PDF Oxu

Siyasət

  • 603

YAP Nəsimi rayon təşkilatında müşavirə keçirilib - FOTO

image

6 oktyabr 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışına həsr olunmuş müşavirə keçirilib.

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb və Partiya Sədrinin nitqini qarşıdakı illər üçün strateji yol xəritəsi kimi dəyərləndirib. O, nitqdən irəli gələn vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında qurultay materiallarının ilk partiya təşkilatlarında formal yox, canlı müzakirə formatında öyrənilməsini, ideoloji işin müasir formatda qurulmasını və sosial şəbəkələrdə fəallığın artırılmasını qeyd edib. Həmçinin tarixi yaddaşın qorunmasını və gənclərlə işin gücləndirilməsini, şəhid ailələrinə, qazilərə və veteranlara qayğını, «Böyük Qayıdış»a dəstəyi və Azərbaycan dilində keyfiyyətli informasiya məkanının yaradılmasını vacib vəzifələr kimi sadalayıb. Rayon təşkilatının sədri hər bir partiya üzvünün öz şəxsi nümunəsi ilə partiyanın nüfuzunu qorumalı olduğunu bildirib. O, qurultayda müəyyən edilən vəzifələrin icrası ilə bağlı ərazi partiya təşkilatlarında konkret tədbirlər planının hazırlanmasının və hesabatlılığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı da çıxış edərək Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi strateji istiqamətlərin əhəmiyyətindən danışıb, dövlətçilik, milli birlik, ideoloji təhlükəsizlik, qanunvericilik və partiya-cəmiyyət əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini və təkliflərini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanda hərbi qulluqçuların əməkhaqlarının artırılması və pul təminatı sisteminin yenidən qurulması ilə bağlı qəbul edilmiş yeni genişmiqyaslı islahat paketinin dövlətin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının növbəti nümunəsi olduğunu vurğulayıb. Məlahət İbrahimqızı, eyni zamanda, dövlət ümumtəhsil məktəblərində məktəbli formasının vahidliyi prinsipinə və təhsilin dünyəviliyinə əsaslanan yanaşmanın əhəmiyyətini qeyd edərək, məktəb formasına daxil olmayan baş örtüklərindən, o cümlədən hicabdan istifadəyə yol verilməməsi ilə bağlı mövcud tələblərin təhsil müəssisələrində vahid qaydaların və dünyəvi təhsil prinsiplərinin qorunmasına xidmət etdiyini bildirib.

Mərdanov Qardaşları 113 üzrə ərazi Partiya Təşkilatının sədr müavini, «Bakı Tikiş Evi» ASC-nin sədr müavini Elnur Rəhimov çıxışında Prezident İlham Əliyevin qurultayda vurğuladığı dəyişməz siyasi xəttin əsas prinsiplərindən danışıb. Bu prinsiplər müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkəmizin öz imkanlarından maksimum istifadə etməsidir. O, müasir geosiyasi qarşıdurmalar fonunda hərbi gücün artırılmasının və ideoloji təhlükəsizliyin təmin olunmasının vacibliyini qeyd edib.

Müzakirələr zamanı YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, Bakıxanov küçəsi 23 üzrə ərazi Partiya Təşkilatının sədri Sabir Əliyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov da çıxışlar ətrafında müzakirələrə qoşulublar. Onlar Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq, qarşıda duran vəzifələr və Yeni Azərbaycan Partiyasının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində öz fikir və təkliflərini səsləndiriblər.

Müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında etdiyi çıxışın əsas müddəaları ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxışlarda dövlət başçısının qurultayda səsləndirdiyi mühüm mesajların, qarşıya qoyulan vəzifələrin və Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Müzakirələr zamanı iştirakçılar tərəfindən YAP-ın İdarə Heyətinə təqdim olunması məqsədilə bir sıra təkliflər irəli sürülüb. Təkliflərdə partiyanın təşkilati fəaliyyətinin daha da təkmilləşdirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, veteranların və ağsaqqalların təcrübəsindən daha səmərəli istifadə olunması, gənclərlə işin genişləndirilməsi, ictimai-siyasi proseslərdə partiya üzvlərinin fəallığının artırılması və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə bağlı elan olunub.

Digər xəbərlər