PDF Oxu

Siyasət

  • 1 032

Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlıq və regional əməkdaşlıq yeni mərhələdə - ŞƏRH

image

Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin regional əməkdaşlığının genişləndirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və beynəlxalq nəqliyyat-kommunikasiya imkanlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin əsas istiqamətlərini, əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini diqqətə çatdırıb. Görüşdə Azərbaycanın iştirakı regional əməkdaşlığın coğrafiyasının genişlənməsini və ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə qədəm qoymasını nümayiş etdirib.
Prezident İlham Əliyev çıxışında ilk növbədə Türkmənistan rəhbərliyinə dəvətə və ənənəvi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Dövlət başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olmasının əhəmiyyətini vurğulayıb, bu qərarı dəstəkləyən dövlətlərə minnətdarlığını ifadə edib. Azərbaycanın bu formatda iştirakı ölkəmizin Mərkəzi Asiya ilə tarixi, mədəni, iqtisadi və siyasi əlaqələrinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradıb.
Qardaşlıq münasibətləri və qarşılıqlı etimad
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə, qarşılıqlı hörmətə və dostluq ənənələrinə əsaslanır. Bu əlaqələr təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, təhsil və humanitar sahələrdə də özünü göstərir. Dövlət başçılarının müntəzəm görüşləri və qarşılıqlı səfərləri ölkələr arasında əməkdaşlığın daha sistemli şəkildə inkişafına şərait yaradır.
Prezident İlham Əliyev Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişaf etdiyini qeyd edib. Ötən ildən başlayaraq ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi iki ölkə arasında siyasi dialoqun intensivliyini və qarşılıqlı əlaqələrin genişləndirilməsinə verilən önəmi göstərir. Dövlət başçısı Türkmənistanın Füzuli şəhərində məscid tikintisi təşəbbüsünü də xüsusi vurğulayıb. Bu təşəbbüs xalqlarımız arasında mənəvi yaxınlığın və qardaşlıq münasibətlərinin ifadəsi kimi dəyərləndirilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakı da çıxışda xüsusi yer tutub. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi xalqlar arasında həmrəyliyin konkret nümunələridir. Bu layihələr azad edilmiş ərazilərdə təhsil və mədəniyyət infrastrukturunun qurulmasına töhfə verməklə yanaşı, Azərbaycanla qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
İqtisadi əməkdaşlıq və birgə investisiyalar
Prezident İlham Əliyevin çıxışında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması mühüm yer tutub. Dövlət başçısının diqqətə çatdırdığı rəqəmlərə əsasən, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Bu göstəricilər region ölkələri arasında iqtisadi münasibətlərin inkişaf etdiyini və sahibkarlıq əlaqələrinin genişləndiyini göstərir.
Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların potensialından istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılması, sənaye əməkdaşlığının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün imkanlar mövcuddur. Prezident İlham Əliyev vurğulayıb ki, ölkələr yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, eyni zamanda birlikdə investisiya qoymalı, məhsul istehsal etməli və xarici bazarlara çıxmalıdırlar.
Bu yanaşma regional iqtisadi əlaqələrin daha dayanıqlı modelinin formalaşdırılmasına xidmət edir. Birgə istehsal müəssisələri, sənaye kooperasiyası və ortaq investisiya layihələri yeni iş yerlərinin yaradılmasına, iqtisadi imkanların genişlənməsinə və region dövlətlərinin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yarada bilər.
Orta Dəhliz və Azərbaycanın tranzit imkanları
Dövlət başçısının çıxışında nəqliyyat və logistika əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edib. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin inkişafında, yükdaşımaların təşkilində və regionun beynəlxalq bazarlara çıxışında mühüm rol oynayır. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturuna, dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına yatırdığı sərmayələr ölkənin tranzit imkanlarının genişlənməsinə şərait yaradıb.
Prezident İlham Əliyev Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığını qeyd edib. Onun çıxışında təqdim olunan məlumatlara görə, ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu göstəricilər Asiya ilə Avropa arasında yükdaşımaların təşkilində Azərbaycan və Xəzər hövzəsi ölkələrinin rolunun artdığını göstərir.
Orta Dəhlizin inkişafı təkcə nəqliyyat sahəsində deyil, həm də ticarət, logistika, xidmət və sənaye sahələrində yeni əməkdaşlıq imkanları yaradır. Marşrutun səmərəliliyinin artırılması, sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, limanların ötürücülük qabiliyyətinin yüksəldilməsi və rəqəmsal həllərin tətbiqi regionun beynəlxalq nəqliyyat sistemində mövqeyinin möhkəmlənməsinə kömək edə bilər.
Bununla yanaşı, çıxışda “Rəqəmsal İpək Yolu” layihəsinin əhəmiyyəti də vurğulanıb. Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi istiqamətində görülən işlər rəqəmsal bağlantıların gücləndirilməsinə və region ölkələri arasında informasiya mübadiləsinin genişləndirilməsinə xidmət edir. Belə layihələr müasir iqtisadiyyatın tələblərinə uyğun olaraq nəqliyyat və kommunikasiya infrastrukturunun paralel inkişafını zəruri edir.

Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər