Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin Zəfərdən sonrakı inkişaf mərhələsinin siyasi prioritetlərini müəyyənləşdirən mühüm platforma kimi diqqət çəkdi. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk YAP qurultayı kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı da məhz bu yeni reallıqlar fonunda xüsusi siyasi əhəmiyyət qazandı.
Prezident İlham Əliyevin çıxışının əsas qayəsini Azərbaycanın son üç onillikdə keçdiyi tarixi yolun ümumiləşdirilməsi və qarşıdakı dövr üçün strateji hədəflərin müəyyənləşdirilməsi təşkil edirdi. Dövlət başçısı qeyd etdi ki, YAP-ın fəaliyyəti və siyasi xətti təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyət daşıyır. Bu fikir partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolunun daha geniş regional proseslər kontekstində qiymətləndirildiyini göstərir.
Qurultayın mühüm xüsusiyyəti ondan ibarət idi ki, YAP yeni siyasi və geosiyasi reallıqlar şəraitində toplaşmışdı. Artıq Azərbaycanın qarşısında əvvəlki dövrlərdən fərqli tarixi vəzifələr dayanır. Ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Beləliklə, uzun illər ərzində dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuş ərazi bütövlüyünün təmin edilməsi məsələsi öz həllini tapıb və indi əsas diqqət əldə edilmiş nəticələrin möhkəmləndirilməsinə, iqtisadi və sosial inkişafın daha da sürətləndirilməsinə yönəlir.
Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında Zəfərə aparan yolun təsadüfi deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsi olduğu xüsusi vurğulanırdı. Bu siyasətin təməlində isə müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli maraqlara əsaslanan xarici siyasət dayanır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin dəyişməz qaldığını bildirərək həmin əsas prinsiplərin Azərbaycanın inkişaf strategiyasının mühüm dayaqları olduğunu diqqətə çatdırıb. Bu yanaşma YAP-ın siyasi fəaliyyətinin mahiyyətini də müəyyənləşdirir. Partiyanın qarşısında duran vəzifə yalnız keçmiş nailiyyətləri qorumaq deyil, əldə edilmiş tarixi nəticələri yeni inkişaf imkanlarına çevirməkdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yeni mərhələnin başlanğıcıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi, yeni yaşayış məntəqələrinin salınması və infrastruktur layihələri bu mərhələnin əsas istiqamətlərindəndir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında təhlükəsizlik məsələlərinə verilən önəm də təsadüfi deyil. Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində öz milli maraqlarını qorumaq üçün güclü müdafiə potensialına, çevik diplomatiyaya və dayanıqlı iqtisadi bazaya malik olması xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Azərbaycanın ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyini vurğulaması ölkəmizin regional proseslərdə artan roluna diqqət çəkir. Enerji təhlükəsizliyi ilə milli təhlükəsizlik arasındakı əlaqənin qeyd edilməsi isə Azərbaycanın enerji siyasətinin geosiyasi əhəmiyyətini göstərən mühüm məqamdır.
Qurultayda diqqət çəkən digər mühüm istiqamət Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndirilməsi ilə bağlı idi. Son illərdə həyata keçirilən fəal xarici siyasət nəticəsində Azərbaycan müxtəlif regional və beynəlxalq təşəbbüslərdə daha fəal iştirak edir. Bu prosesdə milli maraqların qorunması, müstəqil xarici siyasət kursunun davam etdirilməsi və ölkənin iqtisadi imkanlarının genişləndirilməsi əsas istiqamətlər kimi önə çıxır.
VIII Qurultayın mühüm mesajlarından biri də ondan ibarət idi ki, siyasi təşkilatın fəaliyyəti zamanın tələblərinə uyğun şəkildə yenilənməlidir. Azərbaycanın qarşısında yeni hədəflər dayandığı kimi, YAP-ın da qarşısında yeni vəzifələr dayanır. Partiyanın cəmiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsi, gənclərin siyasi proseslərdə fəal iştirakının təmin olunması, yeni nəsil siyasi kadrların hazırlanması və müasir çağırışlara çevik münasibət göstərilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışı həm də siyasi varislik və davamlılıq məsələsinə aydın münasibət ortaya qoydu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin müasir dövrdə yeni məzmunla davam etdirilməsi Azərbaycanın son onilliklərdə əldə etdiyi nəticələrin əsas siyasi çərçivələrindən biri kimi təqdim edildi. Bu xəttin əsasını müstəqil dövlətin möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın öz gücünə arxalanaraq inkişaf etməsi təşkil edir.
VIII Qurultayı yalnız partiyanın növbəti qurultayı kimi qiymətləndirmək kifayət deyil. Qurultay Azərbaycanın Zəfərdən sonrakı inkişaf gündəliyinin siyasi baxımdan müzakirə edildiyi mühüm platforma oldu. Prezident İlham Əliyevin çıxışı isə bu gündəliyin əsas istiqamətlərini ortaya qoydu.
Əgər əvvəlki mərhələdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təmin edilməsi idisə, yeni mərhələnin əsas hədəfi əldə olunmuş Zəfəri dayanıqlı inkişafla möhkəmləndirməkdir. Başqa sözlə, Azərbaycan artıq azad edilmiş ərazilərdə yalnız yeni həyat qurmur, bütövlükdə ölkənin gələcək inkişaf modelini daha da təkmilləşdirir.
Prezident İlham Əliyevin qurultaydakı çıxışı göstərdi ki, Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər son nöqtə deyil, yeni mərhələnin başlanğıcıdır. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycan öz tarixinin mühüm səhifəsini tamamlayıb. İndi isə qarşıda daha güclü, daha müasir, daha dayanıqlı və rəqabətqabiliyyətli Azərbaycan qurmaq vəzifəsi dayanır.
Partiyanın VIII Qurultayının əsas siyasi mesajını da məhz bu fikir ətrafında ümumiləşdirmək olar: Zəfər Azərbaycanın tarixini dəyişdi, indi isə həmin Zəfəri davamlı inkişafın və tərəqqinin möhkəm təməlinə çevirmək qarşıdakı əsas strateji vəzifədir.
Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatı sədrinin müavini