Yeni Azərbaycan Partiyasının qurucusu, müasir Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün özünün ən şanlı və qüdrətli mərhələsini yaşayır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak etmək, həmin mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışını dinləmək bir tarixçi kimi mənim üçün böyük qürur mənbəyidir.
Dövlət başçımızın tarixi çıxışını diqqətlə təhlil etdikdə aydın görünür ki, burada söhbət yalnız keçmiş zəfərin fəxarətindən getmir. Qarşıda duran əsas məqsəd Azərbaycanın əldə etdiyi tarixi Qələbəni davamlı iqtisadi, sosial, elmi və intellektual üstünlüyə çevirmək, yeni inkişaf mərhələsinin möhkəm təməllərini yaratmaqdır. Bu böyük konsepsiyanın mərkəzində bir-biri ilə sıx bağlı olan iki fundamental istiqamət dayanır: Böyük Qayıdış və Güclü Təhsil.
Biz çox yaxşı bilirik ki, böyük zəfərləri qazanmaq nə qədər çətindirsə, həmin zəfərlərin nəticələrini qorumaq, onları davamlı inkişaf və milli güc amilinə çevirmək də bir o qədər böyük məsuliyyət tələb edir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış yalnız dağılmış yaşayış məntəqələrinin bərpası, yeni evlərin tikilməsi və əhalinin doğma yurdlarına köçürülməsi prosesi deyil. Bu, müasir dövlətçilik tariximizin ən böyük quruculuq layihələrindən biridir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər azad edilmiş ərazilərin kompleks inkişafını nəzərdə tutur. Burada paralel şəkildə minalardan təmizləmə, yol və nəqliyyat infrastrukturu, energetika, su təsərrüfatı, rəqəmsal şəbəkələr, sosial obyektlər və müasir şəhərsalma sistemləri yaradılır. Otuz il ərzində işğal nəticəsində dağıdılmış şəhər və kəndlərimiz sadəcə əvvəlki vəziyyətinə qaytarılmır; onların yerində XXI əsrin tələblərinə cavab verən, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına əsaslanan, ekoloji və texnoloji baxımdan müasir yaşayış məkanları qurulur. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişaf modelinin mühüm sınaq və tətbiq məkanına çevrilir.
Bölgədə həyata keçirilən nəqliyyat layihələri Böyük Qayıdışın miqyasını və strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının inşası Qarabağın Azərbaycanın digər bölgələri və dünya ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə xidmət edir. Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətləri, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, eləcə də Xankəndi, Xocalı, Kəlbəcər və Laçın istiqamətlərində həyata keçirilən yol və tunel layihələri regionun yeni nəqliyyat sisteminin əsasını təşkil edir. Bu nəhəng infrastruktur şəbəkəsi Azərbaycanın regional və beynəlxalq nəqliyyat imkanlarını daha da genişləndirir. Gələcəkdə Zəngəzur dəhlizinin reallaşması ilə bu imkanların daha böyük iqtisadi və geosiyasi əhəmiyyət qazanacağı şübhəsizdir.
Bərpa prosesinin mühüm istiqamətlərindən biri də enerji təhlükəsizliyi və yaşıl enerji siyasətidir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” kimi inkişaf etdirilməsi dövlətimizin gələcəyə hesablanmış strateji siyasətinin mühüm göstəricisidir. Xudafərin və Qız Qalası su qovşaqları, çaylar üzərində yaradılan və bərpa olunan hidroenerji obyektləri, günəş və külək enerjisi potensialının reallaşdırılması azad edilmiş ərazilərin Azərbaycanın yaşıl enerji siyasətində aparıcı mövqeyə yüksəlməsinə imkan verir. Sərsəng və Suqovuşan su anbarlarının, yeni suvarma və meliorasiya sistemlərinin bərpası isə kənd təsərrüfatının inkişafı və regionun iqtisadi potensialının səmərəli istifadəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Qarabağ yalnız yaşayış və iqtisadi fəaliyyət məkanı deyil, həm də Azərbaycanın ekoloji və enerji gələcəyinin mühüm mərkəzlərindən birinə çevrilir.
Böyük Qayıdışın davamlı olması üçün yalnız yaşayış məntəqələrinin salınması kifayət deyil. İnsanların doğma torpaqlarında rahat və təhlükəsiz yaşaması, işləməsi, sosial və iqtisadi imkanlardan faydalanması üçün dayanıqlı iqtisadi mühit yaradılmalıdır. Ağdam Sənaye Parkı və Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bu baxımdan mühüm addımlardır. Vergi və gömrük güzəştləri, hazır infrastruktur və investorlar üçün yaradılan əlverişli şərait yeni müəssisələrin fəaliyyətə başlamasına və məşğulluğun artmasına imkan verir. Ağali, Zabux, Sus, Talış və digər yaşayış məntəqələrində, eləcə də Şuşa, Füzuli, Laçın, Cəbrayıl, Xocalı və Xankəndidə həyata keçirilən quruculuq işləri insanların doğma yurdlarına qayıdışının sosial əsaslarını möhkəmləndirir. Bütün bunlar Böyük Qayıdışın sadəcə bir məskunlaşma proqramı deyil, yeni həyat və inkişaf modelinin formalaşdırılması olduğunu göstərir.
Lakin burada mühüm bir sual meydana çıxır: bu müasir şəhərləri, sənaye müəssisələrini, rəqəmsal infrastrukturu və ağıllı texnologiyaları kim idarə edəcək? Bu yeni məkanlara canlı ruh, elmi düşüncə və inkişaf enerjisi verən əsas qüvvə kim olacaq? Bu sualın cavabı dövlətimizin başçısının siyasətində xüsusi yer tutan insan kapitalı və təhsil amilindədir. Təhsil Böyük Qayıdışın sadəcə müşayiətedici sahəsi deyil; əksinə, onun uğurunu və davamlılığını müəyyən edən əsas amillərdən biridir. Biz yollar, körpülər, hava limanları və müasir binalar inşa edə bilərik, lakin həmin infrastrukturu idarə edən, inkişaf etdirən və ona yeni məzmun qazandıran insan kapitalıdır. Müasir texnologiyalar nə qədər mükəmməl olsa da, onları yaradan və idarə edən savadlı, yaradıcı və məsuliyyətli insanlara ehtiyac var. Buna görə də Qarabağın gələcəyi, ilk növbədə, burada formalaşacaq yeni nəsil mütəxəssislərdən asılıdır.
Bu gün təhsil sistemimizin qarşısında duran vəzifə yalnız diplomlu mütəxəssislər yetişdirməkdən ibarət deyil. Müasir dövr mühəndis düşüncəsinə, texnoloji və rəqəmsal bacarıqlara, tənqidi təfəkkürə, yaradıcılıq qabiliyyətinə malik gənclər tələb edir. Süni intellektin, böyük verilənlər bazalarının, avtomatlaşdırılmış idarəetmə sistemlərinin sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan gənci texnologiyanın yalnız istehlakçısı deyil, onun yaradıcısı olmalıdır. Biz elmi araşdırma aparan, müasir laboratoriyalarda çalışan, innovativ layihələr hazırlayan, proqramlaşdırma və mühəndislik sahələrində beynəlxalq rəqabətə davam gətirən mütəxəssislər yetişdirməliyik. Lakin yalnız texniki bilik də kifayət etmir. Müasir təhsilin mühüm və ayrılmaz istiqamətlərindən biri də milli kimlik, dövlətçilik təfəkkürü və tarihi yaddaşdır. Yüksək texnologiyalara yiyələnən gənc eyni zamanda öz tarixini, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini dərindən bilməlidir. Bizim məqsədimiz yüksək intellektlə güclü vətənpərvərlik ruhunun vəhdət təşkil etdiyi insan kapitalı formalaşdırmaqdır. Çünki müasir Azərbaycan üçün lazım olan gənc yalnız texnologiyanı bilən deyil, həmin bilikləri ölkəsinin inkişafına, dövlətinin güclənməsinə və xalqının rifahına yönəldən gəncdir.
Bu möhtəşəm konsepsiyanın ən parlaq nümunələrindən biri Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetidir. Qarabağ Universitetinin yaradılması yalnız yeni ali təhsil müəssisəsinin fəaliyyətə başlaması demək deyil. Bu, azad edilmiş torpaqlarda elmin, təhsilin, intellektin və milli dövlətçilik iradəsinin təntənəsidir. İllərlə işğal altında qalmış Xankəndidə bu gün Azərbaycan gənclərinin müasir ixtisaslar üzrə təhsil alması, elmi müzakirələr aparması, yeni ideyalar və layihələr üzərində çalışması böyük mənəvi və tarixi əhəmiyyət daşıyır. Universitetin fəaliyyətində rəqəmsal iqtisadiyyat, mühəndislik, süni intellekt, pedaqogika, turizm və digər müasir istiqamətlərin önə çəkilməsi Qarabağın gələcək inkişaf prioritetləri ilə birbaşa səsləşir. Qarabağ Universiteti regionun sosial-iqtisadi inkişafına töhfə verəcək, yüksək ixtisaslı kadr hazırlığını təmin edəcək və Qarabağın elmi-intellektual potensialının formalaşmasında mühüm rol oynayacaqdır. Bu mənada Qarabağ Universiteti Böyük Qayıdışın intellektual zəfər simvoludur.
Bu gün Qarabağda gedən proseslərə yalnız tikinti və yenidənqurma prizmasından baxmaq doğru olmaz. Burada daha böyük və tarixi bir proses – milli dirçəliş, elmi inkişaf və intellektual intibah prosesi baş verir. Biz hərbi zəfərimizlə torpaqlarımızı işğaldan azad etdik və tariximizin ən şanlı səhifələrindən birini yazdıq. İndi isə həmin zəfəri elm, təhsil, texnologiya, innovasiya və yüksək insan kapitalı ilə möhkəmləndirmək qarşıda duran əsas vəzifələrdəndir. Əgər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızın azadlığını və suverenliyimizi təmin edibsə, savadlı, yaradıcı, tənqidi düşüncəli və milli kimliyinə bağlı gəncliyimiz həmin azadlığı gələcək nəsillər üçün daha da möhkəmləndirəcəkdir.
Böyük Qayıdış yalnız insanların öz doğma yurdlarına qayıtması deyil; Böyük Qayıdış Azərbaycanın elmi, texnoloji, iqtisadi, mədəni və intellektual baxımdan yeni zirvələrə yüksəlişidir. Bu prosesin memarı dövlətimizin başçısı, onun əsas dayaqlarından biri isə güclü təhsil, elm və müasir dünyagörüşünə malik Azərbaycan gəncliyidir. Bu baxımdan Qarabağda qurulan yeni şəhərlər, salınan məktəblər, fəaliyyətə başlayan universitetlər, yaradılan sənaye müəssisələri və formalaşdırılan müasir infrastruktur təkcə bu günümüzün deyil, gələcəyimizin də təməlidir. Böyük Zəfər bizi Qarabağa qaytardı; Böyük Təhsil və Böyük İntibah isə Qarabağı Azərbaycanın gələcək inkişafının qüdrətli mərkəzlərindən birinə çevirəcəkdir.
Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, dosent
O, çox əhəmiyyətli bir yaşa çatıb...