PDF Oxu

Siyasət

  • 769

Ortaq maraqlar və strateji tərəfdaşlıq - ŞƏRH

image

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin dərinləşməsi xüsusi əhəmiyyətə malik olmaqla yeni tarixi reallıqlara uyğun olan zərurətdən irəli gəlir və Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə tamhüquqlu üzv qismində iştirakı Azərbaycanın xarici siyasətində və regionlararası əməkdaşlıq sistemində mühüm mərhələ kimi qiymətləndirilir.

Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər və əməkdaşlığın gələcək istiqamətlərinə dair yanaşmaları Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq ənənəvi ikitərəfli əlaqələr çərçivəsini aşaraq daha geniş siyasi, iqtisadi və geostrateji məzmun qazandığını nümayiş etdirir. Bu hadisə, eyni zamanda, Xəzər hövzəsinin iki sahilində yerləşən dövlətlərin ortaq maraqlarının uzlaşdırılması və Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin güclənməsi, ənənəvi ticarət yollarının üzləşdiyi risklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və qlobal təchizat zəncirlərinin yenidən qurulması dövlətləri yeni tərəfdaşlıq modelləri axtarmağa sövq edir. Belə bir şəraitdə Azərbaycanla Mərkəzi Asiya ölkələrinin yaxınlaşması yalnız tarixi və mədəni bağlılığın təbii nəticəsi deyil, həm də dəyişən dünya nizamının yaratdığı strateji zərurətdir. Bu ölkələri ortaq türk-müsəlman mədəni irsi, tarixi əlaqələr, qarşılıqlı iqtisadi maraqlar və regional sabitliyin qorunmasına yönəlmiş ümumi yanaşmalar birləşdirir.
Azərbaycanın Məşvərət görüşündə tamhüquqlu iştirakı bu baxımdan xüsusi siyasi məna daşıyır. Ölkəmiz coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə sıx iqtisadi və nəqliyyat əlaqələrinə malikdir. Tarixi İpək Yolu ənənələrinin müasir nəqliyyat infrastrukturu ilə birləşdirilməsi Azərbaycanı Şərqlə Qərb arasında mühüm əlaqələndirici mərkəzə çevirir. Bu reallıq Azərbaycanın regionun inkişafına töhfə verən tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiya dövlətlərinin beynəlxalq iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün də əlavə imkanlar yaradır.
Siyasi təhlil baxımından Azərbaycanın yeni institusional statusu iki mühüm məqamı ön plana çıxarır. Birincisi, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq artıq yalnız ayrı-ayrı dövlətlər arasında münasibətlərin inkişafı ilə məhdudlaşmır, daha geniş regional gündəliyin formalaşmasına imkan verir. İkincisi, Azərbaycanın iştirakı Xəzər dənizinin qərb və şərq sahilləri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və nəqliyyat əlaqələrinin daha sistemli şəkildə qurulmasına şərait yaradır.
Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin inkişafında nəqliyyat və logistika sahəsi xüsusi yer tutur. Qlobal ticarət marşrutlarının dəyişdiyi, yükdaşımaların təhlükəsizliyi və çatdırılma müddətlərinin iqtisadi rəqabət qabiliyyətinə birbaşa təsir göstərdiyi indiki dövrdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut Şərq-Qərb ticarət əlaqələrinin şaxələndirilməsinə xidmət edir. Onun potensialı yalnız coğrafi mövqedən deyil, həm də iştirakçı ölkələrin infrastrukturunun, gömrük prosedurlarının, rəqəmsal xidmətlərinin və tranzit idarəçiliyinin nə dərəcədə uzlaşdırılmasından asılıdır.
Azərbaycanın bu istiqamətdə yaratdığı infrastrukturun əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, genişlənən dəmir yolu şəbəkəsi və Xəzər dənizində yükdaşımaların təşkili imkanları ölkəmizin tranzit potensialını artırır.
Azərbaycanın Mərkəzi Asiya ilə strateji yaxınlaşmasının digər mühüm istiqaməti enerji təhlükəsizliyidir. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təchizatının şaxələndirilməsində iştirak edir. Mərkəzi Asiya dövlətləri isə zəngin neft, qaz və digər təbii ehtiyatlara malikdir. Bu potensialın qarşılıqlı maraqlar əsasında uzlaşdırılması Xəzər hövzəsinin beynəlxalq enerji sistemində rolunu daha da gücləndirə bilər. Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına nəqlinin inkişafı enerji marşrutlarının şaxələndirilməsi baxımından mühüm nümunədir. Gələcəkdə digər nəqliyyat və enerji layihələrinin genişləndirilməsi də tərəfdaş ölkələr üçün yeni iqtisadi imkanlar yarada bilər.
Mərkəzi Asiya ilə münasibətlərin strateji dərinliyi ticarət və enerji ilə yanaşı, sənaye kooperasiyası, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, rəqəmsal iqtisadiyyat, təhsil və innovasiya sahələrində də özünü göstərir. Region ölkələrinin iqtisadiyyatlarının şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının artırılması qarşılıqlı əməkdaşlıq üçün geniş zəmin formalaşdırır. Azərbaycan bu prosesdə tranzit ölkə olmaqla yanaşı, sənaye məhsullarının emalı, logistika xidmətləri, informasiya texnologiyaları və müasir biznes infrastrukturu sahələrində tərəfdaşlıq imkanlarını genişləndirməkdədir.
Xüsusilə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi məsələləri qarşıdakı illərdə regional əməkdaşlığın mühüm istiqamətlərindən birinə hesab edilir. İqlim dəyişmələri, su ehtiyatlarına artan tələbat və ərzaq bazarlarında qiymət dəyişkənliyi Mərkəzi Asiya ölkələri üçün ortaq çağırışlar yaradır. Su ehtiyatlarından səmərəli istifadə, müasir suvarma texnologiyalarının tətbiqi, aqrar məhsulların saxlanması və daşınması, toxumçuluq və aqrar elmi tədqiqatlar sahəsində təcrübə mübadiləsi qarşılıqlı fayda verə bilər. Azərbaycanın kənd təsərrüfatı və emal sənayesi sahəsində imkanları ilə Mərkəzi Asiyanın istehsal və bazar potensialının uzlaşdırılması ərzaq təchizatının dayanıqlığını gücləndirə bilər.
Türkmənbaşı şəhərində keçirilən Məşvərət görüşündə Azərbaycanın tamhüquqlu üzv qismində iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərində yeni imkanlar mərhələsinin açıldığını göstərir. Azərbaycanın coğrafi mövqeyi, formalaşdırdığı nəqliyyat infrastrukturu, enerji potensialı və fəal diplomatik əlaqələri bu prosesdə mühüm üstünlüklər yaradır.
Bir sözlə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı Avrasiya məkanında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizinin hər iki sahilində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və regional iqtisadi münasibətlərin şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Digər xəbərlər