Yeni Azərbaycan Partiyasının VIII Qurultayını böyük qürur və məsuliyyət hissi ilə qarşıladıq. Cənab İlham Əliyevin vurğuladığı kimi, partiyamızın fəaliyyəti və siyasi xətti təkcə ölkəmiz üçün deyil, bütün bölgə üçün önəm daşıyır. Yeni Azərbaycan Partiyası 30 ildən çoxdur ki, iqtidardadır və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Qurultayımızın tarixi əhəmiyyəti ondadır ki, ilk dəfədir Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir. Cənab Prezident bildirdi ki, 8 Noyabr bizim əbədi bayramımız olacaq, 20 Sentyabr isə eyni əhəmiyyəti daşıyır, çünki 2023-cü il sentyabrın 20-də separatizmə və işğala son qoyuldu. Bu qələbələr böyük güclərin müqaviməti fonunda, təkbaşına əldə edildi. Müharibədən sonra sülhün də Ağ Evdə möhürlənməsi göstərir ki, Azərbaycan lazım olan vaxtda dayanmağı və sülhə nail olmağı bacarır. Bu yolda şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Bu qələbələrin başlanğıcı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin xatırlatdığı kimi, 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açdı. Ölkə idarəolunmaz vəziyyətdə olanda xalqın tələbi ilə yaradılan partiya Heydər Əliyevin rəhbərliyi ilə dövləti parçalanmaqdan xilas etdi, beynəlxalq təcriddən çıxardı, "Əsrin kontraktı" ilə iqtisadi inkişafın təməlini qoydu və dövlətçiliyin əsaslarını möhkəmləndirdi. Prezidentin sözləri ilə desək, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Bu xəttin ana istiqamətləri müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensialdır.
Cənab Prezidentin Qurultaydakı çıxışı qarşıdakı dövrün vəzifələrini də aydın müəyyən etdi. Birincisi, hərbi gücümüz daim artırılmalıdır. Dünyada müharibələr çoxalır, beynəlxalq hüquq zəifləyir və bu şəraitdə özümüzü qoruya bilməsək, digər layihələr əhəmiyyətini itirər. Gələn ilin büdcəsində təhlükəsizlik üçün təxminən 9 milyard manat nəzərdə tutulması da bundan irəli gəlir. İkincisi, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər önəmlidir. Bu sahədə təhsil və vətənpərvərlik əsas vasitələrdir, partiya fəalları isə ideoloji işin mərkəzində olmalıdırlar. Prezident formal tədbirlərdən və şablonlardan əl çəkməyi, yeni və müasir ideoloji iş aparmağı tövsiyə etdi. Bizim üstünlüyümüz ondadır ki, əfsanə yaratmağa ehtiyac yoxdur, əsas olan həqiqətlərin hər vətəndaşa, o cümlədən Azərbaycan dilində çatdırılmasıdır. Bu, biz gənclər üçün böyük məsuliyyətdir, çünki gənclərin düşüncəsi informasiya məkanında gedən mübarizənin əsas hədəflərindən biridir. Üçüncüsü, xarici siyasət müstəqil və fəal olmalıdır. Azərbaycan heç bir düşərgəyə qoşulmur, bütün qütblərlə münasibət qurur və sözünün imzası qədər dəyərli olduğunu sübut edib. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsinin və ABŞ ilə Strateji Xartiyanın imzalanması, Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməyimiz və D-8-ə üzvlüyümüz ölkəmizin artan nüfuzunu göstərir. Dördüncüsü, iqtisadi və sosial sahədə də uğurlarımız göz qabağındadır.
Prezident gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması barədə göstəriş verdiyini bildirdi. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 5,6 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə 90 milyard dollara çatıb. Bu, gələcək nəsillərə borc qoymamaq siyasətinin nəticəsidir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları və digər enerji resurslarını istehsal və ixrac edən nadir ölkələrdəndir. Tranzit yüklərin həcminin bu il 16 milyon tona çatması və orta müddətdə 30 milyon tona çatdırılması hədəfi nəqliyyat sahəsində yeni imkanlar açır.
Nəhayət, "Böyük Qayıdış" Prezidentin diqqət mərkəzindədir. Qarabağda və Şərqi Zəngəzurda artıq 96 min nəfər yaşayır, bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşıb. Bundan sonrakı illərdə bu proses daha da sürətlə davam edəcək.
Əminəm ki, Yeni Azərbaycan Partiyasının fəalları və üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər. Bizim borcumuz Heydər Əliyev ideyalarına sadiq qalmaq, Prezidentimizin siyasətini dəstəkləmək, Vətənə və dövlətə layiqincə xidmət etməkdir.
Sona Mirzəyeva,
YAP Neftçala rayon təşkilatının məsləhətçisi