Prezident İlham Əliyev: "İtkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır”
"İtkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. Biz bu məsələyə dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən ümumbəşəri humanitar problem kimi yanaşırıq". Bu fikirlər Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına" müraciətində yer alıb. Dövlət başçımız qeyd edib ki, münaqişənin bitməsinə baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır. Ölkəmizin təşəbbüsü ilə yaradılmış Bakı Dialoqu itkin düşmüş şəxslər məsələsində dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin səylərini birləşdirərək təcrübə mübadiləsi aparmaq və əməli əməkdaşlığı genişləndirmək, bu problemə beynəlxalq diqqəti artırmaq üçün əhəmiyyətli platforma olaraq çıxış edir. Bakı Dialoqu formatında keçirilən bu dördüncü konfrans faktiki olaraq kifayət qədər həssas və olduqca əhəmiyyətli, aktual bir mövzunun müzakirə olunmasına həsr olunub. İtkin düşmüş şəxslərin məsələsi, bu sadəcə humanitar xarakterli bir iş deyil. Bu əslində münaqişədən sonrakı dövrdə etimadın qurulması, insan talelərinə aydınlığın gətirilməsi və bu müstəvidə də beynəlxalq əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, hətta müəyyən mənada bir institusionallaşması baxımından olduqca vacib bir hadisə hesab olunur.
Prezident İlham Əliyev konfransın keçirilməsinə dəstək göstərib və itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin başçısı qətiyyətli və prinsipial mövqeyini hər zaman sərgiləmişdi.
“İTKİN DÜŞMÜŞ ŞƏXSLƏRİN TALEYİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ BU PROSESİN AYRILMAZ HİSSƏSİDİR”
Prezidentin müraciətində qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Bu rəqəm yalnız statistika deyil, münaqişənin insan həyatına vurduğu dərin zərərin göstəricisidir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası vasitəsilə axtarışların genişləndirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi və ekspertizaların aparılması istiqamətində sistemli tədbirlər görülür. Dövlətimizin başçısı müraciətində işğaldan azad olunmuş ərazilərdə indiyədək 32 kütləvi məzarlığın aşkar edildiyi bildirib. Bu faktın özü də bir daha münaqişənin təkcə hərbi deyil, həm də ciddi humanitar hüquq pozuntuları ilə müşayiət olunduğunu göstərir. İnsan qalıqları üzərində aparılmış ekspertizaların işgəncə əlamətlərini təsdiqləməsi, münaqişə dövründə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu ortaya qoyur. İtkin düşmüş şəxs bağlı məsələ ölkəmizin də üzləşdiyi ən ağır problemlərdən biri kimi qalmaqdadır. Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı çoxsaylı soydaşımız itkin düşüb. Həmin şəxslərin taleyi bu günədək məlum deyil, onların ailələri öz əzizlərinin taleyinin müəyyənləşdirməsini böyük həsrətlə gözləyirlər. Azərbaycan da bu məsələdən əziyyət çəkən dövlərlərdəndir. “Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaratmışdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi. Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir”, - deyə Prezident bildirib. 2025-ci il 8 avqust Vaşinqton razılaşması da əldə olunduqdan sonra Prezident cənab İlham Əliyevin media təmsilçilərinin suallarını cavablandırarkən Paşinyanın ev tapşırıqları barədə də söyləmişdi. Bu tapşırıqlardan da biri etimadla bağlı olan bir məsələdir. Etimad olduğu halda itkin düşmüş şəxslərlə bağlı məlumatın toplanılması, arxiv sənədlərinin üzə çıxarılması, şahid ifadələrinin əldə və məlumatın təqdim olunması mümkün ola bilər. 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində paraflanmış "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" layihəsinin 9-cu maddəsi itkin şəxslərin taleyinin müəyyən edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.
İşğaldan azad edilmiş ərazilərimizdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunmuşdur. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Müharibədən sonrakı dövrdə ilk kütləvi məzarlıqlar 2021-ci ilin fevral ayının 17-də Şuşa rayonunun Daşaltı qəsəbəsində aşkarlanmışdır. Orada aşkarlanmış iki kütləvi məzarlıqdan 28 nəfərə aid meyit qalığı ekshumasiya edilərək götürülmüşdür. Onu da qeyd edim ki, Daşaltı qəsəbəsində aşkarlanmış meyit qalıqları üzrə 14 itkin şəhidin eyniləşdirilməsi mümkün olmuşdur. Həmin şəxslər 26 yanvar 1992-ci il tarixdə Daşaltı qəsəbəsi uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan hərbçiləridir.
Sonrakı dövrdə isə işğaldan azad olunmuş ərazilərimizdə daha 29 kütləvi məzarlıq aşkar edilmiş, qazıntı işləri həyata keçirilmişdir. Bütövlükdə aşkar edilmiş 29 kütləvi məzarlıqdan Birinci Qarabağ müharibəsində itkin düşmüş 218 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq götürülmüşdür. Həmin meyit qalıqları üzrə 60 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilmişdir. Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkindüşmə faktı ilə bağlı Dövlət Komissiyasına müraciətlərin sayı artmışdı. Bu müraciətlər eyni zamanda Xocalı soyqırımı zamanı yaxınları itkin düşmüş şəxslər tərəfindən də edilir. 2024-cü ildə edilmiş müraciətlərin araşdırılması nəticəsində daha 13 vətəndaşımızın Xocalı soyqırımı zamanı itkin düşməsi faktı müəyyən edilmiş və onlar müvafiq qaydada itkin düşmüş şəxs kimi qeydiyyata alınmışlar. Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı çoxsaylı soydaşımız itkin düşüb. Həmin şəxslərin taleyi bu günədək məlum deyil, onların ailələri öz əzizlərinin taleyinin müəyyənləşdirməsini böyük həsrətlə gözləyirlər. Ermənistan tərəfi isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən boyun qaçırır, iştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normaları kobud şəkildə pozur.
“İTKİN DÜŞMÜŞ ŞƏXSLƏRİN AXTARIŞLARININ SƏMƏRƏLİLİYİ DƏQİQ MƏLUMATLARIN ƏLDƏ OLUNMASINDAN BİLAVASİTƏ ASILIDIR”
Məlumdur ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşmişdir. Münaqişə davam etdiyi müddətdə mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmiş, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulmuşdur. Bütün bu hallar xeyli sayda soydaşımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri- müəyyən qalmasına səbəb olmuşdur. Vurğulamaq yerinə düşər ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları ölkəmizə təqdim etmir. Azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində yalnız Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilir. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilib. Qeyd etdiyimiz kimi, artıq dördüncü dəfədir ki, Azərbaycan itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. “İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır”, - deyə Prezident bildirib.
Zümrüd BAYRAMOVA
O, çox əhəmiyyətli bir yaşa çatıb...