PDF Oxu

Siyasət

  • 523

Azərbaycanın yeni inkişaf mərhələsi: qarşıda duran tarixi vəzifələr və böyük hədəflər - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxış ölkəmizin müasir inkişaf tarixinin mühüm mərhələsini xarakterizə edən, əldə olunmuş tarixi nailiyyətləri ümumiləşdirən və qarşıdakı illər üçün əsas strateji istiqamətləri müəyyənləşdirən mühüm siyasi nitq kimi diqqəti cəlb edir. Bu çıxış təkcə Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələri müəyyənləşdirməklə məhdudlaşmır. Burada müasir Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, ideoloji və beynəlxalq inkişafının əsas prioritetləri bütöv şəkildə təqdim olunur.

VIII Qurultayın xüsusi tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu toplantı Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Bu faktın özü ölkəmizin keçdiyi mürəkkəb və şərəfli yolun hansı böyük nəticələrlə başa çatdığını göstərir. Vaxtilə ərazi bütövlüyünün bərpası qarşısında çoxsaylı maneələrin olduğu, Azərbaycanın ciddi siyasi, hərbi və diplomatik təzyiqlərlə üzləşdiyi bir şəraitdən bu gün öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü dövlət səviyyəsinə yüksəlmək tarixi inkişafın mahiyyətini aydın nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında bu tarixi nəticənin təsadüfi olmadığı, uzun illər ərzində aparılan ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi olduğu xüsusi vurğulanır. Azərbaycanın qələbələrinin təməlində milli birlik, siyasi iradə, iqtisadi güc, hərbi qüdrət və müstəqil xarici siyasət dayanır. Azərbaycan xalqının vahid mövqedə olması, öz haqqının bərpası uğrunda dövlətin apardığı siyasəti dəstəkləməsi və dövlət–xalq birliyinin bütün sınaqlardan keçməsi Vətən müharibəsində və sonrakı proseslərdə Azərbaycanın mövqeyini daha da gücləndirdi.

Bu mənada Yeni Azərbaycan Partiyasının tarixi missiyası da xüsusi əhəmiyyət daşıyır. Partiyanın yaradılması Azərbaycanın ən mürəkkəb ictimai-siyasi dövrünə təsadüf etmişdir. Ölkənin parçalanma təhlükəsi ilə üz-üzə qaldığı, siyasi qeyri-sabitliyin hökm sürdüyü, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi və eyni zamanda ölkə daxilində vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda xalqın Heydər Əliyevə olan inamı Azərbaycanın gələcək taleyində həlledici rol oynadı.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə sabitliyin təmin edilməsi və milli inkişaf strategiyasının formalaşdırılması üçün möhkəm təməl yaradıldı. Yeni Azərbaycan Partiyası da məhz bu tarixi zərurətdən doğan siyasi qüvvə kimi ölkənin sonrakı inkişafında mühüm rol oynadı. Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, Azərbaycanın qələbələrinin başlanğıcını YAP-ın təsis qurultayında axtarmaq təsadüfi deyil. Çünki həmin dövrdə müəyyənləşdirilən dövlətçilik və milli inkişaf fəlsəfəsi sonrakı illərdə ölkənin bütün uğurlarının siyasi dayaqlarından birinə çevrildi.

Bu gün Ulu Öndərin siyasi irsi Azərbaycanın inkişafının əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyev qurultaydakı çıxışında bu siyasi xəttin dəyişməz mahiyyətini bir daha ifadə etdi. İllər ərzində taktiki və müəyyən hallarda strateji məqsədlər dəyişə bilər, lakin siyasi kursun əsas xətti – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə prinsipləri dəyişməz olaraq qalır.

Məhz bu ardıcıl siyasətin nəticəsidir ki, bu gün Azərbaycan regionda və beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və çəkisi olan dövlətə çevrilib. Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, bir sıra mühüm siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik proseslərinə təsir göstərən ölkədir. Prezidentin çıxışında Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkəyə çevrildiyi, bir sıra tanınmış ekspert və təhlilçilərin ölkəmizi orta güc dövlətləri sırasında qiymətləndirdiyi qeyd olunur.

Azərbaycanın bu mövqeyinin arxasında ilk növbədə iqtisadi müstəqillik dayanır. Güclü iqtisadiyyat olmadan nə müstəqil xarici siyasət yürütmək, nə güclü ordu yaratmaq, nə də böyük sosial və infrastruktur layihələrini həyata keçirmək mümkündür. Son illər ərzində ölkənin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması bu baxımdan mühüm strateji üstünlükdür.

Prezident İlham Əliyevin təqdim etdiyi göstəricilər Azərbaycanın maliyyə dayanıqlığının miqyasını aydın göstərir. Azərbaycanın xarici borcunun ümumi daxili məhsula nisbəti 5,6 faiz təşkil edir. Valyuta ehtiyatları isə 90 milyard dollara çatıb və xarici borcdan təxminən 20 dəfə çoxdur. Dünya iqtisadiyyatında ciddi qeyri-müəyyənliklərin, maliyyə və enerji bazarlarında dəyişkənliyin artdığı bir dövrdə bu cür maliyyə göstəricilərinin mövcudluğu ölkəmizin iqtisadi müstəqilliyinin mühüm təminatlarından biridir.

Bu iqtisadi potensial, eyni zamanda, qarşıdakı illərdə sosial siyasətin daha da gücləndirilməsinə imkan yaradır. Prezidentin çıxışında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı barədə verilən mesaj dövlətin iqtisadi siyasətinin əsas məqsədinin insanların rifahının yüksəldilməsi olduğunu bir daha təsdiqləyir. İqtisadi artım və maliyyə sabitliyi son nəticədə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir.

Azərbaycanın iqtisadi inkişaf modelinin mühüm xüsusiyyətlərindən biri də investisiya imkanlarının genişlənməsidir. Ölkəmizdə keçirilən Beynəlxalq İnvestisiya Forumları Azərbaycanın xarici investorlar üçün artan cəlbediciliyini nümayiş etdirir. İki forum çərçivəsində imzalanmış investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olması Azərbaycanın iqtisadi potensialına beynəlxalq marağın mühüm göstəricisidir.

Bununla yanaşı, Azərbaycanın gələcək iqtisadi inkişafında nəqliyyat və logistika imkanlarının xüsusi rolu olacaq. Ölkəmizin Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutlarının üzərində yerləşməsi strateji üstünlükdür. Azərbaycan ərazisindən keçəcək tranzit yüklərin həcminin orta müddətdə 30 milyon tona çatdırılması qarşıya qoyulan mühüm hədəflərdəndir. Bu, yalnız tranzit gəlirlərinin artması demək deyil. Eyni zamanda, yeni istehsal və xidmət sahələrinin yaranması, minlərlə iş yerinin açılması və Azərbaycanın beynəlxalq logistika sistemində rolunun daha da güclənməsi deməkdir.

Beləliklə, Azərbaycan öz coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirməklə yanaşı, regionun nəqliyyat xəritəsinin formalaşmasında da fəal iştirak edir. Enerji layihələri ilə başlayan regional əməkdaşlıq imkanları nəqliyyat, logistika, rəqəmsal bağlantılar və digər istiqamətlər üzrə genişlənir. Bu proses Azərbaycanın geoiqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin qurultayda diqqət yetirdiyi əsas məsələlərdən biri də milli təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təhlükəsizlik məsələsini gündəlikdən çıxarmır. Əksinə, yeni geosiyasi reallıqlar daha yüksək hazırlıq, güclü ordu və çevik təhlükəsizlik siyasəti tələb edir.

Bu baxımdan dövlət başçısının “hər gün hazır olmalıyıq” məzmunlu fikirləri mühüm mesajdır. Azərbaycan müharibə istəmir, sülhün və sabitliyin tərəfdarıdır. Lakin sülhün etibarlı təminatlarından biri güclü dövlət və güclü müdafiə potensialıdır. Azərbaycanın öz təhlükəsizliyini qorumaq imkanlarının daim yüksək səviyyədə saxlanılması dövlət siyasətinin dəyişməz prioritetlərindəndir.

Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi təhlükəsizliklə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, internetin və sosial şəbəkələrin təsir imkanlarının genişlənməsi, kiberhücumların artması və süni intellektin həyatın bütün sahələrinə nüfuz etməsi yeni təhlükəsizlik müstəvisini meydana çıxarıb. Bu reallıq Prezidentin ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməsini tamamilə əsaslandırır.

İdeoloji təhlükəsizlik cəmiyyətin informasiya və düşüncə müstəqilliyinin qorunması deməkdir. Xaricdən yönələn dezinformasiya, saxta məlumatlar, manipulyativ çağırışlar və milli maraqlara zidd ideoloji təsirlər xüsusilə gənclər arasında müəyyən təsir yaratmağa cəhd göstərə bilər. Buna görə də müasir dövlətin qarşısında duran vəzifələrdən biri cəmiyyətin belə təsirlərə qarşı immunitetinin gücləndirilməsidir.

Bu immunitetin formalaşdırılmasının əsas yolu isə təhsildən keçir. Prezidentin qurultayda vurğuladığı kimi, xalq nə qədər savadlı və bilikli olarsa, yalanlara, şayiələrə və ideoloji təxribatlara qarşı bir o qədər dayanıqlı olar. Bu baxımdan təhsil artıq yalnız iqtisadi inkişaf və insan kapitalının formalaşdırılması vasitəsi deyil, həm də milli təhlükəsizliyin mühüm komponentidir.

Müasir Azərbaycan gənci yüksək bilik və peşəkarlıqla yanaşı, milli dövlətçilik dəyərlərinə bağlı, informasiya savadlılığı yüksək, analitik düşüncəyə malik və qlobal prosesləri düzgün qiymətləndirə bilən vətəndaş kimi yetişməlidir. Bu isə təhsil sisteminin qarşısında yeni və daha böyük məsuliyyətlər qoyur. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi, innovasiyaların tətbiqi və gənclərin müasir əmək bazarının tələblərinə uyğun hazırlanması ölkənin gələcək inkişafının əsas şərtlərindən olacaq.

Azərbaycanın milli ideoloji məkanının qorunmasında və yeni çağırışlara cavab verən ictimai-siyasi fəaliyyətin təşkilində Yeni Azərbaycan Partiyasının üzərinə də mühüm vəzifələr düşür. Prezident İlham Əliyevin bu məsələdə xüsusilə yeni yanaşmalara çağırış etməsi diqqətəlayiqdir. Müasir dövrdə ideoloji iş formal tədbirlər, şablon çıxışlar və ənənəvi üsullarla məhdudlaşa bilməz. Yeni informasiya mühiti yeni kommunikasiya üsulları tələb edir.

Partiyanın fəalları ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq, sosial və iqtisadi layihələr barədə cəmiyyətin düzgün və obyektiv məlumatlandırılmasında daha fəal iştirak etməli, müasir informasiya imkanlarından səmərəli istifadə etməlidirlər. Azərbaycan reallıqlarının beynəlxalq informasiya məkanında daha geniş təqdim olunması da bu fəaliyyətin mühüm istiqamətlərindən biridir.

Qurultayda xarici siyasət məsələlərinə xüsusi diqqət yetirilməsi də Azərbaycanın yeni mərhələdə qarşısında duran vəzifələrin miqyasını göstərir. Azərbaycan artıq regional proseslərin passiv müşahidəçisi deyil. Ölkəmiz müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla çoxşaxəli münasibətlər qurur, müxtəlif siyasi və iqtisadi platformalarda fəal iştirak edir, milli maraqlarını müdafiə edir.

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müstəqillik və milli maraqlara sadiqlikdir. Ölkəmiz heç bir dövlətə qarşı əsassız qarşıdurma siyasəti yürütmür, eyni zamanda öz milli maraqlarına zidd təzyiq və müdaxilələri də qəbul etmir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biridir.

İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa verdiyi töhfələr, beynəlxalq humanitar və mədəni təşəbbüsləri Azərbaycanın yalnız siyasi və iqtisadi deyil, həm də humanitar diplomatiya imkanlarını genişləndirir.

Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri isə Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsidir. Tarixi Zəfərdən sonra bu ərazilərdə həyata keçirilən nəhəng quruculuq işləri müasir Azərbaycanın iqtisadi və təşkilati imkanlarının miqyasını göstərir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, işləyir və təhsil alır. Bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait yönəldilib, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Bu rəqəmlər Böyük Qayıdışın sadəcə sosial proqram deyil, Azərbaycanın gələcək inkişafının mühüm strateji istiqamətlərindən biri olduğunu göstərir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə Azərbaycan yeni şəhər və kəndlər, müasir nəqliyyat və enerji infrastrukturu, sosial obyektlər, məktəblər, xəstəxanalar və istehsal müəssisələri yaradır. Burada məqsəd yalnız dağıdılmış əraziləri yenidən qurmaq deyil. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən müasir, innovativ və dayanıqlı inkişaf məkanlarından birinə çevrilməlidir.

Bu prosesin digər mühüm nəticəsi insanların doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Böyük Qayıdış həm də tarixi ədalətin bərpasının, insanların öz doğma yurdlarına qayıdaraq təhlükəsiz və ləyaqətli həyat qurmasının ifadəsidir.

Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının mühüm cəhətlərindən biri də bundan ibarətdir ki, dövlət başçısı Azərbaycanın qarşısında duran vəzifələri yalnız dövlət strukturlarının fəaliyyəti ilə məhdudlaşdırmır. Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində cəmiyyətin bütün təbəqələrinin, xüsusilə gənclərin, ziyalıların, elm və təhsil nümayəndələrinin, sahibkarların və ictimai-siyasi fəalların üzərinə mühüm məsuliyyət düşür.

Bu baxımdan milli həmrəylik Azərbaycanın gələcək inkişafının ən mühüm dayaqlarından biridir. Azərbaycan xalqının Vətən müharibəsi zamanı nümayiş etdirdiyi birlik tarixi Qələbənin əsas amillərindən biri oldu. İndi həmin birlik ölkənin iqtisadi, sosial, elmi, texnoloji və humanitar inkişafında da özünü göstərməlidir.

Qarşıdakı mərhələdə Azərbaycan üçün əsas məsələ əldə olunmuş böyük siyasi və hərbi nəticələri dayanıqlı və uzunmüddətli inkişafla möhkəmləndirməkdir. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, insan kapitalının gücləndirilməsi, elm və innovasiyaların dəstəklənməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və təhlükəsizlik imkanlarının daha da artırılması mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər məhz bu baxımdan geniş strateji mahiyyət daşıyır. Azərbaycan qarşısında artıq keçmişin problemlərini həll etməkdən daha çox, gələcəyin imkanlarını reallaşdırmaq vəzifəsi dayanır. Ərazi bütövlüyünün və suverenliyin bərpası tarixi məqsəd idisə, bundan sonrakı əsas məqsəd güclü dövlətçiliyi daha da möhkəmləndirmək, iqtisadi və texnoloji inkişafı sürətləndirmək, insanların rifahını yüksəltmək və Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqdır.

Bu gün Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin siyasi sabitliyi, iqtisadi gücü, hərbi potensialı, beynəlxalq nüfuzu və milli həmrəyliyi qarşıya qoyulan böyük hədəflərin reallaşdırılması üçün möhkəm əsas yaradır. Əsas məsələ bu potensialdan səmərəli istifadə etmək, mövcud imkanları yeni inkişaf nəticələrinə çevirməkdir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz belə bir tarixi mərhələdə keçirilmişdir. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın keçdiyi yolun siyasi qiymətləndirilməsi olmaqla yanaşı, gələcəyə yönəlmiş fəaliyyət proqramının əsas konturlarını da müəyyənləşdirir. Bu proqramın mərkəzində güclü dövlət, müstəqil siyasət, iqtisadi dayanıqlıq, milli təhlükəsizlik, sosial rifah, yüksək təhsil və insan kapitalı, milli birlik və fəal beynəlxalq siyasət dayanır.

Azərbaycanın son illərdə qazandığı uğurlar göstərir ki, xalqın iradəsi ilə dövlət siyasətinin vəhdəti böyük tarixi nəticələr doğura bilir. Bu gün qarşıda duran vəzifə həmin nəticələri qorumaq, daha da inkişaf etdirmək və yeni nəsillərə daha güclü, daha təhlükəsiz, daha firavan və daha nüfuzlu Azərbaycan miras qoymaqdır.

Prezident İlham Əliyevin qurultayda ifadə etdiyi əminlik də məhz bu məqamda xüsusi məna kəsb edir: Yeni Azərbaycan Partiyasının fəalları və bütün üzvləri qarşıda duran tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməlidirlər. Bu, əslində, Azərbaycanın yeni inkişaf mərhələsində hər bir vətəndaşın üzərinə düşən məsuliyyətin ümumi ifadəsidir.

Bu gün Azərbaycanın qarşısında yol aydındır: dövlət müstəqilliyini daha da möhkəmləndirmək, iqtisadi gücü artırmaq, təhlükəsizliyi təmin etmək, milli həmrəyliyi qorumaq, insan kapitalına sərmayəni genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışı sürətləndirmək və ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirmək. Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi strateji mesajlar göstərir ki, Azərbaycan bu hədəflərə çatmaq üçün həm siyasi iradəyə, həm iqtisadi imkanlara, həm də xalqın güclü dəstəyinə malikdir.

Bəhruz MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi,

Naxçıvan Dövlət Universitetinin dosenti, ƏPT sədri

Digər xəbərlər