Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi tarixə düşdü. Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev nitq söylədi. Qurultay həm partiyanın keçdiyi tarixi yola nəzər salmaq, həm də növbəti dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifələri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan siyasi təşkilatlardan biri olub. Partiyanın yaradılması ölkəmizin mürəkkəb siyasi və sosial proseslər yaşadığı dövrə təsadüf edib. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya sonrakı illərdə fəaliyyətini genişləndirərək ölkənin siyasi həyatında aparıcı mövqeyə yüksəlib.
Bu gün partiyanın 30 ildən artıq siyasi fəaliyyətinin nəticələrindən danışarkən yalnız mərkəzi strukturların deyil, müxtəlif bölgələrdə fəaliyyət göstərən təşkilatların və fəalların əməyini də qeyd etmək lazımdır. Çünki partiyanın siyasi xəttinin cəmiyyətə çatdırılması, insanlarla görüşlər, ictimai təşəbbüslərdə iştirak və müxtəlif tədbirlərin təşkili bilavasitə yerli təşkilatların gündəlik fəaliyyətinin tərkib hissəsidir.
Prezident İlham Əliyev VIII Qurultayda çıxışı zamanı partiya fəallarının ölkənin son illərdə əldə etdiyi uğurlarda böyük payı və töhfəsi olduğunu xüsusi vurğulayıb. Bu fikir partiya üzvlərinin üzərinə düşən məsuliyyətin də göstəricisidir.
YAP-ın fəaliyyəti yalnız siyasi süreçlərdə iştirakla məhdudlaşmır. Partiya üzvlərinin cəmiyyətlə sıx əlaqədə olması, insanların müraciət və problemlərinə diqqətlə yanaşması, ictimai fəallıq göstərməsi və dövlət siyasətinin əsas istiqamətlərinin izahında iştirak etməsi də önəmlidir. Bu baxımdan xüsusilə rayon və şəhər təşkilatlarının fəaliyyəti əhəmiyyətlidir. Yerli təşkilatların gördüyü işlər partiyanın cəmiyyətlə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Partiyanın fəaliyyəti Azərbaycanın müasir siyasi tarixindəki başlıca proseslərlə sıx bağlıdır. Müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin edilməsi, dövlət institutlarının gücləndirilməsi və milli maraqların qorunması istiqamətində həyata keçirilən siyasət sonrakı illərdə Azərbaycanın qarşısında yeni imkanlar yaradıb.
Bu prosesdə partiyanın əsas istiqamətlərindən biri dövlətçilik ənənələrinin qorunması və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin gücləndirilməsi olub. İllər ərzində YAP sıralarında müxtəlif yaş qruplarından olan insanlar, o cümlədən gənclər birləşib. Gənclərin ictimai-siyasi fəaliyyətdə fəal iştirakı partiyanın gələcək fəaliyyətinin başlıca istiqamətlərindən biri kimi diqqət çəkir.
Bu gün Azərbaycanın qarşısında duran vəzifələr əvvəlki dövrlərdən fərqlənir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması yeni tarixi reallıq yaradıb. Prezident İlham Əliyev qurultayda qeyd edib ki, bu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultaydır.
Bu reallıq partiyanın fəaliyyətində də yeni mərhələnin başlanmasını şərtləndirir. Qarşıdakı dövrdə əsas diqqət dövlətimizin davamlı inkişafına, iqtisadi və sosial tərəqqiyə, insan kapitalının gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə yönəlməlidir.
Tarixi Zəfərlə və suverenliyin tam bərpası ilə yanaşı, böyük quruculuq və inkişaf vəzifələri də dayanır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi, yeni yaşayış məntəqələrinin salınması və insanların doğma yurdlarına qayıtması müasir dövrün əsas prioritetlərindəndir.
Mövcud şəraitdə partiya fəallarının üzərinə də ciddi vəzifələr düşür. Fəallar yalnız siyasi tədbirlərdə iştirak etməklə kifayətlənməməli, cəmiyyətin müxtəlif təbəqələri ilə daim əlaqədə olmalı, insanların fikirlərini dinləməli və ictimai süreçlərdə fəal mövqe nümayiş etdirlidirlər. Partiya fəaliyyətinin əsas gücü məhz insanlarla qurulan sağlam münasibətlərdən və gündəlik işdən formalaşır.
İdeoloji işin müasir dövrün tələblərinə uyğun qurulması da önəmli vəzifələrdəndir. Cəmiyyət dəyişir, informasiya imkanları genişlənir, xüsusilə gənclərin məlumat alma mənbələri əvvəlki dövrlərlə müqayisədə xeyli fərqlənir. Buna görə siyasi maarifləndirmə və ictimai kommunikasiya sahəsində yeni yanaşmaların tətbiqi vacibdir. VIII Qurultaydan sonra bu istiqamətlərin daha da aktuallaşdığı görünür.
YAP-ın uzunmüddətli fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən biri ölkədə baş verən dəyişikliklərə uyğun olaraq fəaliyyət istiqamətlərini yeniləməsidir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında da qeyd edildiyi kimi, taktiki və strateji məqsədlər müəyyən dövrlərdə dəyişə bilər, lakin əsas xətt dövlətçilik, müstəqillik, iqtisadi müstəqillik və güclü dövlət quruculuğu istiqamətində davam edir.
Bu baxımdan VIII Qurultay yalnız görülən işləri qiymətləndirmək deyil, həm də yeni mərhələnin tələblərini müəyyən etmək üçün əhəmiyyətlidir. Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışlar da dayanır. Bu çağırışların öhdəsindən gəlmək üçün dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaşların birgə fəaliyyəti vacibdir.
Partiya fəalları üçün bu mərhələ yeni məsuliyyət deməkdir. Hər bir partiya üzvü çalışdığı sahədə dövlətimizin inkişafına töhfə verməli, ictimai məsuliyyətini dərk etməli və cəmiyyətə faydalı olmağa çalışmalıdır. Xüsusilə gənc üzvlərin qarşısında geniş imkanlar açılır. Gənclərin yeni ideyaları, fəallığı və müasir yanaşmaları partiyanın gələcək fəaliyyətinə töhfə verə bilər.
Azərbaycanın qazandığı uğurların qorunması və yeni nailiyyətlərin əldə edilməsi yalnız dövlət səviyyəsində görülən tədbirlərdən deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətli mövqeyindən də asılıdır. Partiyanın çoxillik fəaliyyəti göstərir ki, siyasi təşkilatın gücü yalnız üzvlərinin sayında deyil, onların cəmiyyətlə əlaqələrində və qarşıya qoyulan vəzifələrə münasibətində özünü göstərir.
VIII Qurultay partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirən mühüm siyasi hadisədir. Bu vəzifələrin həyata keçirilməsi üçün partiyanın bütün strukturlarının fəallığı vacibdir. Qurultayın yaratdığı yeni siyasi şərait hər bir partiya üzvünə öz fəaliyyətini yenidən qiymətləndirmək, dövlətçilik dəyərlərinin qorunması və ictimai həmrəyliyin gücləndirilməsi işinə daha fəal töhfə vermək imkanı yaradır.
Asiman Babayev
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi