PDF Oxu

Siyasət

  • 1 071

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Samux Rayon Təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərinə həsr olunmuş müşavirə keçirilib. Öncə Qurultay iştirakçıları ümummilli lider Heydər Əliyevin Samux şəhərində ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı, idarə və təşkilat rəhbərləri, aparat əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov açaraq Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Bildirib ki, qurultay Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, ölkənin davamlı inkişafının təmin olunması və qarşıdakı dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gündüz Bayramov Prezident, YAP sədri İlham Əliyevin qurultaydakı nitqinin proqram xarakteri daşıdığını vurğulayaraq bildirib ki, dövlət başçısının çıxışında Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər geniş təhlil olunmaqla yanaşı, qarşıdakı dövr üçün mühüm vəzifələr də müəyyənləşdirilib. Onun sözlərinə görə, partiyanın fəaliyyətində əsas istiqamətlərdən biri dövlət siyasətinin mahiyyətinin cəmiyyətə düzgün çatdırılması, ictimai-siyasi sabitliyin qorunması, milli həmrəyliyin daha da möhkəmləndirilməsi və gənc nəslin siyasi proseslərdə fəal iştirakının təmin edilməsidir.
Çıxışda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin yeni inkişaf mərhələsinə daxil olmasına imkan yaradıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın yeni reallıqlarının mühüm göstəricisidir. YAP üzvlərinin və rayon təşkilatlarının qarşısında duran əsas vəzifələrdən biri də bu proseslərin mahiyyətini insanlara, xüsusilə gənclərə düzgün çatdırmaq, dövlət siyasətinin təbliğini daha da gücləndirməkdir.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı çıxış edib. Mübariz Qurbanlı Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi sənəd xarakteri daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan son illərdə siyasi, iqtisadi və hərbi sahələrdə böyük uğurlar əldə edib. Dövlət suverenliyinin tam təmin olunması Azərbaycanın qarşısında yeni imkanlar açıb və bu imkanlardan səmərəli istifadə etmək üçün cəmiyyətin bütün təbəqələrinin qarşısında yeni məsuliyyətlər yaranıb.
Deputat diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında aparıcı qüvvə kimi öz fəaliyyətini zamanın tələblərinə uyğun qurmalı, yeni çağırışları düzgün qiymətləndirməli və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə fəal töhfə verməlidir. O, xüsusilə partiya təşkilatlarında siyasi maarifləndirmə işinin gücləndirilməsinin, gənclərin partiya fəaliyyətinə daha geniş cəlb olunmasının, ictimai fəallığın artırılmasının və əhali ilə işin daha səmərəli təşkilinin vacibliyini vurğulayıb.
Daha sonra YAP-ın VIII Qurultayında iştirak etmiş nümayəndələr Kəmalə Xəlilova və Şəhriyar Ağazadə çıxış ediblər.
Kəmalə Xəlilova qurultayda iştirakının onda yaratdığı təəssüratlardan danışaraq Prezident İlham Əliyevin nitqinin böyük siyasi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, qurultay Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının qarşıdakı mərhələdə qarşıya qoyduğu hədəflərin aydın şəkildə müəyyənləşdirilməsi ilə yadda qalıb.
Şəhriyar Ağazadə isə qeyd edib ki, VIII Qurultay Azərbaycanın əldə etdiyi tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qurultaydakı nitqində ölkənin gələcək inkişafı ilə bağlı müəyyənləşdirilən prioritetlər gənclər qarşısında da mühüm vəzifələr qoyur. Gənclər dövlətçilik ənənələrinin qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına və Azərbaycanın uğurlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına öz töhfələrini verməlidirlər.
Tədbir iştirakçıları qeyd ediblər ki, VIII Qurultaydan irəli gələn vəzifələr yalnız partiya strukturları üçün deyil, Azərbaycanın gələcək inkişafında məsuliyyət daşıyan hər bir vətəndaş üçün mühüm istiqamətverici əhəmiyyətə malikdir.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər