Azərbaycanda iqtisadiyyatın aparıcı bölmələrindən biri olan sənayedən danışarkən ölkəmizin müdafiəsi məqsədilə yaradılan və ya fəaliyyəti yenidən qurulan müəssisələrinə xüsusi toxunmaq lazım gəlir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan bu müəssisələr sənayenin inkişafında, həmçinin, ölkəmizin daha etibarlı şəkildə qorunmasında zəruri rol oynayır.
Azərbaycanda pilotsuz təyyarələrin istehsalı reallaşıb
Xəbər verdiyimiz kimi, srağagün Azərbaycan Prezidenti İlham Əliyev bir sıra müdafiə sənayesi müəssisələrinin açılışında iştirak edib. Bu müəssisələrdə müasir istehsal sexlərinin yaradılması hesabına indi ən modern hərbi təyinatlı avadanlıqlar istehsal olunur.
"AZAD systems Co." müəssisəsinin də daxil olduğu "Şərq" İstehsalat Birliyində son bir neçə ildə geniş tikinti və yenidənqurma işləri aparılıb. Son 3 ildə müəssisədə 5 istehsal sahəsi yaradılmış, müasir texnoloji avadanlıq quraşdırılıb.
Burada müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. Pilotsuz uçuş aparatları bir çox texniki-iqtisadi üstünlüklərə malikdir. Uçuş aparatında heyətin olmaması, çəkilən xərclərin azlığı, insanın fiziki qabiliyyətindən artıq texniki manevrlər etmək xüsusiyyəti və digər məsələlər bu üstünlüyü şərtləndirən əsas amillərdir. Kompozit materialları sahəsində iş prosesi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, "Orbitr-2M" və "Aerostar" pilotsuz təyyarələrinin hissələri burada hazırlanır.
Qeyd edək ki, "Orbitr-2M" təyyarəsi 4-6 kilometr hündürlükdə 4-5 saat uça bilir. "Aerostar" təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur. Pilotsuz təyyarələrin yerüstü idarəetmə mərkəzi hazır məhsulun keyfiyyətini yoxlamaq, bir növ onun sınağını keçirməklə yanaşı, pilotsuz təyyarələrin idarə olunmasının texniki xüsusiyyətlərini də özündə əks etdirir.
Kəşfiyyat tapşırıqlarını və yerdən verilən komandaları yerinə yetirmək imkanına malik olan bu aparatlar uçuş məsafəsinə və enməsinə görə aerodrom tipli platformalardan start götürmək, aerodroma və yaxud paraşüt vasitəsilə enmə qabiliyyətinə malikdir. İnformasiyanın ötürülməsi xüsusi avadanlığın köməyi ilə yerinə yetirilir. Qeyd edək ki, yaxın gələcəkdə Azərbaycanda "Diamond DA-42" dörd yerlik sərnişin təyyarəsinin istehsalı nəzərdə tutulur.
Tank, BRDM və BTR-lərin təkmilləşdirilməsi imkanları
Respublika Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi Bakı Cihazqayırma Zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Son illər müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah və avadanlıq quraşdırılıb.
Nəticədə qısa müddətdə zavodda dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, digər sahələr, xüsusilə, neftçıxarma sahəsində istifadə olunan cihazların və ehtiyat hissələrinin istehsalına başlanıb.
Zavodda həm də Dövlət Neft Şirkətinin müəssisələri üçün 18 adda yeni növ məhsulların istehsalı qaydaya salınıb və nəticədə mülki məhsulların çeşidi 29-dan 47-yə çatdırılıb. Yaradılan yeni istehsal sahəsində iki texnoloji axın xətti işə salınmış, ən müasir proqram təminatlı 57 dəzgah və avadanlıq quraşdırılıb.
Hərbi təyinatlı müəssisələrdə 600 adda məmulat istehsal edilir
Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi "Sənayecihaz" Elm-İstehsalat Mərkəzi də yenidənqurmadan sonra işə salınıb. Son 2 ildə müəssisədə 6,5 min kvadratmetrlik istehsalat sahəsi, inzibati binalar yenidən qurulub, infrastruktur müasirləşdirilmiş, əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Zavodda istehsal olunan yedəyə qoşulan sutəmizləyici qurğu səhra şəraitində 1 saatda 600 litr adi suyu və ya 500 litr duzlu suyu tam təmizləyərək içməli vəziyyətə gətirir. Səhra şəraitində olduqca mühüm əhəmiyyət kəsb edən yedəyə qoşulan mini-çörək sexində 1 saat ərzində 100 qramlıq 1000, 200 qramlıq 500 çörək bişirmək mümkündür.
2008-2010-cu illərdə "Sənayecihaz" Elm-İstehsalat Mərkəzində 56 müasir avadanlıq quraşdırılıb. Bu avadanlığın bir qismi ən son elmi-texniki yeniliklərə əsaslanan proqram təminatlı dəzgahlardır.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində son 2 ildə əvvəlki illərlə müqayisədə mərkəzdə müdafiə təyinatlı məmulatın istehsalı bir neçə dəfə artıb. 2010-cu ildə müəssisədə seysmik prinsipli mina partladıcısının və bir neçə adda yaxın məsafəli döyüş vasitələrinin ehtiyat hissələrinin istehsalı həyata keçirilib.
Prezident İlham Əliyev Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co" müəssisəsinin açılışında iştirak edib. Müəssisədə 5 yeni istehsal sahəsi yaradılıb, müasir texnoloji avadanlıq quraşdırılıb. Bu, yüksək keyfiyyətli məhsul istehsalına imkan verir.
Qeyd edək ki, ümumilikdə, müdafiə sanəyesi müəssisələrində 600-ə yaxın adda məmulat istehsal edilir ki, bunun da yarıdan çoxu müdafiə təyinatlı məmulatlardır.
Silahlı Qüvvələrin təchizatı əsasən daxili imkanlar hesabına ödənilir
Məlum olduğu kimi, Azərbaycanda sənayenin yeni bir sahəsi- müdafiə sənayesinin inkişafı böyük sürətlə gedir. Son illərdə ölkədə bir neçə hərbi zavod açılıb, müxtəlif təyinatlı müasir texniki vəsaitlər istehsal olunur.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, qarşıdakı illərdə daha böyük vəsait ayırmaqla Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaq. Zəngin təbii sərvətlərdən istifadə etməklə müdafiə sənayesinin inkişafını sürətləndirmək üçün ölkəmizdə istənilən qədər iqtisadi imkan və ixtisaslı kadr potensialı vardır.
Ümumiyyətlə, Azərbaycanın müdafiə sənayesi müəssisələrində müdafiə təyinatlı məhsulların istehsalında 2006-cı illə müqayisədə 115 dəfə, 2009-cu illə müqayisədə isə 3,6 dəfə artım olub. Sovet dövründən qalmış zavodlar rekonstruksiya olunaraq 40-a yaxın istehsalat sahəsi yaradılıb.
MSN-in xaricdə hərbi sərgilərə çıxardığı məmulatların sayının da ilbəil artır. Bu sərgilər beynəlxalq aləmdə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdiyini göstərir. Azərbaycan tərəfi, öz növbəsində, həmin sərgilərdə müasir texnikalarla tanış olur, həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür.
Beləliklə, artıq inamla deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatları ilə təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb. Bir çox xarici dövlətlərdən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir.
Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan artıq öz hərbi-iqtisadi qüdrəti ilə artıq çoxdan regionun ən güclü dövlətinə çevrilib. Hərbi və iqtisadi cəhətdən qüdrətli olan dövlət isə istənilən an öz işğal edilmiş torpaqlarını azad etməyə qadirdir. Azərbaycan son variant kimi bu yolu seçməyə məcbur olduqda, bunun qarşısını heç bir qüvvə ala bilməyəcək.