PDF Oxu

Siyasət

  • 1 371

Müzəffər Liderin Yol Xəritəsi: suverenliyin tam bərpası və Böyük Qayıdışın təntənəsi - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı dövlətçilik təqvimimizdə xüsusi bir səhifə açdı. Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra keçirilən bu ilk qurultay xalqımızın və dövlətimizin növbəti mərhələ üçün xarici, daxili və sosial-iqtisadi strategiyasının yol xəritəsini müəyyən etdi.
Ölkə rəhbərinin proqram xarakterli çıxışı YAP üzvü olaraq ideoloji fəaliyyətimizdə müstəsna əhəmiyyət kəsb edir. Bu tarixi nitqdə öz əksini tapan strateji məqamlar müasir Azərbaycanın hansı çətin sınaqlardan keçərək qələbə qazandığını və gələcəyə hansı hədəflərlə addımladığını aydın şəkildə nümayiş etdirir.
Cənab Prezident çıxışında açıq şəkildə bəyan etdi ki, Azərbaycan dünyada misli görünməmiş bir Zəfəri tamamilə təkbaşına, öz gücü və vəsaiti hesabına qazanıb. İkinci Qarabağ müharibəsindən lokal antiterror əməliyyatına qədər olan dövrdə dövlətimiz eyni vaxtda bir neçə cəbhədə fəaliyyət göstərməyə məcbur idi. Bağlı qapılar arxasında ölkəmizə qarşı həyata keçirilən çirkin siyasi təzyiqlər, hədə-qorxular və ermənipərəst qüvvələrin bloklama cəhdləri Ali Baş Komandanın dəmir iradəsi qarşısında aciz qaldı.
Dövlət başçısının vurğuladığı kimi: "Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı". Bu fikir dərin zəkaya və dövlət ağlına söykənən siyasətin bariz təzahürüdür.
Prezidentimizin qətiyyətli addımları 30 il ərzində xalqımızı aldadaraq status-kvonu əbədiləşdirməyə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyətinə birdəfəlik nöqtə qoydu. Bu gün Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması heç də hansısa "xoş niyyətin" təzahürü deyil. Bu, ordumuzun hərbi qüdrətinin və rəsmi Bakının diktə etdiyi geosiyasi reallığın labüd nəticəsidir.
2023-cü ilin sentyabrında həyata keçirilən və cəmi 23 saat davam edən unikal antiterror əməliyyatı isə separatizmin kökünü kəsərək dövlət suverenliyimizi xəritəmizin hər bir nöqtəsində tam bərpa etdi. Bu, hərb tariximizin ən parlaq səhifələrindən biridir.
Biz bu müqəddəs Zəfəri qanları və canları bahasına bəxş edən şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin fədakarlığı hər zaman uca tutulur, dövlətimiz şəhid ailələrinin və yaralı qazilərimizin yanındadır.
Müzəffər Liderin bəyan etdiyi kimi, işğaldan azad edilmiş torpaqların dirçəldilməsi bizim bir nömrəli milli vəzifəmizdir. Mina təhlükəsinə və böyük dağıntılara baxmayaraq, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində artıq 50 mindən çox keçmiş məcburi köçkün öz doğma yurduna — Şuşaya, Laçına, Füzuliyə, Xocalıya və digər bölgələrimizə qayıdıb. Ağalı, Talış, Zabux kəndləri və dirçələn şəhərlərimiz bu qayıdışın canlı sübutudur.
Bu gün Azərbaycan beynəlxalq ekspertlər tərəfindən "orta güc dövləti" statusunda qəbul edilir. İqtisadi müstəqilliyini tam təmin etmiş ölkəmiz öz taleyinin sahibidir.
Ancaq qazanılan Zəfər bizi arxayınlaşdırmamalıdır. Qarşıda bizi yeni hədəflər gözləyir. YAP Lənkəran Rayon Təşkilatının üzvləri olaraq biz ideoloji cəbhədə ayıq-sayıqlığımızı qorumalı, gənclərimizi milli ruhda tərbiyə etməli, dövlət quruculuğuna öz töhfəmizi verməli və Müzəffər Liderimizin ətrafında dəmir yumruq kimi birləşərək gələcəyə inamla addımlamaliyiq.

Tofiq Rzayev
YAP Lənkəran rayon təşkilatı Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri,Vlll qurultay nümayəndəsi

Digər xəbərlər