PDF Oxu

Siyasət

  • 17

Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artıb

Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artıb

Dünən Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib.
Dövlətimizin başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlə tanış oldu. Prezident İlham Əliyev müşavirəni açaraq ötən illərdə respublikamızın paytaxtında konkret proqramlar əsasında həyata keçirilən silsilə və kompleks tədbirləri təhlil etdi.
Bakının meqapolisə çevrilməsinin prioritet məqsəd olduğunu vurğulayan dövlətimizin başçısı ötən müddətdə paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər kommunal sahələrin təkmilləşdirilməsi üçün hərtərəfli tədbirlərin reallaşdırıldığını bildirdi.
Bakıda böyük abadlıq və yaşıllaşdırma işlərinin görüldüyünü, mədəniyyət ocaqlarının əsaslı təmir olunduğunu, İçərişəhərin YUNESKO-nun dünya mədəni irs siyahısına salındığını vurğulayan Prezident İlham Əliyev paytaxtda Heydər Əliyev Mərkəzinin inşasının nəinki ölkəmizdə, o cümlədən beynəlxalq səviyyədə nadir layihələrdən olduğunu qeyd etdi.
Prezident qeyd etdi ki, ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir:
"Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır. Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən də qiymətləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Bir sözlə, sürətli inkişaf bizə imkan verdi ki, ölkəmizin hərtərəfli yüksəlişi üçün əlavə imkanlar yaradılsın. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır. Bu siyasət bizə imkan verdi ki, böyük maliyyə resursları yaradaq və onları çox böyük səmərə ilə iqtisadiyyata yönəldək ki, həm insanların rifah halı yaxşılaşsın, həm də ölkəmizin inkişafı uğurlu və uzunmüddətli olsun. Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalmışdır. Yəni, hər bir ölkənin iqtisadi və sosial göstəricilərini nümayiş etdirən əsas rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir.
Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycanın uğurlu inkişafı təmin olunacaqdır. Çünki hazırda qəbul edilmiş və icra olunan proqramlar, layihələr bu məqsədə çatmaq üçün bizə şərait yaradacaqdır. Bu yaxınlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının növbəti ilinin yekunlarını geniş müzakirə etdik. Yeni, inkişaf strategiyamızın həyata keçirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi apardıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi imkan verdi ki, bütün regionlarda sürətli inkişaf getsin, bütün regionlar güclənsin və beləliklə ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin.
Bununla bərabər, biz Bakı şəhərinin inkişafına da çox böyük diqqət göstəririk. Bakı bizim paytaxtımızdır, dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə, Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Ancaq məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün də hələ ki, bu fərq kifayət qədər böyükdürsə bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir.
Ancaq biz bu siyasəti davam etdirəcəyik. Regionlarda hazırda icrada olan layihələr əminəm ki, bütün bölgələrdə həm sosial, həm sənaye infrastrukturunun gücləndirilməsinə xidmət göstərəcəkdir. Elə etməliyik ki, hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə normal yaşamaq, işləmək üçün bütün şərait yaradılsın. Bir daha demək istəyirəm ki, bu məqsədlə çox genişmiqyaslı işlər görülür. Yenə də deyirəm, bu yaxınlarda regionların inkişafına dair müşavirədə bu barədə geniş müzakirələr aparıldı, təkrarlamağa ehtiyac yoxdur.
Bugünkü iclasda biz daha çox Bakı qəsəbələrinin inkişaf istiqamətlərini müzakirə edəcəyik və yeni proqramları müəyyənləşdirəcəyik. Yenə də demək istəyirəm ki, Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün sözün əsl mənasında dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu mənim qəti fikrimdir. Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi. Biz bəzi böyük şəhərlərin problemləri ilə tanışıq. Görürük ki, o şəhərlərdə bəzi hallarda yol hərəkəti dayanır, bir neçə saat iflic vəziyyətə düşür. Bunun qarşısının alınması üçün bir neçə il bundan əvvəl şəhərimizdə geniş yol-tikinti layihələri icra edilməyə başlamışdır.
Deyə bilərəm ki, son bir neçə il ərzində şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmişdir, yolların genişləndirilməsi layihələri icra edilmişdir. Harada ki, yollar yox idi bir çox hallarda orada yeni yollar salınmışdır. Elə bil yeni damarlar açılmışdır ki, yol hərəkəti daha da rahat olsun.
Bununla bərabər, şəhərimizdə 32 piyada keçidi tikilmişdir. Əvvəlki illərdə tikilmiş bütün keçidlər bərpa olunmuşdur və bu keçidlər bu gün memarlıq əsərləridir. Bəzilərində eskalatorlar quraşdırılıb ki, insanların rahatlığı üçün şərait yaradaq. Bütün piyada keçidlərimiz ən yüksək standartlara cavab verir. Piyada keçidlərinin inşası davam etdirilir. Həm şəhərin mərkəzində, həm də yeni yolların salınması ilə əlaqədar bu piyada keçidlərinin tikintisinə daha da böyük ehtiyac yarandı. Çünki yollar genişləndikcə, əlbəttə ki, insanların o yollardan rahat keçməsi üçün əlavə şərait yaradılmalı idi. Şəhərimizdə infrastruktur layihələrinin icrası böyük səmərə verir. Xüsusilə elektrik enerjisi ilə təchizatda son illərdə böyük və əsaslı dönüş yaranmışdır, yarımstansiyalar tikilmişdir, transformatorlar təzələnmişdir və bu proses davam etdirilir. Şəhərimizi etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün bu il və gələn illərdə hələ çox işlər görülməlidir. Yenə də deyirəm ki, şəhərimizin əhalisi artır və bütün infrastruktur layihələri bu artıma uyğun olmalıdır, onu qabaqlamalıdır. Şəhərimizdə qəsəbələr daxil olmaqla qazlaşdırma prosesi uğurla gedir. Hazırda Bakı şəhərinin 97 faizi qazlaşdırılıbdır. Ancaq biz elə etməliyik ki, yaxın illərdə 100 faiz qazlaşdırmaya nail olaq. Eyni zamanda, xüsusilə qəsəbələrdə qazın təzyiqi bəzi hallarda lazımi səviyyədə deyildir. Onu da yaxşılaşdıraq ki, bu məsələ də tam şəkildə öz həllini tapsın.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində əminəm ki, yaxın zamanlarda Bakının su ilə təminatı kəskin şəkildə yaxşılaşdırılacaqdır. Yaxın zamanlarda bu kəmər tam gücü ilə çalışacaq və şəhərimizin əhalisinin 70 faizi keyfiyyətli içməli su ilə təmin ediləcək, suyun davamlı verilməsi təmin olunacaqdır. Şəhərimizin qalan hissəsinin içməli su ilə təmin edilməsi üçün əlavə tədbirlər görülməlidir. Bu gün biz bu barədə danışacağıq.
İstiliklə təmin etmə üçün bir neçə il bundan əvvəl "Azəristilik" Birliyi yaradılmışdır və hər il o qurum tərəfindən müəyyən işlər aparılır, yeni evlərə, məktəblərə, digər obyektlərə istiliyin verilməsi prosesi gedir. Yaxın zamanlarda şəhərimizin və qəsəbələrin inkişafına dair qəbul ediləcək yeni proqram çərçivəsində bu məsələlər də öz həllini tapmalıdır. Burada əsas problem ondan ibarətdir ki, - Bakı sakinləri bunu yaxşı bilir, - vaxtilə istilik kəsildiyi dövrdə bəzi evlərdə, mənzillərdə istilik batareyaları kəsilib atılmışdır və indi onları bərpa etmək üçün müəyyən problemlər yaranır. Ancaq bu məsələyə də diqqətlə yanaşmalıyıq. Beləliklə, bu vacib məsələ öz həllini tapacaqdır.
Ekoloji məsələlərin həlli üçün kompleks tədbirlər görülür. Biz artıq "Avro-2" standartına keçmişik. Ancaq bu, birinci addımdır. "Avro-3", "Avro-4" standartlarına da keçməliyik və beləliklə, şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşdırılacaqdır. Balaxanı poliqonundan şəhəri bürüyən tüstülər daha qalxmır, o, artıq yoxdur. Biz həmin zibilxananı təmizlədik, indi onun yerində böyük park salınır. Məişət tullantıları zavodu tikilir. Bu, böyük vəsait tələb edir. Bu layihə dövlət büdcəsi tərəfindən maliyyələşdirilir və yəqin ki, 1-2 ilə bu zavod da istifadəyə veriləcəkdir. Bu da dünya səviyyəsində bir zavod olacaqdır. Şəhərimizdə təkcə keçən il 3 milyon ağac əkilmişdir. İndi biz gərək o ağaclara yaxşı qulluq edək. Çünki bəzi hallarda ağaclar təbii olaraq quruyur. Ona görə suvarma işləri, ağaclara xidmət etmək üçün xüsusi tapşırıqlar verilib ki, bu proses daim nəzarətdə olsun. Bu il, ondan sonrakı illərdə bu proses davam etdiriləcəkdir. Şəhərimizdə ağacəkmə prosesi sürətlə gedəcəkdir. Mən xüsusi göstəriş vermişəm ki, boş yerlərdə, görkəmli yerlərdə yeni ağaclar əkilsin. Bayıl yamacında böyük bir meşə zolağı yaradılacaqdır. Bakını əhatə edən bu dağlar indi quru dağlardır. Amma o dağlar meşə ilə örtüləcəkdir və həm ekoloji vəziyyət yaxşılaşdırılacaq, həm də gözoxşayan bir mənzərə yaradılacaqdır.
Bakının simvollarından biri olan Dənizkənarı Bulvar da əsaslı təmir edilmişdir. Bulvarın 100 il tarixi vardır. Hesab edirəm ki, bu 100 il ərzində bu cür əsaslı yenidənqurma və təmir işləri ilk dəfə aparılmışdır. Bulvar genişləndi - biz bulvarı dənizə qədər genişləndirdik. İndi insanlar lap dənizin kənarına çıxa bilərlər. Orada da gəzinti üçün gözəl yerlər vardır. Xüsusilə yaz-yay aylarında on minlərlə Bakı sakini bulvardadır və biz bulvarı Bakı sakinlərinə qaytardıq. Çünki hamımız yaxşı xatırlayırıq ki, bir neçə il bundan əvvəl bulvarda gəzintiyə çıxmaq üçün çox az adam tapılardı. Çünki infrastruktur bərbad, xidmət çox aşağı səviyyədə idi, zülmət, qaranlıq, bir dənə də işıq yanmırdı, dirəklər köhnəlmişdi, paslanmışdı. Adam bulvara çıxanda, sözün düzü, xəcalət çəkirdi və beləliklə, biz onu itirirdik. Şəhər sakinləri daha çox - Fəvvarələr bağına, başqa yerlərə üz tuturdular. Ancaq bu gün biz bulvarı şəhərə qaytardıq.

Elə şəkildə qaytardıq ki, bu bulvar dünyada bir nömrəli bulvardır. Dəniz kənarında yerləşən başqa şəhərlərdə dənizkənarı bulvarlar vardır. Amma heç bir yerdə bu gözəllikdə, bu genişlikdə bulvar yoxdur. Bax, bu gün bulvarın uzadılması layihəsini icra edirik - bulvar həm sağ, həm sol tərəfə uzadılacaqdır. Artıq Dəniz Ticarət Limanının köçürülməsi prosesi başlanılmışdır. Biz indi Ələtdə yeni ticarət limanı yaradırıq. İndiki ticarət limanının ərazisində artıq parklar salınır və salınacaqdır və bulvar uzadılacaqdır. Eyni zamanda, bulvar Bayraq Meydanına qədər uzadılacaqdır. Orada gəmi təmiri zavodu və köhnədən qalan digər zavodlar yerləşibdir. İndi onların köçürülməsi ilə məşğuluq və hazırda Əl Oyunları Sarayından ta Bayraq Meydanına qədər möhtəşəm, gözəl, yeni bulvar tikiləcəkdir. Beləliklə, - hazırda bulvarın uzunluğu haradasa 4 kilometrə yaxındır, - bulvarın uzunluğu 10 kilometr, bəlkə ondan da çox olacaqdır. Bayraq Meydanı isə nadir memarlıq abidəsidir, müstəqilliyimizin rəmzidir. Dünyanın ən hündür və ən böyük bayrağıdır. Bu layihəyə xüsusilə böyük diqqət göstərilmişdir. Keçən ilin sentyabrında Azərbaycanda Bayraq Meydanı böyük təntənə ilə açıldı. Orada həm də muzey fəaliyyət göstərir. İndi meydanın ətrafında böyük quruculuq, abadlıq işləri aparılır. Bayraq Meydanı özü haradasa 6 hektar ərazini əhatə edir. Onun ətrafında olan yerlər 60 hektar ərazini əhatə edir və burada böyük quruculuq işləri aparılır - parklar, bulvar, istirahət, gəzinti üçün yerlər salınır. Bu layihə ümid edirəm ki, bu ilin sonuna qədər başa çatacaqdır. Ondan sonra Bayraq Meydanına gedən bütün yollar tikiləcək, yeni yollar çəkiləcək və gəzinti üçün böyük və möhtəşəm bir meydan, əgər belə demək mümkünsə, bəlkə də dünyanın ən böyük meydanı yaradılacaqdır.
Bununla bərabər, İçərişəhərdə gedən abadlıq-quruculuq işləri də hər bir Bakı sakinini sevindirir. Vaxtilə işlərin düzgün şəkildə qurulmaması ucbatından milli sərvətimiz olan İçərişəhər YUNESKO-nun dünya mədəni irsi siyahısından silinirdi. Biz orada böyük işlər gördük, yeni qurum yaradıldı, İçərişəhərdə təmir-bərpa işləri aparıldı. Biz nail olduq ki, İçərişəhər dünya mədəniyyət incisi kimi YUNESKO-nun siyahısına yenidən daxil edilsin. Bu gün həm Bakı sakinləri, həm şəhərimizə gələn qonaqlar İçərişəhərlə tanış olarkən Azərbaycanın qədim mədəniyyətini, tarixini öz gözləri ilə görürlər. İndi orada görülən işlər ən yüksək səviyyədədir. Özü də mən sizə deyim ki, dünyada köhnə şəhərlər, tarixi abidələr o qədər də çox deyildir. Onlar daha çox Avropa şəhərlərində vardır. Onların arasında mən deyə bilərəm ki, İçərişəhər öz gözəlliyi, səliqə-sahmanı və göstərilən xidmətləri ilə fərqlənir. Bu, bizim tariximizə, qədim mədəniyyətimizə olan münasibətimizdir. Eyni zamanda, müasir infrastrukturun yaradılması və şəhərdə quruculuq-abadlıq işlərinin aparılması gələcəyə atılan addımlardır. Bakı bu iki anlayışı özündə birləşdirir: həm qədim tarix, həm də ki, müasirlik. Eyni qaydada ölkəmiz - Azərbaycan öz müstəqil həyatını yaşayır. Dövlətimiz çox möhkəm milli mənəvi dəyərlər üzərində qurulubdur. Ancaq gələcəyə - müasirliyə, inkişafa, tərəqqiyə yönəldilibdir."
Daha sonra Bakı şəhəri İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxış edərək görülən işlər barədə məlumat verib. O diqqətə çatdırıb ki, Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik və davamlı inkişafın əsası qoyulmuş, başqa sözlə, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə çevrilməsi prosesi baş vermişdir. Bu isə görülmüş və görüləcək işlər sahəsində, sözün həqiqi mənasında, əsl sıçrayış deməkdir.
H.Abutalıbov daha sonra qeyd edib ki, Bakı şəhəri və ətraf kənd və qəsəbələrin inkişafı ilə bağlı Prezidentin imzaladığı Sərəncamdan sonra bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Daha dəqiq desək, adıçəkilən bölgənin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli işlər görülmüşdür: "Şübhəsiz ki, enerji təminatının tam müsbət həlli, kanalizasiya sistemlərində yeni təmizləyici qurğuların qurulması, qəsəbədaxili təchizatın mədəni-məişət, texniki, tibbi avadanlıqla təmin edilməsi, həmçinin, idman qurğularının istifadəyə verilməsi gələcəkdə bu bölgədə turizmin inkişafı üçün münbit şərait yaradır. Milli mədəniyyətimiz və mədəni irsimizin mühüm tərkib hissəsi sayılan abidələr, məbədlər və bu qəbildən olan digər zəngin memarlıq nümunəsi sayıla bilən tikililər bərpa edilərək öz əvvəlki görünüşünə qaytarılmışdır. Buna misal olaraq, Qala kəndində bir növ möcüzələr aləmini xatırladan və tarixi-arxeoloji cəhətdən böyük əhəmiyyətli memarlıq nümunələrini göstərmək olar. Yeri gəlmişkən, görülən bu işlərdə böyük əməyi olmuş Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva milli və vətəndaş təəssübkeşliyi, mədəni irsimizə göstərdiyi qayğı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi Bakı və ətraf qəsəbə və kəndlərdə də insanların dərin rəğbətini qazanmış, diqqətə və hörmətə layiq işlər görmüşdür."
Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Rasim Ağayev, Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədri Nizami Namazəliyev, Suraxanı rayon İcra hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəsi Elçin Seyfullayev, Binəqədi bələdiyyəsinin sədri Fəzail Babayev və Xəzər rayonu Şağan qəsəbəsinin sakini Təvəkkül Səlimov ötən illərdə görülən tədbirlərdən danışdılar, sakinlərin arzu və təkliflərini diqqətə çatdırdılar. Onlar Bakı və ətraf qəsəbələrin yenidən qurulmasında yaxından iştirakına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya xüsusi minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev yekun nitqi ilə çıxış edib. Ölkə Prezidenti vurğulayıb ki, Həm Bakıda, həm də Bakının qəsəbələrində mövcud problemləri həllə etmək üçün xüsusi proqram tərtib olunmalı, yaxın zamanlarda qəbul edilməlidir. Burada qaldırılan məsələlər - yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər də bu Proqramda öz həllini tapacaqdır: "Bundan başqa, Proqramda qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır. Hər bir qəsəbə üzrə Proqramda xüsusi bəndlər olacaqdır. Hər qəsəbə üzrə kompleks yanaşma təmin edilməlidir, icra mexanizmləri, icra müddəti, şübhəsiz, müəyyən edilməlidir. Proqramın qəbul olunmasından sonra dövlət büdcəmizdə əlavələr edilməlidir ki, ilin sonuna qədər biz artıq Proqramın icrasına başlayaq. Biz vaxt itirməməliyik. Bu Proqramı, bir də demək istəyirəm ki, biz 2-3 il ərzində icra etməliyik, bunu uzatmamalıyıq. Baxmayaraq ki, burada görüləcək işlər çoxdur və xüsusilə infrastruktur layihələri həm böyük vəsait tələb edəcək, həm onların icrası üçün müəyyən qədər vaxt tələb olunacaqdır. Ancaq hesab edirəm ki, biz 3 il ərzində bu Proqramın icrasına nail olacağıq."

Digər xəbərlər