Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev prospekti 8 ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Tədbiri giriş sözü ilə tibb kollecinin direktor vəzifəsini icra edən Solmaz Babayeva açaraq, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını bildirib. O, qurultayda səsləndirilən fikirlərin və müəyyənləşdirilən yeni hədəflərin gənc nəslin və tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra geniş məruzə ilə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin əsas məqamlarına toxunaraq, qarşıya qoyulan strateji hədəflər və yeni dövrün tələblərindən irəli gələn vəzifələr barədə ətraflı danışıb.
İqbal Əmənullayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə və milli maraqlarımızın qorunmasına öz töhfəsini verir. VIII Qurultay partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işin daha da təkmilləşdirilməsi və cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir.
Çıxışında dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasının, əldə olunan tarixi Zəfərin nəticələrinin möhkəmləndirilməsinin, ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayan İqbal Əmənullayev bildirib ki, bu gün partiya üzvlərinin qarşısında mühüm vəzifələr dayanır. Hər bir partiya üzvü dövlət siyasətinin mahiyyətini dərindən mənimsəməli, cəmiyyətə düzgün çatdırmalı, üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli və ictimai fəallığı ilə nümunə göstərməlidir.
Təşkilat sədri xüsusi olaraq vurğulayıb ki, ərazi partiya təşkilatlarının fəaliyyəti yalnız təşkilati tədbirlərin keçirilməsi ilə məhdudlaşmamalı, əhali ilə müntəzəm ünsiyyətin qurulmasına, vətəndaşların müraciət və təkliflərinin öyrənilməsinə, gənclərin ictimai-siyasi proseslərdə iştirakının artırılmasına istiqamətlənməlidir. O, partiyanın gücünün xalqın etimadından, sağlam ictimai münasibətlərdən və görülən işlərin real nəticələrindən qaynaqlandığını qeyd edərək, qarşıdakı dövrdə bu istiqamətlərdə fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Heydər Əliyev prospekti 8 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Kamilə Peysudə, sədr müavini Mahirə Fərəcova, ikinci kurs tələbəsi Adil Səlimli, eləcə də Dövlət Arxivi ərazi partiya təşkilatının sədri Rafayel Rzayev çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin yerli səviyyədə həyata keçirilməsinin əhəmiyyəti, partiya üzvlərinin ictimai məsuliyyəti, gənclərin dövlətçilik ənənələrinə və milli dəyərlərə bağlılığının artırılması, əhali ilə əlaqələrin gücləndirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılıb.
Bildirilib ki, hər bir ərazi partiya təşkilatı fəaliyyətini dövrün tələblərinə uyğun qurmalı, partiyanın ideoloji prinsiplərinin təbliğinə, vətəndaşlarla səmərəli ünsiyyətin təmin edilməsinə və ictimai fəallığın artırılmasına xüsusi önəm verməlidir. Eyni zamanda, gənclərin təşəbbüslərinin dəstəklənməsi və onların ictimai-siyasi həyata daha fəal cəlb olunması qarşıda duran mühüm vəzifələrdəndir.
Görüşdə Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə partiya təşkilatlarının fəaliyyət istiqamətləri və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müzakirələr keçirilib.
Tədbirin sonunda iştirakçılar ərazi partiya təşkilatının həyətində bir araya gəliblər. YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev iştirakçıların suallarını cavablandırıb, səsləndirilən fikir və təklifləri dinləyib, onları maraqlandıran məsələlər ətrafında ətraflı izahat verib.
Belə görüşlərin keçirilməsi partiya üzvləri arasında qarşılıqlı fikir mübadiləsinin genişləndirilməsi, təşkilati fəaliyyətin gücləndirilməsi və YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin yerli səviyyədə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.