PDF Oxu

Siyasət

  • 803

Zəfər tariximiz – milli iradənin və qətiyyətin təntənəsi - ŞƏRH

image

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir dövrlə və ya bir nəsillə məhdudlaşmır. 8 Noyabr – Zəfər Günü və 20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu gün məhz belə tarixi hadisələrdəndir. Bu günlər xalqımızın yaddaşında milli qürurun, birliyin, qəhrəmanlığın və dövlətçilik əzminin rəmzi kimi əbədi yaşayacaq.
Uzun illər ərzində Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunacağına böyük inam bəsləyirdi. Dövlətimiz bütün imkanlardan istifadə edərək münaqişənin sülh yolu ilə həllinə çalışır, beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünün bərpasını ardıcıl şəkildə müdafiə edirdi. Lakin uzun müddət davam edən danışıqlar real nəticə vermədi. Mövcud status-kvonun qorunması regionda davamlı sülhün və ədalətin bərqərar olmasına mane olurdu.
Azərbaycan isə heç vaxt bu vəziyyətlə barışmadı. Dövlətimizin qətiyyətli siyasəti, güclü iqtisadi potensialın yaradılması, ordunun müasir standartlara uyğun qurulması və xalqın vahid mövqeyi qarşıya qoyulan məqsədlərə çatmaq üçün möhkəm zəmin yaratdı. Azərbaycanın siyasi rəhbərliyinin ardıcıl və prinsipial mövqeyi nəticəsində ölkəmiz öz haqqını və ədaləti bərpa etmək üçün bütün imkanlarını səfərbər etdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün sonra Azərbaycanın şanlı Zəfəri ilə nəticələndi. Ordumuz böyük qəhrəmanlıq göstərərək şəhər və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etdi. Şuşanın azad olunması isə Zəfər yolunun ən parlaq səhifələrindən birinə çevrildi. 8 Noyabr xalqımızın tarixində əbədi Zəfər Günü kimi yer aldı.
Bu Qələbə Azərbaycan xalqının milli iradəsinin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibə dövründə ölkəmizə müxtəlif istiqamətlərdən siyasi təzyiqlər göstərilməsinə baxmayaraq, Azərbaycan öz haqq yolundan dönmədi. Xalq-dövlət birliyi, yüksək mənəvi ruh və güclü siyasi iradə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsini təmin etdi.
Lakin Azərbaycanın Zəfər yolu bununla başa çatmadı. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyi bütün ərazimizdə tam bərpa edildi. Sentyabrın 20-si Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günə çevrildi. Separatizmin mövcudluğuna son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
8 Noyabr və 20 Sentyabr bir-birini tamamlayan iki böyük tarixi hadisədir. 8 Noyabrda əldə edilən Zəfər işğal altında olan ərazilərimizin böyük hissəsinin azad edilməsini təmin etdi, 20 Sentyabrda isə Azərbaycanın dövlət suverenliyi bütün ərazimizdə tam bərpa olundu. Bu baxımdan hər iki tarix müasir Azərbaycan dövlətçiliyinin ən mühüm səhifələri sırasındadır.
Bu Zəfərlərin arxasında minlərlə Azərbaycan əsgərinin və zabitinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs fədakarlığı dayanır. Onlar Vətən uğrunda canlarından keçərək adlarını Azərbaycanın şanlı tarixinə yazdılar. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların bizə miras qoyduğu ən böyük dəyər azad və suveren Azərbaycandır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın qurulması Azərbaycanın dövlət gücünün mühüm göstəricilərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Beləliklə, Zəfər yalnız hərbi uğur kimi deyil, həm də quruculuq və dirçəliş mərhələsinin başlanğıcı kimi tarixə düşüb.
Azərbaycanın bu tarixi Qələbələri dünyaya mühüm mesaj verdi: milli birlik, güclü dövlətçilik və qətiyyətli siyasi iradə qarşıya qoyulan ən mürəkkəb məqsədlərin belə reallaşdırılmasına imkan verir. Azərbaycan xalqı öz gücünə arxalanaraq tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi.
Bu gün əsas vəzifəmiz Zəfərin nəticələrini qorumaq, azad edilmiş torpaqlarımızı daha da inkişaf etdirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır. Zəfər tariximiz daim milli qürur mənbəyimiz olacaq. 8 Noyabr və 20 Sentyabr tarixləri xalqımızın yaddaşında daim yaşayacaq. Bu tarixlər Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini, Ordumuzun qəhrəmanlığını və şəhidlərimizin müqəddəs fədakarlığını özündə yaşadan əbədi Zəfər səhifələridir.
Zəfər bizim qürurumuz, suverenlik isə ən böyük dövlətçilik dəyərimizdir!

Asim Quliyev
YAP Şahbuz rayon təşkilatının mühasibi

Digər xəbərlər