Müasir dövrdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, iqtisadi potensialın birgə səylərlə reallaşdırılması və nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi regional inkişafın mühüm şərtlərindən biridir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətlə Mərkəzi Asiya ölkələri ilə əlaqələrini yeni mərhələyə yüksəldir. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də bu əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əlamətdar hadisə olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edərək ölkəmizin region dövlətləri ilə münasibətlərinin mövcud vəziyyəti, iqtisadi əlaqələrin inkişafı və gələcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu iştirakçı kimi təmsil olunması isə region ölkələri arasında tərəfdaşlığın əhatə dairəsinin genişlənməsini ifadə edir.
Prezident İlham Əliyevin çıxışında iqtisadi münasibətlərin dərinləşdirilməsi xüsusi yer tutub. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və sahibkarlıq subyektləri arasında əlaqələrin güclənməsi əməkdaşlığın real nəticələrini əks etdirir. Dövlətimizin başçısı bildirib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Eyni zamanda, həmin ölkələrin kapitalı ilə yaradılmış 400-dən artıq şirkətin Azərbaycanda fəaliyyət göstərməsi iqtisadi tərəfdaşlığın geniş imkanlara malik olduğunu göstərir.
Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri birgə investisiya mexanizmlərinin yaradılmasıdır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları təsis edib. Hər bir fondun kapitalının yüz milyonlarla dollar təşkil etməsi iqtisadi layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır. Bu fondların fəaliyyəti sənaye, istehsal, infrastruktur və digər sahələrdə qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsinə dəstək verə bilər. Eyni zamanda, birgə müəssisələrin yaradılması və məhsulların beynəlxalq bazarlara çıxarılması regional iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır.
Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafında mühüm amildir. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar, limanların və dəmir yollarının imkanları, eləcə də Orta Dəhlizin genişləndirilməsi Avropa ilə Asiya arasında yükdaşımaların səmərəliliyini artırır. Prezident İlham Əliyev çıxışında bu marşrutun əhəmiyyətinin yüksəldiyini qeyd edərək tranzit daşımalarının artım dinamikasına diqqət çəkib. Rəqəmsal İpək Yolu layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik kabellərin çəkilməsi istiqamətində görülən işlər də regionun rəqəmsal bağlantılarının möhkəmləndirilməsinə xidmət edir.
Enerji sahəsində tərəfdaşlıq da Azərbaycanın regional əməkdaşlıq siyasətində mühüm istiqamətlərdəndir. Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına çatdırılması, ənənəvi enerji sahəsində mövcud əlaqələrin inkişafı və bərpaolunan enerji layihələrinin təşviqi qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan bu prosesdə tranzit imkanlarından və enerji infrastrukturundan istifadə etməklə region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir.
Türkmənbaşı şəhərində keçirilən görüşün nəticələri imzalanan sənədlərdə də öz əksini tapıb. Dövlət başçıları “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı, həmçinin “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzalayıblar. Bu sənədlər çoxtərəfli əməkdaşlığın davamlılığının təmin olunması və dövlətlər arasında dialoqun institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
8-ci Məşvərət görüşü Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün mühüm platforma rolunu oynayıb. İqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiya fondlarının imkanlarından səmərəli istifadə, nəqliyyat dəhlizlərinin inkişafı və enerji sahəsində ortaq təşəbbüslərin reallaşdırılması regionun qarşılıqlı bağlılığını gücləndirən əsas amillərdir. Azərbaycanın bu proseslərdə fəal iştirakı ölkəmizin regional əməkdaşlığa verdiyi əhəmiyyəti və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti nümayiş etdirir.
Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəal