"Qurultayın keçirilməsini sırf hesabatlılıq kontekstində qəbul etmək düzgün olmaz. Burada çoxsaylı aspektlər və məqamlar var ki, onların üzərində dayanmağa dəyər. Xüsusilə Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı, mən deyərdim ki, həddindən artıq əhatəli və çoxşaxəli idi. Ölkənin həyati əhəmiyyət daşıyan bütün məsələləri onun diqqətindən kənarda qalmadı".Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.O bildirib ki, Azərbaycan son illər ərzində böyük inkişaf yolu keçib. VIII qurultay haqqında danışarkən istər-istəməz 1992-ci illərə qayıdırıq. Həmin dövrdə Azərbaycan ağır vəziyyətdə idi, Naxçıvan blokada şəraitində yaşayırdı və ölkənin qarşısında ciddi çağırışlar dayanırdı. Belə bir vəziyyətdən çıxış yolu tapmaq zəruri idi. Yeni siyasi təşkilatın meydana gəlməsi də məhz ictimai qüvvələrin tələbindən irəli gəlirdi.Heydər Əliyev cəmiyyətlə, mətbuatla və ictimai fikrin fəalları ilə işləmək bacarığı ilə seçilirdi. Cəmiyyətin həyatını və onun gözləntilərini dərindən bilməsi həmin dövrdə mühüm rol oynayırdı. Təsadüfi deyil ki, gərgin ictimai-siyasi vəziyyətin, ziddiyyətlərin hökm sürdüyü bir dövrdə əsas məqsədlərdən biri yeni hədəflərin müəyyənləşdirilməsi, Azərbaycan xalqının mütəşəkkilliyinin təmin olunması və milli həmrəyliyin gücləndirilməsi idi. Bunun üçün həm yetkin siyasi təşkilata, həm də güclü siyasi liderə ehtiyac vardı:"Bu iki əsas amil bir nöqtədə birləşdi. Bir tərəfdən Heydər Əliyev dövrün çağırışlarını qəbul etdi və onların qarşısında aciz qalmayacağını nümayiş etdirdi. Digər tərəfdən Yeni Azərbaycan Partiyasının yaradılması ilə siyasi təşkilatlanma üçün mühüm əsas formalaşdı. Problemlərin çoxsaylı olduğu bir dövrdə bir çox siyasi liderlər ağır vəziyyət qarşısında çıxış yolu tapmaqda çətinlik çəkə bilərdilər. Heydər Əliyev isə dərin düşüncəyə malik siyasi xadim kimi Azərbaycan xalqının həmin kritik vəziyyətdə ən çox nəyə ehtiyac duyduğunu düzgün müəyyənləşdirirdi.Cəmiyyət də anlayırdı ki, mövcud vəziyyətdən daha sağlam və sürətli çıxış yolu tapmaq üçün güclü siyasi liderə ehtiyac var. Sonrakı proseslər göstərdi ki, Heydər Əliyev özünü dövrünün böyük, müdrik və bacarıqlı siyasətçisi kimi təsdiq edə bildi.Yeni Azərbaycan Partiyasının qarşısında dayanan əsas mübarizə isə ilk növbədə xaos, qeyri-müəyyənlik və tənəzzüllə mübarizə idi. Heydər Əliyev mövcud problemlərin hər biri ilə bağlı çıxış yolları ortaya qoyurdu.Bu gün isə həmin hadisələrdən uzun illər keçdikdən sonra YAP-ın VIII qurultayında Prezident İlham Əliyevin, yəni Heydər Əliyevin siyasi xəttinin davamçısının mövqeyini bir daha görmək mümkün oldu. Azərbaycanın təhlükəsizlik konsepsiyası üzərində qurulan idarəetmə sistemi formalaşıb. Eyni zamanda, Prezidentin inkişaf doktrinası yeni çağırışlara cavab verən müasir yanaşmaları özündə ehtiva edir.Prezidentin əsas tezislərindən biri ondan ibarətdir ki, Azərbaycan nə edirsə və qarşısına hansı məqsədləri qoyursa, ilk növbədə öz gücünə arxalanmalıdır. Çünki dövlətin dayanıqlı inkişafı üçün bu, əsas şərtlərdən biridir. Digər ölkələrin təcrübəsində də görürük ki, xarici qüvvələrə həddindən artıq arxalanan dövlətlər sonradan öz qərarlarını müstəqil şəkildə vermək imkanlarını məhdudlaşdıra bilirlər. Milli resurslara və daxili potensiala əsaslanan yanaşma isə dövlətə mövcud imkanlarını düzgün qiymətləndirməyə və onlardan səmərəli istifadə etməyə şərait yaradır.Azərbaycan 1990-cı illərin əvvəlində ağır iqtisadi vəziyyətlə üzləşmişdi. Postsovet dövründə tənəzzül dərin idi və keçid dövründə iqtisadiyyatın xammal sektoruna əsaslanması müəyyən mənada qaçılmaz idi. “Əsrin müqaviləsi”nin timsalında da gördük ki, Heydər Əliyev həmin dövrdə mühüm qərarlar qəbul etdi. İlham Əliyev isə o zaman Dövlət Neft Şirkətində mühüm vəzifədə çalışırdı və xarici transmilli şirkətlərin nümayəndələri ilə aparılan danışıqlarda iştirak edirdi. Onun peşəkarlığı və Azərbaycan maraqlarını təmkinli şəkildə müdafiə etməsi həmin prosesdə özünü göstərdi.Sonrakı mərhələdə danışıqların və müqavilələrin həyata keçirilməsi prosesində əsas istiqamətlərdən biri Azərbaycan maraqlarının qorunması oldu. Prezident İlham Əliyev qurultaydakı çıxışında Qarabağ məsələsinə, Ermənistanla münasibətlərə və bəzi ölkələrin regiona müdaxilələri məsələsinə də toxundu. Bununla Azərbaycanın artıq orta güc səviyyəsində özünü təsdiq edən dövlət olduğunu vurğuladı. Azərbaycanın həm kifayət qədər imkanları, həm də geniş inteqrasiya potensialı var.Həqiqətən də Azərbaycan elə layihələr həyata keçirib ki, həmin layihələrdən yalnız ölkəmiz deyil, tərəfdaşlarımız və qonşu dövlətlər də faydalanırlar. Bu, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində mühüm amildir. Artıq Azərbaycanın inkişaf modeli müxtəlif platformalarda müzakirə olunur və ölkəmizin təcrübəsinə istinad edilir.Azərbaycanın apardığı müharibə də ölkənin mürəkkəb problemlərə yaradıcı yanaşma nümayiş etdirə bildiyini göstərdi. Bu proses hərbi strategiya baxımından müxtəlif araşdırmalara və qiymətləndirmələrə mövzu oldu. Bütün bu proseslərin təməlində isə Heydər Əliyevin formalaşdırdığı dövlətçilik siyasəti dayanır.İlham Əliyev 2003-cü ildən Prezident vəzifəsinə gəldikdən sonra ardıcıl şəkildə müxtəlif islahat paketlərini həyata keçirdi. Əsas məqsədlərdən biri dövlət quruculuğunun və milli həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycanın gücünün artırılması, ordu quruculuğunun inkişaf etdirilməsi və müdafiə potensialının gücləndirilməsi idi.Eyni zamanda, Azərbaycanın beynəlxalq ictimaiyyətə mesajı ondan ibarət oldu ki, ölkəmiz aqressiv planlarla deyil, sağlam yanaşma, milli maraqlar və uzunmüddətli inkişaf konsepsiyası əsasında irəliləməyin tərəfdarıdır".
Müəllif: Günel Fərzəliyeva