Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və qarşıda duran vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Mədəniyyət şöbəsi” ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb. O, yeni mərhələdə ərazi partiya təşkilatlarının fəallığının artırılmasının, üzvlərlə davamlı ünsiyyətin və ideoloji işin gücləndirilməsinin vacibliyini vurğulayıb. Qurultayda müəyyənləşdirilmiş fəaliyyət istiqamətlərinin hər bir partiya üzvünə çatdırılmasının və gündəlik işdə nəzərə alınmasının əhəmiyyətini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği, azərbaycançılıq ideologiyasının və dövlətçilik ənənələrinin yeni nəslə aşılanması məsələlərinə toxunub. Bu istiqamətdə mədəniyyət müəssisələrinin imkanlarından səmərəli istifadənin, milli-mənəvi dəyərlərimizin qorunmasına və tarixi yaddaşımızın yaşadılmasına xidmət edən maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
VIII Qurultayın nümayəndələri – Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva və “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüblər. Çıxış edənlər Prezident İlham Əliyevin nitqində ifadə olunan mühüm siyasi mesajlardan, partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən bəhs ediblər. Mədəniyyət və informasiya sahəsində çalışan partiya üzvlərinin milli irsimizin təbliğində, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında və gənclərin vətənpərvərlik ruhunda yetişməsində fəal iştirakının vacibliyini bildiriblər.