PDF Oxu

Siyasət

  • 13

Prezidentlərin Soçi görüşünə ümidlər böyükdür

Prezidentlərin Soçi görüşünə ümidlər böyükdür
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan dövlət başçılarının martın 5-də görüş keçirəcəklər. Görüş öncəsi tərəflərin qarşılıqlı bəyanatlar səsləndirməsi, eyni zamanda, münaqişənin nizamlanmasında vasitəçi qismində çıxış edənlərin müxtəlif fikirlər səsləndirməsi bir növ müsbət aura yaratmaq misiyası kimi görünməyə başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Vyanada Azərbaycanı Madrid təkliflərinə münasibət bildirməməkdə və müharibə istəməkdə günahlandırmasına münasibət bildirərkən deyib ki, təxribat xarakterli bəyanatlarla çıxış etmək Ermənistanın daima həyata keçirdiyi siyasətin bir hissəsidir və bununla da Soçi görüşü hələ başlamadan öncə onlar müxtəlif məsələlərlə bağlı öz mövqelərini irəli sürürlər: "Ermənistanın xarici işlər naziri min dəfə eyni fikirləri təkrar etsə də, Azərbaycanın ərazilərinin işğal altında olması danılmaz bir faktdır. Bir suveren dövlətin ərazisi digər suveren dövlət tərəfindən işğal olduğu halda, hər bir suveren dövlət bütün beynəlxalq qanunvericiliyin mexanizmlərindən istifadə edərək, öz ərazilərini azad edə bilər".
Diplomat xatırladıb ki, Azərbaycan bugünkü gündə danışıqlar prosesində iştirak edir: "Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, lakin biz danışıqları danışıq xətrinə aparmaq mövqeyində deyilik. O ki qaldı müzakirə mövzusuna, bu gün məlum olduğu kimi tərəflərin qarşısında yeniləşdirilmiş Madrid təklifləri adlanan sənəd mövcuddur. Bu sənəd 3 həmsədr ölkənin iştirakı ilə hazırlanıb, bu sənədlə yanaşı həmsədr ölkələrin başçılarının Akvill və Muskokda verdikləri bəyanatlar danışıqların əsasını təşkil edir. Azərbaycan bütün məsələlərə münasibət bildirib, lakin, əfsuslar olsun ki, bu günə kimi Ermənistan bütün məsələlərə öz mövqeyini bildirməyib".
Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç isə KİV üçün həftəlik brifinqdə söyləyib ki, Dağlıq Qarabağa dair danışıqların üçtərəfli formatı iki tərəfin mövqelərini yaxınlaşdırmağa və etimad tədbirlərini möhkəmləndirməyə imkan verib. O, deyib: "Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin dəstəyi ilə bu məsələdə irəliləyişə nail olmaq üçün hər cür səy göstərəcəkdir. 2010-cu ildə üçtərəfli formatda üç görüş keçirilmiş və bu əlaqələr iki tərəfin mövqelərini yaxınlaşdırmağa və etimad tədbirlərini möhkəmləndirməyə imkan vermişdir".
A.Lukaşeviçin sözlərinə görə, Həştərxanda Prezidentlər İlham Əliyev və Serj Sarkisyan tənzimləmənin əsas prinsipləri üzərində işi davam etdirməyə prinsipcə hazır olduqlarını bildiriblər. RF XİN-in rəsmi nümayəndəsi A.Lukaşeviç deyib: "Güman edirik ki, Soçidə, Rusiya Prezidenti Dmitri Medvedevin yanında keçiriləcək görüşdə sammitlər arasındakı dövrdə aparılan işlər təhlil etmək və Dağlıq Qarabağ probleminin qarşılıqlı məqbul həllinin tapılmasına yönəlmiş növbəti konkret addımları müəyyən etmək mümkün olacaqdır".
Ümumiyyətlə, istər Azərbaycan tərəfi, istərsə də beynəlxalq ekspertlər bu görüşdə Ermənistan tərəfinin konstruktiv mövqeyə yaxınlaşa biləcəyini ehtimal edir. Səbəb kimi isə, rəsmi Yerevanın çıxış yolu tapa bilməməsidir. Hüquqi müstəvidə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsi tam sübuta yetirilib və demək olar ki, dünyanın bütün aparıcı beynəlxalq təşkilatları bu dövlətin işğalçı olduğunu təsdiqləyib. Yəni, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün digər vasitələrdən istifadə etməsi üçün hüquqi zəmin mövcuddur. Bununla yanaşı, dövlətlərin danışıqlar öncəsi qüvvələr balansı da Ermənistanı konstruktiv mövqe nümayiş etdirməyə məcbur qoyur. Çünki bütün parametrlər üzrə Azərbaycandan geridə olan Ermənistanın yenidən qeyri-konstruktivlik nümayiş etdirmək, spekulyasiyalar etmək üçün heç bir şansı yoxdur. Beynəlxalq müstəvidə isə ölkəmizin üstünlüyü açıq-aşkardır. Sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən, siyasi sabitlik Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə öz töhfəsini verib. 2010-cu ildə NATO-nun Lissabon sammitinin yekun bəyanatının 35-ci maddəsində Alyans Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini bir daha tanıdığını vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edib. Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan tərəfi məhz Azərbaycanın ərazi bütövlüyü tanındığı üçün sənədin belə bir şəkildə tərtib edilməsini istəməyib. Xatırladaq ki, NATO-nun 1994, 2006, 2008 və 2009-cu illərdəki zirvə toplantılarında da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmuşdu. Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar tək NATO-nun Lissabon sammiti ilə məhdudlaşmır. Ötən il Qazaxıstanın Astana şəhərində keçirilən ATƏT-in VII zirvə sammiti də Dağlıq Qarabağ probleminin ölkəmizin ədalətli mövqeyinə uyğun həllinə yardım edə biləcək toplantılardan sayıla bilr. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq və regional sülhə əsas təhdid olaraq qaldığını vurğulayıb və bildirib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dövlət başçısı vurğulayıb ki, Ermənistan işğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıdışına mane olmaq məqsədilə gücdən istifadə edir: "Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır".
Azərbaycanın danışıqlar prosesində diplomatik üstünlüyünü daha da gücləndlirən məqamlardan biri ötən il Avropa Parlamentində qəbul olunan "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnamədir. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından dərhal çıxarılması barədə tələb təsbit olunub. Münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanlarının təmin edilməsinin zəruriliyi vurğulanıb.
Digər tərəfdən, bu gün ölkəmizdə daxili siyasi sabitlik, ordu qurculuğunun uğurlu inkişafı, iqtisadi yüksəliş Azərbaycanın problemin həllindəki üstünlükləridir. Azərbaycan ordusu yerləşdiyimiz regionun ən güclü ordusu, ölkəmiz isə Cənubi Qafqazın lider dövlətidir. Ermənistanın bunun qarşılığında Azərbaycana qarşı apardığı təcavüzkar siyasətini davam etdirməsi mümkünsüzdür. İşğalçı ölkə daxilində vətəndaşların hüquqlarının açıq şəkildə tapdanması, hakimiyyətin qəsb olunması, kriminal ünsürlərin hökumətdə açıq şəkildə təmsilçiliyi kimi faktlar bunu deməyə əsas verir. Bununla yanaşı, ölkədə baş alıb gedən kriminogen durumun daha da dözülməz həddə çatması, ən əsası iqtisadiyyatı yerlə-yeksan olan Ermənistandan əhalinin kütləvi şəkildə miqrasiyası bu dövlətin uçurumun bir addımında dayandığını deməyə əsas verir. Qeyd edək ki, bir müddət öncə ABŞ-da həbs olunan erməni terror qruplaşmasının onların dövlət büdcəsini formalaşdıran əsas qurumlardan biri olduğunu nəzərə alsaq, ianələr və terrorçuların pulları hesabına yaşayan Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılacaq danışıqlarda yeni bir şansı qalmır. Beləliklə, martın 5-də keçiriləcək dövlət başçıları arasındakı görüş Ermənistan üçün son şans kimi də dəyərləndirilə bilər.
Amma daha doğrusunu yalnız görüşdən sonra biləcəyik...

Digər xəbərlər