06 oktyabr 2026-cı il tarixində YAP Ağstafa rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Tədbirdə YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov, Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, partiya üzvü olan şəhid ailələri, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının VIII Qurultayının qarşısında yeni mərhələnin vəzifələri dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi, Azərbaycanın regional və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi həmin vəzifələrin yalnız bir hissəsidir. VIII Qurultay həm keçmişə verilən siyasi qiymət, həm də gələcəyə yönəlmiş fəaliyyət proqramı kimi dəyərləndirilə bilər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov və Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov çıxış edərək bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VIII Qurultayı sadəcə partiya tədbiri deyildi. Bu, cənab Prezidentimiz İlham Əliyevin növbəti dövr üçün dövlət doktrinasını elan etdiyi tribuna idi. Prezident çıxışında bir çox məqamlara dair yol xəritəsi cızdı.
Qurultay nümayəndələri – Solmaz Nağıyeva, Anar Hümbətov və Nizami İsgəndərov çıxışlarında qurultayın keçirilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın son dövrlərdə keçdiyi mürəkkəb və şərəfli yolun bir daha nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzində keçirilən qurultay həm partiyanın qarşısında dayanan yeni vəzifələri müəyyənləşdirmək, həm də bu siyasi təşkilatın hansı tarixi şəraitdə meydana gəldiyini və ötən müddətdə hansı siyasi missiyanı yerinə yetirdiyini dəyərləndirmək üçün mühüm platforma oldu.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.