Regional inkişaf proqramının icrası...
Kənd təsərrüfatının intensiv şəkildə inkişafı, Azərbaycan üçün çox vacib məsələdir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq- "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Konfransda çıxışı zamanı dövlət başçısı qeyd edib ki, "biz ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılığı inkişaf etdirəcəyik və özümüzü təmin etmək üçün bunun çox böyük rolu olacaqdır".
Məlum olduğu kimi, son illərdə kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür. Bu məqsədlə müasir texnikalar alınır, lizinqə verilir, aqroservislər yaradılır, subsidiyalar verilir, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir. Dövlət başçısının dediyi kimi, növbəti illərdə, xüsusilə, bu il bu məsələlərə daha da böyük diqqət göstərilməlidir.
Azərbaycanda taxılçılıqla bərabər, üzümçülüyün inkişafına da xüsusi diqqət göstərilir. SSRİ dövründə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin səyləri və təşəbbüsü nəticəsində üzümçülük çox sürətlə inkişaf etmişdi.
O. 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndə üzüm istehsalı 300 min ton idi. Amma Heydər Əliyevin səyləri ilə görülmüş işlər nəticəsində bu rəqəm 2 milyon tona qalxmışdı. Kənddə yaşayan insanlar üzümçülüyün inkişafı sayəsində özlərinin həyat səviyyəsini böyük dərəcədə yüksəldə bilmişdilər.
Hazırda Azərbaycanda üzüm istehsalı 120 min ton səviyyəsindədir. Bunun da səbəbləri var. 1980-ci illərin sonlarında Sovet İttifaqının rəhbərləri antialkaqol kampaniyasına başladılar və bu kampaniyanın ən böyük ziyanı Azərbaycana dəydi. Azərbaycanda bütün üzüm bağlarını məhv etdilər, insanlar gəlir mənbələrindən məhrum oldular. Respublikada böyük zəhmət hesabına yaradılmış üzümçülük, demək olar ki, tamamilə məhv edildi.
Qeyd edək ki, üzümçülük hər hektardan əldə olunan gəlirə görə, dünyada 1-ci yeri tutur. Bu səbəbdən də sözügedən sahənin yenidən inkişaf etdirilməsi üçün səylər göstərilir.
Dövlət başçısı üzümçülüyün inkişafı üçün xüsusi bir proqram qəbul edilməsinin mümkünlüyünü bildirib. Çünki üzümçülüyün inkişafı uzun bir prosesdir. Burada uzunmüddətli kreditlərin ayrılmasına ehtiyac var. Ölkə Prezidenti qeyd edib ki, üzümçülüyün inkişafı üçün xüsusi bir fond da yaradıla bilər ki, orada uzunmüddətli, misal üçün, 10 ilə veriləcək kreditlər təşkil olunsun. Yenə də böyük fermer təsərrüfatlarının yaradılması, inkişafı üçün səylər göstərilsin. Dövlət başçısı İqtisadi İnkişaf Nazirliyinə bu məsələlərlə bağlı bütün hazırlıq işlərini aparmağı və yaxın zamanlarda məruzə etməyi tapşırıb.
Konfransda vurğulanıb ki, ölkədə toxumçuluğun inkişafına da böyük diqqət göstərilməlidir. Hazırda bu istiqamətdə işlər başlanıb və bu sahədə böyük perspektivlər var. Toxumçuluq həm gəlirli, həm də strateji sahədir. Hazırda Azərbaycan özünü toxumla təxminən 30 faiz təmin edə bilər.
Dövlət başçısı aidiyyatı qurumlar qarşısında vəzifə qoyub ki, Azərbaycan özünü toxumla 100 faiz səviyyəsində təmin etsin. Bu məqsədlə mövcud olan zavodların fəaliyyəti genişləndirilməli, həm də yeni zavodlar tikilməlidir.
Qeyd edək ki, sahibkarlığın inkişafı üçün yaradılmış fondun xətti ilə son vaxtlar soyuducu anbarların tikintisinə müəyyən vəsait ayrılıb və bu təşəbbüsün gözəl nəticələri indi görünür. Bütün bölgələrdə soyuducu anbarlar tikilib.
Azərbaycanda qısa müddətdə, 1-2 il ərzində heç vaxt bu səviyyədə müasir soyuducu kombinatlar, soyuducu anbarlar tikilməyib. İndi isə xeyli iri tutumlu soyuducu anbarlar var. Yığılan məhsullar orada saxlanılır, xarab olmur. Bundan həm fermerlər bəhrələnirlər, həm də ölkə vətəndaşları. Bu, istehlak qiymətlərinin normal səviyyədə saxlanılmasına da imkan yaradır.
Ölkə başçısı hökumət üzvlərinin nəzərinə çatdırıb ki, kənd təsərrüfatına yararlı torpaqlardan təyinatı üzrə istifadə olunmalıdır: "Mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bu torpaqlardan səmərəli istifadəni təmin etməlidir. Bu sahədə qanun pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar.
Kənd təsərrüfatı istehsalını stimullaşdırmaq üçün subsidiyalar verilir və bu prosedur sadələşdirilməlidir. Buna böyük ehtiyac var. Ərzaq təhlükəsizliyini təmin etməliyik və inhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hazırda bu mübarizə lazımi səviyyədə deyil. Ərzaq təhlükəsizliyi ilə bağlı biz elə etməliyik ki, hazırda ölkəmizdə lazımi səviyyədə istehsal olunmayan ərzaq məhsullarının inkişafı üçün və yeni müəssisələrin yaradılması üçün əlavə tədbirlər görülsün".
Azərbaycan bir çox məhsullarla özünü təmin edir, amma bəzi hallarda idxaldan asılılıq qalır. Misal üçün, Azərbaycanda 93 faiz ət istehsal olunur, quş əti ilə özümüzü 80 faiz səviyyəsində təmin edirik. Süd və süd məhsullarının 85 faizi Azərbaycanda istehsal olunur. Amma bitki yağına, kərə yağına gəldikdə, daha çox idxaldan asılılıq var. Şəkərlə özümüzü 150 faiz təmin edirik, ixrac da edirik.
Nəzərə alsaq ki, son vaxtlar dünyada ərzağın qiyməti sürətlə qalxır, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətini sabit saxlamaq üçün imkanlar var. Lakin idxal məhsullarında müəyyən qiymət artımları ola bilər. Dövlət başçısı deyib: "O sahələrdə ki, biz idxaldan asılı deyilik, orada qiymətin süni artımına qətiyyən yol vermək olmaz".
Göründüyü kimi, Prezident İlham Əliyev ölkə əhalisinin rifahının yüksəlməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sahibkarlığın inkişafı və ən əsası qeyri-neft sektorunun inkişafı üçün böyük səylər göstərir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası hökumətin qarşısında ən əsas vəzifə olaraq qoyulub. Şübhə yoxdur ki, bu vəzifələrin yerinə yetirilməsi ölkəmizin tarazlı inkişafını təmin edəcək.