Martın 5-də Soçidə "Grand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edildi.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə dağ xizəksürmə mərkəzində olublar
Həmin gün Prezident İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə keçirilmiş üçtərəfli görüşündən sonra dövlət başçıları dağ xizəksürmə mərkəzində olublar. Dövlət başçıları mərkəzdə xizək sürdülər.
X X X
Daha sonra dövlət başçıları nahar etdilər.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri birgə bəyanat qəbul ediblər
Martın 5-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekununa əsasən birgə bəyanat qəbul ediblər.
Sənəddə qeyd edilir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəliblər. Bəyanatda qeyd edilir ki, dövlət başçıları, o cümlədən "hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmaq" barədə razılığa gəliblər. Bundan əlavə, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək" istəyi vurğulanır. Bəyanatda deyilir: "Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə dair özlərinin müntəzəm əlaqələrinin böyük əhəmiyyət kəsb etməsini qeyd etmiş və ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə əlavə olaraq bu formatda əlaqələri davam etdirmək barədə razılığa gəlmişlər". Həmin gün Soçinin "Adler" Beynəlxalq aeroportunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), habelə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşü olub.