Oktyabrın 12-də “S.Vəzirov küç.91” ünvanı üzrə (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, ərazi partiya təşkilatının sədri Zaur Əliyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili İlham Məmmədov və ərazi partiya təşkilatının üzvləri iştirak edib.
Müşavirədən öncə Nazirliyin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiamla yad olunub.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, ərazi partiya təşkilatının sədri Zaur Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqinin əsas istiqamətlərindən biri dövlət suverenliyinin qorunması, milli maraqların təmin edilməsi və Azərbaycanın yeni geosiyasi reallıqlardakı mövqeyinin möhkəmləndirilməsi ilə bağlıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin müasir tarixində mühüm mərhələ olmaqla, dövlət quruculuğu qarşısında yeni imkanlar və məsuliyyətlər yaratmışdır. Memarı Ulu Öndər Heydər Əliyev olan müasir, müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər milli həmrəyliyin qorunmasının və strateji məqsədlər ətrafında birləşməyin nə qədər vacib olduğunu göstərir. Dövlət suverenliyi yalnız ərazi bütövlüyü ilə məhdudlaşmır, eyni zamanda, müstəqil qərar qəbul etmək, milli resurslardan səmərəli istifadə etmək və beynəlxalq münasibətlərdə öz mövqeyini qətiyyətlə müdafiə etmək imkanlarını da əhatə edir. Müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər Azərbaycanın xarici siyasətində çevik, praqmatik və milli maraqlara əsaslanan yanaşmanın əhəmiyyətini artırır. Azərbaycanın müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurması, regional layihələrdə iştirak etməsi və beynəlxalq platformalarda fəallığını davam etdirməsi ölkənin strateji mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu şəraitdə milli maraqların müdafiəsi ilə beynəlxalq əməkdaşlığın inkişafı arasında düzgün tarazlığın qorunması mühüm vəzifədir. Yeni Azərbaycan Partiyası bu istiqamətdə maarifləndirmə fəaliyyətinin genişləndirilməsinə, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə və ictimai həmrəyliyin qorunmasına mühüm töhfə verir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm mərhələ olmaqla, partiyanın qarşısında duran strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı nitqi partiyanın keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, gələcək fəaliyyət istiqamətlərini də aydın şəkildə ortaya qoymuşdur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davam etdirilməsi, dövlətçilik ənənələrinin qorunması və milli maraqların müdafiəsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindəndir. Partiya yarandığı gündən etibarən Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin qorunması və ölkənin davamlı inkişafı naminə fəaliyyət göstərmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkənin qarşısında yeni inkişaf imkanları açmış, Azərbaycanın regional və beynəlxalq mövqelərinin güclənməsinə şərait yaratmışdır. VIII Qurultayda səsləndirilən fikirlər partiyanın müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinin, dəyişən ictimai-siyasi reallıqları düzgün qiymətləndirməsinin və yeni çağırışlara çevik yanaşmasının vacibliyini göstərir. Yeni Azərbaycan Partiyasının gələcək uğurları dövlətçilik maraqlarına sədaqətin, təşkilati intizamın və ictimai etimadın qorunmasının vəhdəti ilə bağlıdır. Buna görə də VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsi partiyanın inkişafına, ölkənin siyasi həyatında fəal iştirakına və Azərbaycanın gələcək nailiyyətlərinə töhfə verməyə xidmət etməlidir.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili İlham Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlər partiyanın qarşısında dayanan vəzifələrin müasir tələblərə uyğun yerinə yetirilməsini, təşkilati fəaliyyətin təkmilləşdirilməsini və ictimaiyyətlə əlaqələrin gücləndirilməsini zəruri edir. Partiyanın hər bir üzvü dövlətçilik maraqlarının müdafiəsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə və ictimai məsuliyyətin artırılmasına öz fəaliyyəti ilə töhfə verməlidir. Təşkilati işin səmərəliliyi görülən tədbirlərin sayı ilə deyil, onların cəmiyyət üçün yaratdığı fayda və əldə olunan real nəticələrlə qiymətləndirilməlidirRəqəmsal kommunikasiya vasitələrindən düzgün istifadə olunması partiyanın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasına və ictimai təşəbbüslərin daha səmərəli təşkilinə imkan yaradır. Qurultaydan irəli gələn vəzifələrin ardıcıl həyata keçirilməsi üçün hər bir təşkilati struktur fəaliyyətini konkret məqsədlər, məsuliyyət və nəticəyönümlülük prinsipləri əsasında qurmalıdır. Bununla yanaşı, partiyanın yerli təşkilatları əhali ilə müntəzəm görüşlər keçirməli, vətəndaşların təklif və təşəbbüslərini öyrənməli, onların ictimai fəallığının artırılmasına şərait yaratmalıdır. Partiya üzvlərinin peşəkarlığının yüksəldilməsi, müasir idarəetmə üsullarının tətbiqi və iş prosesində şəffaflığın təmin olunması təşkilati inkişafın mühüm istiqamətlərindəndir. Eyni zamanda, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi, dövlətçilik ənənələrinin gənc nəslə aşılanması və milli-mənəvi dəyərlərin təbliği xüsusi diqqət mərkəzində saxlanılmalıdır. İctimaiyyətlə əlaqələrin qurulmasında operativlik, obyektivlik və məsuliyyət prinsiplərinə əməl edilməsi partiyanın cəmiyyətdəki nüfuzunun qorunmasına və möhkəmlənməsinə xidmət edir. Görülən işlərin mütəmadi təhlili, əldə olunan nəticələrin qiymətləndirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılması gələcək fəaliyyətin daha səmərəli təşkilinə imkan verir.
Nazirliyin aqrar sahədə ictimai-sosial fəaliyyətlərin əlaqələndirilməsi üzrə koordinatoru, YAP Gənclər Birliyinin üzvü Nihad Allahyarlı çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən prioritetlər müasir dövrdə gənclərin ictimai-siyasi proseslərdə iştirakı, milli dəyərlərin qorunması və gələcək nəsillərin dövlətçilik düşüncəsi əsasında formalaşdırılması məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Azərbaycanın gələcək inkişafında gənclərin bilik və bacarıqlarından səmərəli istifadə olunması, onların təşəbbüslərinin dəstəklənməsi və ictimai fəaliyyətə cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Gənclər yalnız ölkənin gələcəyi deyil, həm də bu gün həyata keçirilən sosial, iqtisadi, mədəni və ictimai təşəbbüslərin fəal iştirakçılarıdır. Buna görə də onların müasir biliklərə yiyələnməsi, tənqidi düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və cəmiyyət qarşısında məsuliyyət hissinin gücləndirilməsi əsas vəzifələr sırasında yer almalıdır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və bu irsin müasir Azərbaycanın inkişafı ilə əlaqələndirilməsi gənc nəslin milli kimliyinin möhkəmləndirilməsinə xidmət edir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn çağırışlar da siyasi və ictimai fəaliyyətin müasir tələblərə uyğun qurulmasının, real nəticələrə və konkret hədəflərə əsaslanmasının əhəmiyyətini ön plana çıxarır. Beləliklə, gənclərlə işin keyfiyyətinin artırılması, milli-mənəvi dəyərlərin qorunması və müasir biliklərin təşviqi həm Yeni Azərbaycan Partiyasının təşkilati inkişafına, həm də Azərbaycanın uzunmüddətli tərəqqisinə töhfə verəcəkdir.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.