan məsələlərdəndir.
Suverenliyini tam bərpa etmiş, sərhədlərinin təhlükəsizliyini təmin edən Azərbaycan üçün bu qurultay həm də gələcəyə baxışın müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zəfər qazanmış, hərbi və siyasi iradəsini bütün dünyaya nümayiş etdirmiş Azərbaycan artıq yalnız regional deyil, beynəlxalq miqyasda da fəal və etibarlı tərəfdaş kimi çıxış edir. Zəngəzur dəhlizinin açılması perspektivləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən qardaşlıq və inteqrasiya əlaqələri, qlobal enerji və nəqliyyat təhlükəsizliyində Azərbaycanın artan rolu bu qurultayın gündəliyinə və gələcəyə baxışına təsir edən mühüm amillərdəndir. Bu tədbir həm də xalqla dövlətin, xalqla liderin sıx həmrəyliyinin və birliyinin təzahürüdür. Birlik və həmrəylik nümayiş etdirən xalqımız bu gün qurucu əməyi ilə Azərbaycanın daha da güclənməsinə, inkişaf etməsinə və regionda sabitliyin möhkəmlənməsinə töhfə verir.
Suveren Azərbaycan reallığında, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərin işığında keçirilən bu qurultay tariximizin qızıl hərflərlə yazılmış səhifələrini möhkəmləndirməklə yanaşı, gələcəyin parlaq üfüqlərinə açılan yeni bir mərhələdir. Bu, Zəfər qazanmış xalqın özünə inamının, tükənməz gücünün və gələcəyə olan sarsılmaz inamının təcəssümüdür. Azərbaycan artıq qalib ölkə kimi yaşayır, yaradır, qurur və dünyaya sülh, əməkdaşlıq və inkişaf nümunəsi göstərərək inamla irəliləyir.

Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər